14 
Avq
2019
16:45
329
132
4741
Virtual karabakh

Ekspert: Azərbaycan antiterror əməliyyatları keçirərək ərazi bütövlüyünü bərpa etmək gücündədir

14 Avq, 2019
16:45
4741

Ekspert: Azərbaycan antiterror əməliyyatları keçirərək ərazi bütövlüyünü bərpa etmək gücündədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan antiterror əməliyyatları keçirərək ərazi bütövlüyünü bərpa etmək gücündədir.

Bunu Oxu.Az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Müdafiə naziri Zakir Həsənovun cəbhəboyu bölgələrə səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, sülh yolu ilə münaqişənin həll variantı tükənərsə, Azərbaycan üçün başqa yol qalmır:

“Azərbaycan hərb yolu ilə, antiterror əməliyyatları keçirərək öz ərazi bütövlüyünü bərpa etmək gücündədir. Ermənistan Azərbaycana başqa yol qoymur”.

Ş.Ramaldanov bildirib ki, Müdafiə naziri Zakir Həsənovun cəbhə bölgəsinə səfərləri yerlərdə vəziyyətə bir daha nəzər salmaq məqsədi daşıyır və bundan sonra lazımi qərarlar verilir:

“Əgər beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri nəticə verən addımlar atmasa, Ermənistan da tutduğu işğalçılıq siyasətindən əl çəkməsə, bunun sonu güc yolu olacaq. Bu da Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində haqqıdır”.

Ekspert diqqətə çatdırıb ki, Azərbaycanın işğal altındakı ərazilərində yerləşdirilən qüvvələr qanunsuz hərbi birləşmələrdir:

“Bu isə elə terrorçu birləşmələr deməkdir. Bütün beynəlxalq təşkilatlar buna qarşı mübarizə aparmalıdırlar və hamısını tərksilah etməlidirlər. Azərbaycanın öz torpaqlarını güc yolu ilə azad etməsi üçün tam hüquqi əsası var”.

Polkovnikin fikrincə, Müdafiə Nazirliyinin rəhbərliyinin cəbhə bölgəsinə səfərləri hərbi məsələləri bir daha götür-qoy etmək məqsədi daşıyır:

“Düşünürəm ki, bu işlərin sonu Azərbaycan tərəfinin uğurlu antiterror əməliyyatına gətirib çıxara bilər”. 

Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Müdafiə naziri Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ön xətt bölmələrində xidmət edən hərbi qulluqçularla görüşüb.

Əməliyyat şəraitinin vəziyyəti barədə məruzələri dinlədikdən sonra nazir üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və bölmələrin daim döyüşə hazır vəziyyətdə olmasını təmin etmək məqsədilə müvafiq tapşırıqlar verib.

Bundan başqa, Z.Həsənov və Müdafiə Nazirliyinin digər rəhbər heyəti cəbhəboyu zonada tikintisi davam edən bir neçə hərbi obyektdə də olub.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri