23 
Apr
2019
22:25
756
38
9451
Virtual karabakh

Qələbə strategiyası

23 Apr, 2019
22:25
9451

Qələbə strategiyası

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Uzun fasilədən sonra Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesi yenidən aktivləşdi. İlk növbədə onu qeyd etmək lazımdır ki, fasiləni götürən Azərbaycan yox, Ermənistan tərəfi idi. “Dördgünlük” Aprel döyüşlərindən artıq üç il vaxt ötür, bu müddət ərzində bir çox hadisələr baş verib. Ancaq məncə, onlardan ən vacibi Yerevanda hakimiyyətin dəyişilməsi olub. Bununla əlaqədar danışıqlar masasına artıq yeni simaların əyləşəcəyi dəqiq idi.

Amma bugünkü danışıqlar prosesindən söz açmazdan əvvəl, hansı proseslərin real şəkildə inkişaf etdiyini anlamaq üçün bir qədər keçmişə, daha dəqiq desək, prezident İlham Əliyevin hakimiyyətə gəldiyi 2003-cü ilə nəzər salmaq lazımdır. Həmin vaxt Azərbaycanın qarşısında özünü beynəlxalq hüququ əsas tutan və açıq dialoqa hazır olan ölkə kimi tanıtmaq tapşırığı dururdu.

Bu müddət ərzində İlham Əliyevin düzgün strategiyası sayəsində Azərbaycan möhkəm beynəlxalq əlaqələr qurub, beynəlxalq arenadakı mövqeyini gücləndirib, dünya ictimaiyyətinə özünü sabit, bel bağlanılası ölkə kimi tanıdıb. 

Bu müddət ərzində Ermənistan güclü lobbi qüvvələrinin olmasına rəğmən, Qarabağ məsələsində dünya ictimaiyyətinin açıq dəstəyini qazana bilmədi.

Həm Ermənistan, həm də Azərbaycanın qarşısında müxtəlif strateji məqsədlər dururdu. Ermənilər hər vəchlə işğalı legitimləşdirməyə çalışırdılar, Azərbaycanın məqsədi isə hər vəchlə bu legitimləşməyə əngəl olmaq və Azərbaycanın heç vaxt torpaqlarının işğal altında qalması ilə barışmayacağını dünya ictimaiyyətinə sübut etmək idi.

Zaman göstərdi ki, Ermənistan öz məkrli məqsədlərinə çata bilmədi və hər hansı ölkənin Dağlıq Qarabağın “müstəqilliyini” tanıyacağına dair ən xırda perspektiv və ya şərait yoxdur. Zaman və  Azərbaycan prezidentinin strateji əhəmiyyətli addımları rəsmi Bakının mövqeyini əhəmiyyətli dərəcə möhkəmləndirdi.

Bunun nəticəsidir ki, hazırda nə Avropa İttifaqı, nə ABŞ, nə də Rusiya işğalı dəstəkləmir və qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımır, əksinə, bütün dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Müasir beynəlxalq praktika göstərir ki, diplomatik qələbə heç də reallıqda torpaqların qaytarılacağı anlamına gəlmir. Ermənistan hələ yarandığı gündən beynəlxalq hüququ tanımır, istədiyi kimi davranır. Əlbəttə ki, ona elə bu beynəlxalq hüququ şərti qəbul edən bəzi ölkələr dəstək göstərir. İlham Əliyev isə hələ üç il əvvəl əyani şəkildə sübut etdi ki, danışıqlar prosesi nəticə verməsə, ərazi bütövlüyünü Azərbaycan ordusu bərpa edəcək.

Məhz 2016-cı ilin Aprel hadisələrindən sonra baş verən proseslər Ermənistanda inqilaba və hakimiyyətə Paşinyanın gəlməsinə vəsilə oldu. Ola bilsin, onlar indi hakimiyyəti “Qarabağ klanı” üzvlərindən azad etdikləri və hakimiyyətə “təmiz” siyasətçi gətirdiklərinin eyforiyasını yaşayır.

Ermənistanın və onun rəhbərliyinin problemi hakimiyyətdə kimin və ya kimlərin olması ilə əlaqəli deyil; hakimiyyətdə istənilən şəxs ola bilər: hərbçi, vəkil, jurnalist, şoumen və ya iqtisadi düha.

Bir şey dəqiqdir ki, o, Qarabağ düyünündən heç yerə qaça bilməyəcək. Yalnız Dağlıq Qarabağ münaqişəsinin nizamlanacağı təqdirdə, Ermənistanda köklü dəyişikliklərin aparılacağını və Ermənistan əhalisinin ağ günə çıxacağını gözləmək olar.

İstənilən yeni hakimiyyətin qarşısına eyni məsələ durur: beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, Qarabağ münaqişəsi necə nizamlansın? Digər yandan, daxili auditoriyaya iqtisadi uğurları göstərmək lazımdır.

Ərazilərlə bağlı problemləri həll etməmiş iqtisadi göstəriciləri yaxşılaşdırmaq mümkün deyil. Yeri gəlmişkən, Ermənistan ictimaiyyəti də buna etiraz etmir. Nəticə etibarilə, İlham Əliyev onları çıxılmaz vəziyyətdə qoyub, Ermənistanı öz ərazi iştahalarında boğub. Ona görə Ermənistan tərəfindən danışıqlar masası arxasına hər kim əyləşirsə-əyləşsin - indiki vəziyyətdə bu Nikol Paşinyandır - o, istər-istəməz zəif mövqe ilə əyləşir.

Hazırda ATƏT-in Minsk qrupu danışıqlar prosesini yenidən aktivləşdirib və görünən odur ki, həm Moskva, həm də Vaşinqton danışıqların ölü nöqtədən çıxmasını istəyir. Bu, onlarda alınacaq-alınmayacaq, hamısını zaman göstərəcək, ancaq prosesin işə düşdüyü faktı dəqiqdir.

Digər yandan, iki ölkənin XİN rəhbərləri arasında sonrakı danışıqlar və ya prezidentlər arasında potensial görüş hər hansı nəticə verməsə, Ali Baş Komandan hər an orduya Azərbaycan torpaqlarının işğal altından azad edilməsi əmrini verə bilər. O gün uzaq deyil.

R.Q.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri