27 
May
2019
12:06
58
530
4895
Virtual karabakh

Nazir: Azərbaycan icması Qarabağda ermənilərlə birlikdə yaşamağa hazırdır

27 May, 2019
12:06
4895

Nazir: Azərbaycan icması Qarabağda ermənilərlə birlikdə yaşamağa hazırdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dağlıq Qarabağ münaqişəsinin uzanması həm də Ermənistanda əhalinin iztirablarına səbəb olub.

Bu barədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov “Kommersant” qəzetinə verdiyi müsahibədə  danışıb.

Nazirin sözlərinə görə, Ermənistan tərəfi münaqişənin nizamlanmasında maraqlı olmalıdır.

“Azərbaycan ərazilərinin zəbt edilməsi və onların bu illər ərzində davam edən işğalı Ermənistana hər hansı nəzərəçarpan dividendlər gətirməyib. Əksinə, bu, ölkədə yoxsulluq, işsizlik səviyyəsinin artımına, insanların ölkədən kütləvi şəkildə axın etməsinə və digər böhran təzahürlərinə yol açıb. Necə deyərlər, siyasətçi seçkilər barədə, dövlət lideri isə gələcək nəsillər barədə düşünür”, - deyə nazir vurğulayıb.

E.Məmmədyarov qeyd edib ki, erməni tərəfi münaqişənin nizamlanması məqsədlərini güdürsə, birmənalı şəkildə və ləngimədən siyasi iradə ortaya qoymalı və bu istiqamətdə praktiki addımlar atmalıdır.

“Biz  belə yanaşmanı hərtərəfli şəkildə alqışlayacağıq. Belə yanaşmaları təkcə bəyan etməklə kifayətlənməməlidirlər, onu həm də həyata keçirmək lazımdır”, - deyə nazir bildirib.

E.Məmmədyarov 2016-cu il Aprel hadisələrinə də toxunub. O bildirib ki, həmin döyüşlər amansız etnik təmizləmələrlə müşayiət olunan Azərbaycan torpaqlarının işğalına əsaslanan mövcud status-kvonun özündə böyük risklər daşıdığını və hər an mövcud münaqişənin tammiqyaslı silahlı toqquşmalara qədər böyüyə biləcəyini açıq şəkildə sübut etdi.  

“Bütün problemlərin, o cümlədən, müharibənin bərpa olunması riski daşıyan, atəşkəs pozuntularının səbəbi, Ermənistan Respublikasının işğalçı qüvvələrinin zəbt olunmuş və zor gücü ilə saxlanılan Azərbaycan torpaqlarında qanunsuz şəkildə qalmalarının davam etməsindədir”, - deyə nazir bildirib.

O vurğulayıb ki, azərbaycanlı qaçqınlar Dağlıq Qarabağa qayıtmayınca, tərəflərin qarşılıqlı etibarı bərpa etməsi mümkün olmayacaq:

“Danışıqlar prosesində real addımlar atılmadan və münaqişənin nizamlanması, onun ağır fəsadlarının aradan qaldırılması üçün siyasi iradənin açıq nümayişi olmadan, etibarın bərpa olunması ilə bağlı istənilən cəhdlər uğursuzluğa düçar olacaq. Ona görə də biz mərhələli nizamlanma istiqamətində hərəkət etməliyik.

Belə nizamlanmada başlanğıc işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxarılması və sonradan oraya məcburi köçkünlərin qayıtması olmalıdır. Məhz bu qarşılıqlı etibarın qurulması  ehtiyac duyulan şərtlər yaradacaq.

Etibar etmək üçün mütəmadi təmasda olmaq lazımdır. Məsələn, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycan icması tərk etməyə məcbur olduqları torpaqlara qayıtmağa və regionun erməni icması ilə birlikdə yaşamağa, əlaqələri qaydasına salmağa, etibarı bərpa etməyə və sülhü qaytarmağa hazırdır”.  

E.Məmmədyarov Azərbaycan tərəfinin münaqişənin ən qısa zamanda nizamlanmasında maraqlı olduğunu və hələ də münaqişənin danışıqlar yolu ilə həllini tapacağına ümid etməyə davam etdiyini vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri