26 
Fev
2020
11:01
126
13
2217
Virtual karabakh

Azərbaycan xalqının qan yaddaşı – Xocalı faciəsi

26 Fev, 2020
11:01
2217

Azərbaycan xalqının qan yaddaşı – Xocalı faciəsi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dərddən yazmaq asan deyil. Hələ məğlub millət olaraq tarixi vərəqləmək, yaşadığın kədəri təkrar-təkrar dilə gətirmək, bu ağrılardan söz açmaq çox çətindir. 

1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə Ermənistan hərbi birləşmələrinin Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda törətdiyi soyqırımından 28 il keçib. 

O vaxt doğulan körpələrimiz artıq böyüyüb. Onlara müharibə uşaqları da deyirlər. Müharibənin bizə gətirdiyi deyimlərdən birinə çevrilib bu. 
Yaddaşlarımıza qazılan o dəhşətli günlərin buraxdığı izlər bu gün də istidi, təzədi.... 

28 il geriyə boylananda xatırladığımız qanlı tarix və təkrar bu günə baxanda gördüyümüz mənzərə arasındakı zaman kəsiyində xalqımız ağır sınaq dövrü keçib.

Bir millətin tarixi qazanılan zəfərlər və yaşanılan faciələrlə yazılır. Yaddaşlara əbədi həkk olunmuş fəth olunan zirvələr xalqı gələcəyə aparan yolda mayak rolunu oynadığı kimi, yaşanılan faciələr də milləti ayaqda tutur, onu mübarizəyə kökləyir. 

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Bu soyqırımı aktı insanlıq tarixinin ən qorxulu kütləvi terror aktlarından biri sayılır.

Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Azərbaycan xalqı tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. 

Azərbaycanlıların tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam edib. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunub və Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulub. Bununla da Ermənistan monoetnik dövlətə çevrilib. 

1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideoloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. 

Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək istəyirdi. Bu yolda bütün cinayət və vəhşiliyə hazır olduğunu nümayiş etdirirdi. XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş faciə təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
 
Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Bu bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. 

Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, Azərbaycanın qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Erməni işğalından sonra Xocalıda bütün maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.
 
1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı Xocalıda 3 minə yaxın insan olub. Mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalıb. 

Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə isə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150-nin taleyi indi də məlum deyil.
 
Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilib. 

Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən hazırlanmış pusqularda qətlə yetirilib. Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilib, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilib. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilib. Ekspertiza zamanı müəyyən edilib ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülüb. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə alıb.

Ermənilər sağ qalmış insanlar üzərində təhqiredici hərəkətlər, işgəncələr həyata keçiriblər. Onların başlarının dərisini soyub, başlarını və bədəninin digər orqanlarını kəsib, uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarnını yarıblar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilib. Bütün bunlar Ermənistanın Cenevrə konvensiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd şəkildə dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı olduğunu təsdiqləyir.

Beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir. Azərbaycan "Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması" konvensiyasını rəhbər tutaraq, Ermənistana qarşı beynəlxalq məhkəmədə iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, bütün dünyaya, bəşəriyyətə qarşı yönəldilib. Seyran Ohanyan, Serj Sarkisyan və Robert Köçəryan baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.

Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidir.

Mətanət Əliyeva

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri