13 
Mar
2020
17:13
182
85
1859
Virtual karabakh

Azərbaycan ordusunun son illər artan qüdrətini şərtləndirən amillər - ARAŞDIRMA

Azərbaycan Ordusu bu gün nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır - həm hərbi potensialına, həm də döyüş qabiliyyətinə görə. Son illərdə isə ordu quruculuğunda nəzərəçarpacaq qədər islahatlar həyata keçirilib. İstər ordunun peşəkarlığı, istərsə də hərbi qulluqçuların vətənpərvərlik ruhu yüksək səviyyədədir. Eyni zamanda, son illər ərzində ordunun texniki təchizatında da genişmiqyaslı dəyişikliklər baş verib - ən müasir silah sistemləri alınıb. Hər il dövlət büdcəsindən müdafiə ehtiyacları üçün böyük miqdarda maliyyə vəsaiti ayrılır ki, bu da başa düşüləndir: ölkəmizin ərazi bütövlüyü istənilən halda bərpa edilməlidir. Bu yazıda Azərbaycan ordusunun son illər keçdiyi inkişaf yolu müxtəlif aspektlərdən araşdırılacaq.

Hərbi hissələrdə yenidənqurma işləri. Sərhəd bölgələrindəki hərbi hissələrə təminat fasiləsiz şəkildə həyata keçirilir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti və yenidənqurma işləri son illər sürətlə davam etdirilir. Tikinti və quruculuq işləri bütün ölkə ərazisində yerləşən hərbi hissələri əhatə edir.

Hərbi şəhərciklərdə zəruri infrastrukturla yanaşı, müasir tələblərə cavab verən, bütün məişət şəraiti ilə tam təmin edilmiş ailəli hərbi qulluqçular üçün mənzillər, subay hərbçilər üçün isə yataqxana kompleksləri inşa edilir. Digər tərəfdən, hərbi hissələrdə müasir tipli qərargah binaları, əsgər yeməkxanaları, kazarma, qazanxana-camaşırxana və digər inzibati obyektlər yaradılır.

Cəbhəboyu zonalarda yaradılan hərbi şəhərciklərə də xüsusi diqqət ayrılır – su, qaz, istilik və digər kommunikasiya sistemləri ilə tam təmin olunur, hərbi obyektlərdə ən müasir qurğular quraşdırılır.

Hərbi şəhərciklərdə qərargahlar, hərbi qulluqçular üçün xidməti mənzillər, əsgər yataqxanaları, yeməkxanalar, döyüş texnikası üçün saxlanclar, digər inzibati bina və qurğular inşa edilir. Həmçinin, xidməti fəaliyyətin təşkili üçün otaqlar, müvafiq məişət və ictimai iaşə obyektləri, o cümlədən qazanxana, hamam-camaşırxana kompleksləri, tibb məntəqələri və digər infrastruktur obyektləri də tikilir.

Xüsusi qeyd etmək lazımdır ki, sərhəd bölgəsində yerləşən hərbi hissələrə təminat fasiləsiz şəkildə həyata keçirilir.

Hərbi qulluqçuların məişət şəraitinin yaxşılaşdırılması

2014-cü ildə Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox xidmət - 110 hərbi qulluqçu ailəsi xidməti, 2015-ci ildə 1000 nəfərdən çox hərbi qulluqçu xidməti, 500 hərbçi ailəsi daimi, 2017-ci ildə Hərbi Hava Qüvvələrinin aviabazasında 50 nəfər hərbçi daimi, 2018-ci ildə isə 394 hərbi qulluqçu daimi (onlardan 3-ü birotaqlı, 192-si ikiotaqlı, 185-i üçotaqlı, 14-ü isə dördotaqlı) mənzillərlə təmin olunub.

Bundan əlavə, hərbi qulluqçuların və onların ailə üzvlərinin mədəni istirahətinin daha yüksək səviyyədə təşkili üçün 2019-cu ildə də Azərbaycan Ordusunda şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar hərbi qulluqçular üçün inşa edilən növbəti yaşayış binası istifadəyə verilib. Eyni zamanda, ötən il Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi ilə inşa edilən Bakı şəhəri, Hövsan Yaşayış Kompleksindən 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına 436 ədəd tam təmirli mənzil alınıb və həmin mənzillər hərbi qulluqçuların mülkiyyətinə verilib.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, çöl və stasionar şəraitdə yerləşən hərbi hissələrin maddi-texniki təminatının gücləndirilməsi və müasir avadanlıqlarla təchiz edilməsi istiqamətində işlər davam etdirilir.

Ali Baş Komandanın bu sahədə işlərin sürətləndirilməsi məqsədilə verdiyi tövsiyə və tapşırıqların icrası ilə əlaqədar qısa müddət ərzində Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən konkret tədbirlər həyata keçirilib.

Belə ki, hərbi qulluqçuların yay və qış, bütün alt və üst geyim formaları daha rahat olması, keyfiyyəti və rəngləri ilə seçilir. Bundan əlavə, pilot variantda hazırlanan və hərbi hissələrdə istənilən iqlim şəraitində sınaqdan keçirilən yeni formalar yüksək dözümlülüyü və davamlılığı ilə də fərqlənirlər.

Eyni zamanda, hərbi qulluqçuların yataq şəraitlərinin yaxşılaşdırılması məqsədilə köhnə tip əsgər çarpayıları müasir tipli bir və iki mərtəbəli çarpayılarla, pambıq yataq dəstləri yaylı döşək, sintepon balış və akril ədyallarla, kiçik həcmli dolabçaların isə iki nəfərlik iritutumlu metal dolablarla əvəz olunması həyata keçirilir. Eyni zamanda, iplik əl-üz dəsmalları xovlu əl-üz dəsmalları ilə əvəz edilir, o cümlədən, şəxsi heyətin hərbi geyim və əşya əmlakı ilə təminatı normalarına hamam və ayaq dəsmalları da əlavə olunur.

Hazırda stasionar və çöl şəraitində yerləşən hərbi hissələrdə hamam-camaşırxana və məişət otaqlarının avadanlığının yeniləri ilə əvəz olunması istiqamətində də müvafiq işlər görülür. Hərbi qulluqçular üçün müasir tələblərə cavab verən camaşır xidməti təşkil edilir, camaşırların yuyulması, qurudulması, ütülənməsi və polietilen steril paketlərdə qablaşdırılaraq hərbi hissələrə çatdırılması yüksək səviyyədə həyata keçirilir.

Genişmiqyaslı təlimlər mütəmadi xarakter alıb, ordumuzun saat kimi işləməsi təmin olunur

Tarixin müxtəlif dövrlərində təlimlərə dəyər verən məşhur hərb xadimləri belə hesab ediblər ki, təlim mühüm hərbi əməliyyat planı olaraq orduda şəxsi heyətin döyüş vərdişlərinin möhkəmlənməsində və hərbi qulluqçuların qələbəyə inamının güclənməsində əsas əhəmiyyət kəsb edir.

Son illər Azərbaycanın ordu quruculuğunda xüsusi önəm verilən məsələlərdən biri də müxtəlif təyinatlı hərbi bölmələrdə təlimlərin müntəzəm keçirilməsidir.

Bəzi hallarda ehtiyatda olan hərbi mükəlləfiyyətlilərin də təlimlərə cəlb edilməsi başa düşüləndir, çünki ordumuzun hərbi arsenalına daxil edilən müasir silah və texnikaların döyüş sirlərinin öyrənilməsi baxımından bu olduqca vacibdir. Ümumiyyətlə, təlim əsgərin də, zabitin də, gizirin də həyatında əhəmiyyətlidir. Çünki belə sınaqlar onların hərbi bacarığını təsdiqləməklə yanaşı, həm döyüş ruhunu artırır, həm də hərbi vərdişləri daha da təkmilləşdirir.

Dünya şöhrətli sərkərdə Suvorov əbəs deməyib ki, təlimdə tər axıdan, döyüşdə qan tökməz. Deməli, kim təlimdə fərqlənirsə, hərbi əməliyyatda üstünlük onun tərəfindədir.

Azərbaycan Ordusunun şəxsi heyəti mütəmadi olaraq, cəbhə xəttində genişmiqyaslı döyüş təlimi keçirir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı əsasında və ordunun illik döyüş hazırlığı planına müvafiq olaraq, keçirilən təlimlərə müxtəlif təyinatlı döyüş bölmələri cəlb olunub.

Müdafiə Nazirliyi rəhbərliyinin iştirak etdiyi təlimin cəbhə xəttində baş tutması düşmənlərimizin canına vəlvələ salır. Artıq işğalçı Ermənistanın özündə də çoxsaylı politoloq və ekspertlər bu təlimlərdən danışaraq, Azərbaycanın məqsədyönlü şəkildə geniş hərbi əməliyyatlara hazırlaşdığını israrla bildirirlər.

Şübhəsiz ki, genişmiqyaslı təlimlər yüksək peşəkarlıq tələb edir. Əlaqəli şəkildə fəaliyyətin peşəkar səviyyədə təşkil olunması isə hər bir hərbçinin yüksək səviyyəli fərdi hazırlığından başlayır. Ordunun hər bölməsinin heyəti, istər atıcılar olsun, istər sürücü, zirehli texnika heyəti və ya topçular, hər biri il ərzində əzmlə çalışıb, qarşıya qoyulan tapşırıqları yerinə yetirirlər.

Genişmiqyaslı təlimlərdə isə bütün bölmələrin fəaliyyətinin qarşılıqlı əlaqəsi təmin olunur.

Beləliklə, ordumuz saat kimi işləyir – hər kəs öz yerini, tapşırığını bilir, vaxtı düzgün planlaşdırır.

Təlimlərdə təliməqədər gedən döyüş və qərargah hazırlığı, ümumiyyətlə bütün heyətin hazırlıq səviyyəsi yoxlanılır. Bunun üçün onların real döyüşə yaxın ssenarisi hazırlanır və bütün icraat bu istiqamətdə aparılır. Bu, öz vəzifələrini yerinə yetirmək üçün ən önəmli və əsas vasitədir.

Genişmiqyaslı təlimlərdə ən müasir silah və texniki vasitələrin istifadəsi, qərargahlararası qarşılıqlı əlaqələrin təşkilində və idarəetmədə həmin texnologiyaların tətbiqi, qərarların qəbul edilməsi, informasiya mübadiləsi, əmrlərin ötürülməsi plana uyğun olaraq həyata keçirilir.

Piyadaçılar, zirehli texnika, artilleriya, qabaq hücumdan operativ şəkildə müdafiə və s. ümumi ssenarini təşkil edir.

Təlimlərdə idarəetmə məntəqələrinin yerdəyişməsi, qısa vaxtda fəaliyyətinin bərpası, şəxsi heyətin bölmə və hərbi hissələrin qarşıda qoyulan tapşırıqlarını yerinə yetirilməsi və düzgün idarə olunması prosesi yoxlanılır.

Hazırki ssenari işğal olunmuş torpaqların azad edilməsi üçün gələcəkdə ola biləcək hərbi əməliyyatlar üzərində qurulub. Şərti düşmən kimi həmin istiqamətdə olan düşmən götürülür. Bu fonda bütün hesablamalar aparılır. Bu təlimlərdə döyüş vaxtı ortaya çıxa biləcək bütün amillər nəzərə alınır.

Düşməni vəlvələyə salan silahlarımız

Orduda insan amili nə qədər önəmlidirsə, onun silahlanması, hərbi gücü də ən vacib məqamlardandır. Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü ordusuna sahibdir. Hazırda dünya hərb sənayesinin ən son yenilikləri olan silah-sursat Azərbaycan Ordusunun arsenalında yer alır.

Bu gün Azərbaycan ordusunun arsenalında olan silah-sursata və texnikaya dünyanın əksər dövlətlərinin orduları həsəd apara bilər. Azərbaycan Ordusunda silahlanmaya qəbul edilmiş yeni silah və texnikaların bəzilərini təqdim edək:

Azərbaycanın Belarusa sifariş verdiyi “Polonez” operativ-taktiki raket kompleksinin (OTRK) ilk partiyası ölkəyə keçən ilin may ayında gətirilib və kompleks ictimaiyyətə iyun ayında Raket-Artilleriya Qoşunlarının yeni hərbi hissəsinin açılışında təqdim edilib. “Polonez” batareyasına döyüş idarəetmə maşını, yükləyici maşın və işəsalma maşını daxildir. Raketlər konteyner şəklində saxlanılır və atışdan sonra qısa müddətdə yükləmə maşını üzərindəki manipulyator vasitəsi ilə buraxıcı maşına yüklənir. OTRK-nin bütün elementləri Belarus istehsalı olan MZKT-7930 şassisi üzərində qurulub. İstehsalçı müəssisənin mütəxəssislərinin sözlərinə görə, “Polonez”in döyüş idarəetmə maşınında qurulan avadanlıqlar maşın hərəkətdə olduğu halda belə 10 km məsafədən nəqliyyat-yükləyici və buraxıcı maşınlarla əlaqə yaratmağa imkan verir.

Komanda-idarəetmə maşınında 4 heyətin 48 saat fasiləsiz çalışa bilməsi üçün imkanlar mövcuddur. “Polonez”in bir maşını raketlərlə eyni zamanda səkkiz hədəfə dəqiq zərbə endirməyə imkan verir. İstehsalçının məlumatına görə, “Polonez”də istifadə olunan Belarus istehsalı olan 301 mm çaplı raket inersial və peyk naviqasiyasına malikdir. Raketlərin hədəfdən ehtimal edilən sapma radiusu 30 metri ötmür. Qəlpə-fuqas, kasetli qəlpəli, özütuşlanan, tank əleyhinə döyüş elementləri ilə yüklənmiş kasetli və s. döyüş hissələri ilə təchiz olunan “Polonez” OTRK bir batareyası (6 maşın) 100 kvadrat kilometrlik sahədə yerləşdirilmiş 48 ayrı hədəfi vurmağı bacarır. Atış uzaqlığı 300 kilometr olan LORA raketinin uzunluğu 5 metr, çəkisi 1600 kiloqram, döyüş başlığı 570 kiloqramdır (yüksək partlayış gücünə malikik). Avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş LORA kompleksi düşmənin idarəetmə məntəqələrini, raket buraxma qurğularını, radiolokasiya stansiyalarını, vacib hərbi sənaye və infrastruktur obyektlərini məhv etmək üçün təyinatlandırılıb.

Azərbaycanın Pakistana sifariş verdiyi “Super Muşşak” (MFİ-395 “Super Mushshak”) təlim təyyarəsinin 5 ədədlik ilk partiyası 2018-ci ildə Azərbaycana göndərilib. Dünyanın ən təhlükəsiz təlim təyyarələrindən hesab olunan “Super Muşşak”ın heyəti 2 nəfər, uzunluğu 7.15 m, qanad açıqlığı 8.85 m, hündürlüyü 2.60 m, boş çəkisi 760 kq, uçuş ağırlığı 1250 kq, maksimal sürəti 268 km/saat, kreyser sürəti 240 km/saat təşkil edir. 260 at gücündə bir ədəd “Textron Lycoming IO-540 V4A5” (6 silindr) mühərriki ilə təchiz olunmuş təyyarənin birbaşa uçuş uzaqlığı 814 kilometr, uçuş hündürlüyü isə 6705 metrə çatır. “Super Muşşak” xarici asmada 300 kq yük götürmə qabiliyyətinə sahibdir.

Keçən il İsrailin İAİ şirkətindən alınmış LORA (LOng Range Attack) OTRK ”Polonez”lə eyni gündə yeni hərbi hissənin açılışında, daha sonra 26 iyun və 15 sentyabr tarixlərində keçirilmiş hərbi paradlarda nümayiş etdirilib. Azərbaycanın İsrailə “SandCat” zirehli avtomobilləri üzərində sifariş verdiyi “Spear Mk.2” avtomat minaatan kompleksinin ilk partiyası 2018-ci ildə ictimaiyyətə təqdim olunub. Bundan əvvəl – 2017-ci ilin avqust ayında bir ədəd “Spear Mk.2” minaatanı DSX-yə aid BTR-70 zirehli transportyorunun üzərində təqdim edilmişdi. “Elbit Systems” şirkətinin istehsalı olan minaatan özünü avtomat doldurma, koordinatları hesablama və yönləndirmə funksiyasına malikdir. “Spear” idarə olunan minalarla 10 km-dək məsafədə hədəflərə dəqiq atəş açmağa imkan verir.

İsrailli hərbi mütəxəssislərin sözlərinə görə, Azərbaycan “Spear Mk 2” minaatanının ilk xarici istifadəçisidir. Əvvəlki illərdə “Spike” tank əleyhinə idarə olunan raketin müxtəlif modifikasiyalarını istifadə edən Azərbaycan Ordusu 2018-ci ildə “Spike-ER” adlı 8 kilometr atış uzaqlığına malik modifikasiyanı ilk dəfə atış sınaqlarını nümayiş etdirib. Daha sonra bu raketlər hərbi paradda “SandCat” zirehli maşını üzərində sərgilənib. Keçən ilin yay aylarında Bakıda keçirilmiş “Dəniz Kuboku-2018” beynəlxalq yarışına cəlb olunmuş Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) G-124 gözətçi gəmisi Türkiyənin ASELSAN şirkətinin istehsalı olan 30 mm “Mühafiz” döyüş modulu ilə silahlandırılıb. Yarışın gedişatında “Mühafiz”dən suüstü və hava hədəflərinə qarşı dəqiq atışlar icra olunub. 30 mm çaplı “Mühafiz” stabilləşdirilmiş top sistemi döyüş gəmilərində, gözətçi, sahil təhlükəsizlik katerlərində və amfibiya-desant gəmilərində istifadə edilmək üçün yaradılmış məsafədən idarə edilən silah sistemləri ailəsinin ən yeni nümunəsidir. “Mühafiz” sistemi iki istiqamətli sursat saxlama qabiliyyətinə malikdir və eyni anda iki müxtəlif növ sursat istifadə edilir. Məlumatlara görə, imzalanmış müqavilə çərçivəsində HDQ-nin bir gəmisində “Mühafiz” döyüş modulu qurulub.

Belarusun “KB Radar” şirkətinin istehsalı olan “Qroza-S” radioelektron mübarizə sistemi keçən ilin iyun ayında Prezident İlham Əliyevin ordu bölmələrinin birinə səfəri zamanı təqdim olunub. “Qroza-S” düşmənin müxtəlif təyinatlı PUA-larını, peyk rabitəsi və rabitə kanallarına maneələrin qoyulması vasitəsi ilə zərərsizləşdirmək üçündür. “Qroza-S” hazırda dünyada ən mükəmməl anti-PUA sistemi hesab olunur.

Azərbaycanın 2018-ci ildə sahib olduğu ASELSAN şirkətinin istehsalı olan İHTAR anti-PUA sistemi mülki və hərbi əhəmiyyətli strateji müəssisələrin (elektrik stansiyaları, hava limanları, sərhəd bölgələri, komanda və qərargah binaları və s.) və digər yerlərin qorunmasında istifadə üçün nəzərdə tutulur.

Ordumuzun istifadəsinə verilmiş daha bir yenilik isə İsrailin “Elbit Systems” şirkəti tərəfindən hazırlanmış artilleriya batareyaları üçün “Smart Suite” rabitə və avtomatlaşdırılmış idarəetmə dəstidir. 82 millimetrlik minaatan batareyası üçün rabitə və avtomatlaşdırılmış idarəetmə dəsti 5 kilometr dərinlikdə hədəfin aşkar edilməsi, hədəf haqqında məlumatların avtomatlaşdırılmış idarəetmə sistemi ilə atəş mövqeyinə ötürülməsi və atış üçün hesabatların aparılması,120 millimetrlik minaatan və 122 millimetrlik “D-30” haubitsalı artilleriya batareyası üçün rabitə və avtomatlaşdırılmış idarəetmə dəsti isə 15-20 kilometr dərinlikdə hədəfin aşkar edilməsi, hədəf haqqında məlumatların avtomatlaşdırılmış idarəetmə sistemi ilə atəş mövqeyinə ötürülməsi və atış üçün qurğuların hesablanmasına təyin olunub. Amma düşmən Ermənistandan fərqli olaraq, Azərbaycan özü də silah istehsal edir. Hazırda Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə 1100 növə yaxın müdafiə təyinatlı məmulatlar buraxılır. Biz müxtəlif növ atıcı silahlar və yaxın döyüş vasitələri, artilleriya alətləri, zirehli texnika, o cümlədən müxtəlif aviasiya bombaları, pilotsuz uçan aparatlar, atıcı silahlar üçün döyüş ləvazimatları, kiçik kalibrli avtomat və tapançalar, optik cihazlar, müasir raket quraşdırıcıları və digər məhsullar, o cümlədən gizlənmə dəsti, qumbaraatan, minalar, NATO standartlarına cavab verən tapançalar istehsal edilir və satılır.

Məsələn, TR-107 və TRB-107 raketləri. Bu raketlər 11 km məsafədə yerləşən hədəfi darmadağın edə bilir. TR-107 dağlıq ərazilərdə və xüsusi təyinatlı yerlərdə hərbi əməliyyatların aparılması üçün təyin edilib. Göstərilən sistemlər kiçik və manevrli maşınlarda da quraşdırıla bilər. TR-107 qısa müddətdə əraziyə çıxarılır, düşmən mövqeyinə odlu zərbələr endirir, sonra isə az müddətdə mövqeyini dəyişir. “Şimşək” iri kalibrli snayper pulemyotu ən dəqiq və sürətli pulemyotlardan biridir. Tanklarda və zirehli texnikalarda, əsasən, BTR-lərdə quraşdırılmaq üçün təyin edilib, “Şimşək” gündüz və gecə görüntülü kamera ilə təchiz olunub. “Gürzə” hərbi maşını – xüsusi təyinatlı qüvvələr və zirehli maşın, hərbi, patrul güc strukturları üçün təyin edilib.

“İstiqlal-1T” tüfəngi. Bu tüfəngin əsas təyinatı düşmənin orta və böyük (atıcı silah üçün) məsafələrdə texniki vasitələri ilə mübarizədir. Bunun üçün tüfəngdə olduqca güclü 14.5 mm-lik zirehli döyüş patronları olan hərbi sursat istifadə edilir. “İstiqlal” tüfənginin əsas hədəfləri avtomobillər, təyyarələr və helikopterlər, əlaqə vasitələri və yanacaq anbarlarıdır. 14.5 mm patronlar daha çox müdafiə olunan hədəflər, məsələn, zirehli transporterlər və ya möhkəmləndirilmiş qurğular, uzun məsafələrdə atəş açılması üçün istifadə edilir. “UP-7.62” və “HP-7.6v” əl pulemyotları.

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi müxtəlif növ silahlarla yanaşı, əl pulemyotları da istehsal edir. “Mübariz” - 12.7 mm kalibrli müasir snayper tüfəngi. 

Azərbaycan silahlı qüvvələrinə məxsusdur. “Zərbə” yeni nəsil pilotsuz zərbəçi və yaxud Azərbaycanın kamikadze-dronu. “Harop” dronları – kəşfiyyat-zərbə BPLA-sı. O, radarla və 360 dərəcə künc görünüşlü və yüksək icazəli rəqəmsal kamera ilə təchiz olunub. Bu BPLA-nın əsas xüsusiyyəti odur ki, hədəfin aşkar edilməsi zamanı cihaz öz-özünü yönəldən təyyarə-mərmiyə çevrilir. Təyin edilmiş ərazidə uzun müddət keşik çəkmək və yerüstü hədəfləri məhv etmək qabiliyyətinə malikdir. Hədəfə giriş zamanı komanda ləğv oluna, pilotsuz uçuş aparatı bazaya qayıda və ya keşik çəkməyə davam edə bilər. Konteyner tipli mobil buraxılış quraşdırıcısı ilə buraxılır. Dron düşmənin HHM kompleksləri ilə mübarizə üçün təyin edilib. “Gürzə”, Toyota HILOYX-un 12-ci modeli əsasında hazırlanıb, 4x4 tam ötürücülük qabiliyyəti var və 2500 kq yükü özündə daşıya bilir. Maşının yuxarı hissəsində 360 dərəcə fırlanaraq və 45 dərəcəli küncdə odlu atəş açaraq hədəfi məhv etmə qabiliyyətli, 12.7 mm kalibrli bir pulemyot yerləşir.

Yanlarda 7.62 mm kalibrli böyük döyüş ehtiyatı hissələri olan iki pulemyot yerləşir. “Tufan” zirehli maşını. Əgər yuxarıda göstərilən hərbi texnika arasında Azərbaycanın digər ölkələrlə birgə istehsalı olanlar varsa, “Tufan” 100% yalnız yerli mühəndislərin dizayner təcrübəsi və kreativ düşüncəsinin təcəssümüdür. 12.3 ton ağırlığında zirehli maşın 10 nəfərlik şəxsi heyətlə 3000 kq-dək yükün təhlükəsiz daşınmasını təmin edə bilir. “Tufan” zirehli maşınının bazasında yaralıların təxliyyəsi üçün zirehli reanimobillər, antiterror əməliyyatların aparılması zamanı xüsusi təyinatlı qrupların müdafiəsi üçün nəqliyyat vasitələri, döyüş şəraitində hərəkətlərin koordinasiyası üçün komanda-qərargah maşınları, həmçinin tank əleyhinə raket komplekslərinin quraşdırılması üçün platformalarla təchiz etmək və 120 mm-lik daşına bilən minometrləri yaratmaq mümkündür.

Avtomobilin silahlanmasını həmçinin avtomat qumbaraatanla və digər vasitələrlə doldurmaq olur. Maşın 114 at gücündə yüksək keçiricilik qabiliyyətinə malik güclü motorla təchiz olunub. Maşın sürücü və komandir də daxil olmaqla, beş nəfər tutur. “Zəfər” müasir tapançası. Azərbaycan silah istehsalı üzrə türk şirkəti ilə birgə AR-nın Müdafiə Sənayesi Nazirliyinin “İqlim” Elmi-İstehsalat müəssisəsinin bazasında “İnam”, “Zəfər-К” və “Zəfər” tapançaları istehsal edir. Tapançaların daraqları 15 patron tutur. Həmçinin, 18 və 20 patron təchiz edilə bilən maqazinlər də istifadə edilə bilər. Müasirləşdirilmiş “Maroder” - “Paramount Group”un işləyib-hazırladığı minaya qarşı müdafiəsi olan zirehli maşın. Bu maşınlar ərazilərdə şəxsi heyətin yerinin dəyişdirilməsi, təhlükə şərtləri altında sərnişinlərin daşınması, uzaqda yerləşən dayaq məntəqələrinin, qarnizonların təchiz edilməsi və digər oxşar hallar zamanı tətbiq edilir.

Hazırda Azərbaycan Ordusunun raket-artilleriya qoşunlarının silahlanmasında yer alan artilleriya qurğuları, reaktiv artilleriya sistemləri o qədər çoxsaylıdır ki, onlardan eyni vaxtda bir yaylım atəşi açılsa, düşmənin bütün mövqeləri darmadağın olardı.

Hərbi kadrların təhsili qarşıya qoyulan əsas məqsədlərdən biridir

Ordunun vəziyyəti təkcə müasir döyüş texnikası, silah-sursatla deyil, həm də ondan bacarıqla istifadə edən şəxsi heyətin hazırlığı, peşəkarlığı ilə səciyyələndirilir.

Silahlı Qüvvələrdə müasir dövrün tələblərinə uyğun olaraq, aparılan kadr siyasətinin əsas məqsədi qoşunların yüksək hərbi hazırlığa malik zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə komplektləşdirilməsindən ibarətdir.

Ölkənin müdafiə qabiliyyətinin artırılmasının əsas istiqamətlərindən biri hərbi kadrların təhsili, onların intellektinin inkişafı məsələsidir. Bu gün Silahlı Qüvvələrimizdə güclü potensiala malik xüsusi təyinatlı tədris müəssisələrimiz mövcuddur və orada müasir standartlara uyğun şəkildə peşəkar kadrlar hazırlanır.

Azərbaycan Silahlı Qüvvələrinin hazırda xaricdə təhsil alan yüzlərlə hərbi qulluqçuları var.

Silahlı Qüvvələrimizin tələbatını nəzərə alaraq, Azərbaycan-NATO əlaqələri və ikitərəfli əməkdaşlığa əsasən digər dövlətlərin hərbi təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə kifayət qədər gənclərimiz təhsil alırlar.

Digər tərəfdən, Azərbaycan-NATO Birgə Təlim və Tədris Fəaliyyət Planına müvafiq olaraq, Silahlı Qüvvələrin tədris müəssisələrinin tədris proqramlarının təkmilləşdirilməsi məqsədilə Hərbi Akademiyada “Müdafiə strategiyası və planlaşdırılması” adlı yeni fənn tədris proqramına əlavə edilib.

Şəxsi heyətin ideoloji və psixoloji hazırlığı

Müdafiə naziri Zakir Həsənovun tapşırığına əsasən, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabit və dövlət qulluqçularından ibarət işçi qrupu tərəfindən mütəmadi olaraq birlik, birləşmə və hərbi hissələrdə gənc əsgərlərin yeni həyat şəraitinə uyğunlaşması, hərbi xidmətə adaptasiya olunması və mənəvi-psixoloji hazırlığı istiqamətində yerinə yetirilən psixoloji işə dəstək fəaliyyətləri həyata keçirilir.

Görüşlərdə əsgərlər üçün yaradılan xidməti-məişət şəraiti öyrənilir, hərbi qulluqçularla maarifləndirici söhbətlər aparılır, psixoloji testlər keçirilir və müvafiq tövsiyələr verilir.

Bundan əlavə, birliklər və qoşun növlərində müvafiq kateqoriyadan olan zabit heyəti ilə ideoloji və psixoloji işin təşkili, hərbi qulluqçuların fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi və digər mövzularda təlim-metodiki toplantılar da keçirilir.

Tibbi avadanlığın yenilənməsi. Hərbi hospitallarda yalnız hərbi qulluqçular deyil, onların ailələri də müalicə alır.

Hərbi xidmətdə hərbi qulluqçuların normal xidmətinin təmin olunması üçün əsas diqqət göstəriləcək sahələrdən biri də onların sağlamlığını qorumaqdır. Ordumuzun inkişafında tibbi sahəyə xüsusi diqqət ayrılır. Bu gün hərbi hospitallarda yaradılan şərait, hərbi qulluqçuların hər hansı xəstəlik və travmalara qarşı dərhal müdaxilə edilərək yüksək səviyyədə tibbi xidmətin göstərilməsinə imkan verir.

Ordumuzun istismarına verilən müasir hospitallarda qan bankı, laboratoriyalar, müalicə palataları, əməliyyat otaqları, reanimasiya palatası, cərrahiyyə və əməliyyat blokları, tibbi ləvazimatlar anbarı, qəbul şöbəsi, xəstələr üçün qida qəbulu zalları, aptek, stomatologiya, oftalmologiya, yuma-dezinfeksiya, ginekologiya, LOR, terapiya, rentgen və kompüter tomoqrafiyası, endoskopiya, dermatologiya və s. bölmələr yaradılıb. Hospitallarda Türkiyə, Almaniya, Amerika, Yaponiya və digər qabaqcıl ölkələrdə istehsal edilən, tibb texnologiyalarının son nailiyyətləri olan avadanlıqlarla təchiz edilən palatalarda hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərilməsi, eləcə də onların müalicəsi üçün hər cür şərait mövcuddur.

Hospitalların imkanlarından hərbi qulluqçuların yalnız özləri deyil, həm də onların ailə üzvləri də yararlana bilirlər.

Əsgərlər təsərrüfat işlərindən azaddır

Hazırda hərbi qulluqçuların sırf döyüş hazırlığı ilə məşğul olmaları üçün şərait yaradılıb.

Əsgərlərin təsərrüfat işlərindən azad olunması ilə bağlı Müdafiə Nazirinin müvafiq əmri var.

Əmrə uyğun olaraq, əsgərlərin təsərrüfat işlərindən azad edilməsi üçün hərbi hissələrdə yemək bişirmək, paltar yumaq, təmizlik işlərini mülki şəxslər həyata keçirir. Bu proses bütün hərbi hissələrdə tətbiq olunur. Ordu ona aid olmayan əlavə funksiyalardan - müxtəlif təsərrüfat, mühafizə və qulluqetmə xidmətlərinin göstərilməsindən mərhələlərlə azad edilib. Qısa müddət ərzində xeyli sayda mülki şəxs Silahlı Qüvvələrdə işə qəbul olunub. Bu məsələləri həll etməklə həm vətəndaşlar iş yerləri ilə təmin edilmiş olur, həm də şəxsi heyətin diqqəti sırf döyüş hazırlığı məsələlərinə yönəldilir. Mülki heyət Silahlı Qüvvələrin ştatında mövcud olan müxtəlif mülki ixtisaslar üzrə - aşpaz, çilingər, sürücü, xadimə, dalandar və s. vəzifələrə işə götürülürlər.

Şəhid ailələri daima dövlət qayğısının mərkəzindədir

Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi, eləcə də Müdafiə Nazirliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hörmət və ehtiramla yad edilməsi məqsədilə Azərbaycan Ordusunda da silsilə tədbirlər keçirilir. Belə tədbirlər həm də ordu ilə ictimaiyyətin əlaqələrini möhkəmləndirir.

Cənubi Qafqazın lider dövləti olan müstəqil Azərbaycan Respublikasının siyasət kursunun mühüm prioritetlərindən biri də dövlətimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə göstərilən böyük diqqət və qayğıdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunmasıdır. Ölkədə əhalinin sosial rifahının artması, xüsusi ehtiyacı olan təbəqələrin sosial durumunun yaxşılaşdırılması üçün ardıcıl işlər aparılır.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin və bu döyüşlərdə sağlamlıqlarını itirmiş əlillərin sosial problemləri də daim diqqət mərkəzindədir. Onların mənzillə təminatı, həmçinin müharibə əlillərinə minik avtomobillərinin verilməsi işlərinə 1990-cı illərdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı əsasında başlanıb. Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı, müvafiq tapşırıqları əsasında mühüm sosial proqramların həyata keçirilməsi ildən-ilə gücləndirilir.

2019-cu il yanvarın 28-də ölkə rəhbəri İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşü deyilənlərin növbəti təzahürü kimi ictimaiyyət tərəfindən böyük rəğbət hissi ilə qarşılandı. Bu görüş Prezidentin şəhid ailələrinə sonsuz hörmət və ehtiramının daha bir nümunəsi idi.

2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan vətəndaşlara nəzərdə tutulduğundan 3 dəfə çox - 626 mənzil təqdim edilib. 2019-cu ildə 934 mənzil verilməsi nəzərdə tutulub, onlardan artıq 486 mənzil və şəxsi ev verilib. İndiyədək nazirlik tərəfindən şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan vətəndaşlara 7140 mənzil və şəxsi ev təqdim edilib.

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də böyük həssaslıqla yanaşılır, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. 2018-ci ildə keçirilmiş prezident seçkilərindən sonra dövlət başçısı İlham Əliyevin imzaladığı ilk Fərman şəhid ailələri ilə bağlı oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 19 aprel tarixli Fərmanın şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı olması həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinin dövlət başçısının növbəti prezidentlik dövründə də siyasətinin başlıca istiqamətlərindən olduğunu təsdiq etdi. 2019-cu il 28 yanvar tarixli Fərman isə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsinin genişlənməsinə səbəb oldu. Beləliklə, hər iki Fərmanın icrasının nəticəsi olaraq, 12 268 şəhidin vərəsələrinə ödəmə verilməsi üçün dövlət büdcəsindən 135 milyon manat vəsait ayrıldı. Bu məsələnin böyük hissəsi öz həllini tapıb.

Beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi

Hazırda Azərbaycan dövləti yerləşdiyi regionun geostrateji və geosiyasi üstünlüklərindən faydalı şəkildə bəhrələnmək, milli maraqlarını maksimum səmərəli realizə etmək üçün beynəlxalq hərbi əməkdaşlığı uğurla davam etdirir. Bu əməkdaşlıq ordumuzun müasir hərbi standartları mənimsəməsinə, müasir yenilikləri tətbiq etməsinə şərait yaradır.

Müdafiə Nazirliyinin rəhbərliyi beynəlxalq əməkdaşlıq üçün ölkəmizdə yaradılmış münbit şəraitdən bəhrələnərək ikitərəfli, üçtərəfli və çoxtərəfli formatlarda dünya dövlətlərinin müvafiq qurumları ilə, çoxsaylı beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələr yaradıb. Bu əlaqələr daim inkişaf edir və öz bəhrəsini verir.

Respublikamız həm NATO ölkələri, həm də NATO üzvü olmayan ölkələrlə sıx hərbi əməkdaşlığa malikdir. Hazırda qeyri-rəsmi formada NATO standartları adlandırılan yüksək dünya standartlarının ordumuzda tətbiq edilməsi, eyni zamanda hərbçilərimizin beynəlxalq tədbirlərdə və təlimlərdə iştirakı vacib məsələlərdəndir.

Son illər Müdafiə Nazirliyi beynəlxalq əməkdaşlıq və qazanılmış təcrübədən qarşılıqlı istifadə nəticəsində Azərbaycan Ordusunun döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasını, müasir hərbi texnika və silahlarla təchizi məsələsində region və digər dövlətlərlə münasibətləri prioritet məsələ kimi diqqətdə saxlayır, beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasına da öz töhfəsini verir. Bu baxımdan Azərbaycanın NATO ilə əməkdaşlığı, beynəlxalq sülhməramlı əməliyyatlara verdiyi töhfə və sülhməramlı əməliyyatlarda ölkəmizin hərbçilərinin peşəkarlığı xüsusilə qeyd edilməlidir.

NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Planlaşdırma və Analiz Prosesi çərçivəsində nəzərdə tutulan tədbirləri reallaşdıran Azərbaycan Rusiya ilə də hərbi sahədə ciddi əlaqələrə malikdir. Hazırda Azərbaycan Ordusunun hərbi texnika və silahla təchizatı baxımından Rusiya ilə əməkdaşlığın inkişaf dövründədir. Bu gün Azərbaycan-Rusiya münasibətləri ildən-ilə yüksələn xətt üzrə inkişaf edir. Açıq və səmimi xarakter daşıyan əlaqələr sayəsində ölkələrimiz arasında bir çox məsələlərə dair konsensus və əməkdaşlığın gələcək inkişafına xidmət edəcək sistemli yanaşma mövcuddur. Bütövlükdə, dövlət başçılarının görüşləri sayəsində Azərbaycan-Rusiya münasibətləri sağlam məcrada inkişaf edir, iki dövlətin və onun xalqlarının iradəsini əks etdirir. Azərbaycanın müdafiə sahəsində genişmiqyaslı əməkdaşlıq etdiyi ölkələr sırasında Rusiyanın xüsusi yeri var.

Azərbaycanın hərbi sahədə ən mühüm strateji tərəfdaşı qardaş Türkiyə Respublikasıdır.

Türkiyə beynəlxalq arenada daim Azərbaycanın müdafiəçisi və tərəfdaşı kimi çıxış edir. İkitərəfli əlaqələr hərbi sahəni də əhatə edir.

İkitərəfli formatda olan Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı, artıq üçtərəfli Azərbaycan-Türkiyə-Gürcüstan formatına qədəm qoyub. Belə görüşlər gələcəkdə yeni siyasi formatın yaranmasına zəmin yaradır. Məlumdur ki, hər 3 ölkə çox sıx əməkdaşlıq edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu xətti və s. iri beynəlxalq əhəmiyyətli layihələr, həmçinin xarici siyasətdə uyğunluqlar bu ölkələrin daha yaxından əməkdaşlıq etməsini şərtləndirir. Müdafiə nazirlərinin görüşü isə artıq hərbi sahədə genişmiqyaslı əməkdaşlıqdan xəbər verir.

Azərbaycan ilə ABŞ arasında da hərbi sahədə əlaqələr yüksələn xətt üzrə davam edir. Hərbi, hərbi-texniki, hərbi təhsil, mütəxəssislər səviyyəsində qarşılıqlı səfərlərin təşkili və treninqlərin keçirilməsi, həmçinin müdafiə, terrorizmə qarşı birgə mübarizə və sülhməramlı əməliyyatlar sahələrində əməkdaşlığı buna nümunə kimi göstərmək olar. ABŞ ilə Azərbaycan arasında ikitərəfli formatda və NATO proqramları çərçivəsində əməkdaşlıq da uğurla inkişaf edir, Əfqanıstanda keçirilən sülhməramlı əməliyyatlara birgə töhfə verilir.

İsrail də Azərbaycanın hərbi sahədə mühüm tərəfdaşlarından biridir. İki dövlət müdafiə sənayesi sahəsində fəal əməkdaşlıq edir və bu əməkdaşlıq artıq bir neçə ildir davam edir. İsrail praktiki olaraq, təcrübə qazanmaq və öyrənmək baxımından Azərbaycan üçün ən etibarlı müttəfiqlərdən sayılır. Bu ölkədə bizdən ötrü yararlı ola biləcək kifayət qədər maraqlı və səmərəli nümunələr var. İsrail Azərbaycanın ən iri silah təchizatçısıdır. İsraildən alındığı güman edilən sonuncu nəsil dronlar aprel döyüşlərində istifadə olundu, düşməndə qorxu və həyəcan yaratdı. Azərbaycan İsrail vasitəsilə bu texnologiyanı inkişaf etdirir.

Azərbaycanın hərbi sahədə və xarici siyasətdə mühüm tərəfdaşlarından biri də Pakistan İslam Respublikasıdır. Pakistan daim beynəlxalq arenada ölkəmizi dəstəkləyir və dəfələrlə açıq şəkildə bəyan edir ki, hər zaman Azərbaycanın yanındadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında imzalanmış "İkitərəfli Hərbi Əməkdaşlıq Planı" da iki ölkə arasında hərbi müttəfiqlik effektini yaradır.

Bu gün Azərbaycanın dünyanın aparıcı dövlətləri və beynəlxalq hərbi təşkilatlarla həyata keçirdiyi ikitərəfli, üçtərəfli və çoxtərəfli hərbi əməkdaşlığı müasir qloballaşan dünyada uğurlu nailiyyətlər və güclü hərbi potensiala malik olmaq üçün hərbi infrastrukturun beynəlxalq standartlara uyğun olaraq, inkişaf etdirilməsini zəruri şərt kimi ortaya qoyur. Hərbi sahədə potensialın inkişaf etdirilməsi, elmi və praktiki biliklərə nail olunması, təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində görülən işlər daim Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət mərkəzindədir və dövlət başçısı tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilməkdədir. Məqsəd müstəqilliyimizin qarantı olan Azərbaycan Ordusunun güc və imkanlarını genişləndirmək, sarsılmazlığına inamı artırmaqdır. Bu gün Azərbaycan xalqının Ali Baş Komandanına, ordusuna, onun güc və imkanlarına, sarsılmazlığına inamı böyükdür. Tezliklə bizi tarixi torpaqlarımıza qovuşduracaq Böyük Qələbə yuxarıda qeyd etdiklərimizin təsdiqi olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri