24 
İyn
2020
12:47
70
165
6384
Virtual karabakh

Firdovsi Umudov: “Azərbaycan idmanının ağır artilleriyası sərhədçi çempionlardır”

24 İyn, 2020
12:47
6384

Firdovsi Umudov: “Azərbaycan idmanının ağır artilleriyası sərhədçi çempionlardır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dövlət Sərhəd Xidmətinin (DSX) polkovnik-leytenantı, idman ustası Firdovsi Umudov Azərbaycan xalqını, şəhid ailələrini və Qarabağ qazilərini 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

Oxu.Az xəbər verir ki, bununla bağlı idman ustası “Facebook” hesabında paylaşım edib:

“26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Günüdür. Dövlət Sərhəd Xidmətinin zabiti, hərbçi və idmançı kimi Azərbaycan xalqını, şəhid ailələrini və Qaziləri bu tarixi, əlamətdar gün münasibətilə təbrik edirəm! Qüdrətli və müzəffər Azərbaycan ordusuna, hərbi mundir geyinən hər bir vətən oğluna yalnız və yalnız zəfər arzulayıram! “HƏR ŞEY VƏTƏN ÜÇÜN” deyən oğullarımızın bu şüarı Qarabağda səslənsin!”

Bundan başqa, sərhədçi zabit DSX rəisi, general-polkovnik Elçin Quliyevin cəbhə bölgəsinə səfərinə də toxunub:

“Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində xidməti-döyüş fəaliyyətinin təşkilini yoxlayıb. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən verilmiş tapşırıqların icra vəziyyəti öyrənilib, təmas xəttində döyüş mövqelərində xidmətdə olan sərhədçilərlə görüşülüb, xidməti və yaşayış şəraitlərinə, yeni yaradılmış döyüş mövqelərinə və məntəqələrinə, yeni salınmış yollara və qoruyucu sədlərə baxış keçirilib. “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti-döyüş fəaliyyətinin təşkili, zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun təkmilləşdirilməsi, hərbi hissələrin və qarnizonların tikintisi üzrə görülən işlər nəzərdən keçirilib, döyüş hazırlığının yüksəldilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri göstərişlər verilib.

Bəli, bu, ilk belə hal deyil. Dəfələrlə olub ki, DSX-nın yüksək rütbəli zabitləri, elə cənab general-polkovnik Elçin Quliyev özü döyüş fəaliyyətinin təşkilini yoxlamaq məqsədilə müxtəlif sərhəd diviziyalarında olub. Şübhəsiz, bu, sevindirici və fərəhləndiricidir. Çünki “Vətən sərhəddən başlayır” prinsipinə əsasən, sərhədimizin göz bəbəyi kimi qorunduğuna bir daha əmin oluruq.

Çoxları bilir ki, sərhədçilərin işi heç də asan deyil. Başda cənab general-polkovnik Elçin Quliyev olmaqla bütün sərhədçilər qarışqa zəhmətləri ilə olduqca böyük uğurlara imza atıblar. Onlar ən çətin məntəqələrdə olur, keçilməz yerlərdən keçirlər. Özü də qar-qış, gecə-gündüz tanımadan. İşləri, daha doğrusu, geyindikləri forma, çiyinlərindəki paqonların ulduzları və müstəqil ölkəmizin müqəddəs dövlət atributları bunu tələb edir. Bəzən aylarla əzizlərindən, ailələrindən uzaqda - hərbi ezamiyyətlərdə olurlar. Usanmadan, yorulmadan VƏTƏNƏ xidmət edirlər. Heç bir “ayrılıq” onların xidmətinə mane ola bilmir. Çünki analarına - vətənlərinə xidmət edirlər. Abbas Səhhət demişkən, Vətəni sevməyən insan olmaz, olsa da, ol şəxsdə vicdan olmaz.

Eyni zamanda F.Umudov diqqətə çatdırıb ki, sərhədçilərimiz xidmətlərinin hər anında vətənin müqəddəsliyini başa düşürlər. Onların işi “iynə ilə qəbir qazmağa” bənzəyir:

“Yəni bu qədər çətin və səbir tələb edən peşədir. Bir də ki, onlar, doğrudan da, hər addımlarında qəbri, məzarı, ölümü gözə alırlar. Əllərində avtomat, qəlblərində vətən eşqi sərhədlərimizin toxunulmazlığını qoruduqları dəqiqələrdə ölümün gözünün içinə dik baxırlar. Bəzən şəhid də olurlar. Amma bu dəfə ən uca zirvəyə yüksəlir, əbədi yaşayırlar. Həm də ona görə əbədi ölümsüz ki, bu cür oğullar adicə torpağı VƏTƏNƏ çevirən şücaətli qəhrəmanlarımızdır. Bu, hər adama qismət olmur. Bunu hər adam bacarmır. Ancaq hərbçilər, o cümlədən sərhədçilər bu cür şərəfli ömür sürürlər. Onlar hər an müharibəyə hazır olduqları zaman firavan həyatlarını davam etdirən vətəndaşlar da sərhəd keşikçilərimizlə daim fəxr edir. Bu, həmişə belə olub! Gələcəkdə də belə olacaq! Çünki bu gün Azərbaycan Sərhəd Qoşunlarının başında Dövlət Sərhəd Xidmətinin rəisi, cənab general-polkovnik Elçin Quliyev dayanır. Məhz onun polad iradəsi, əzmi və qətiyyəti sayəsində bu gün ölkəmizin bütün sərhədlərində təhlükəsizlik təmin olunur. Sərhəd bölgələrində məskunlaşan qorxmaz, vətənpərvər insanlarımız məhz sərhədçilərimizə güvənərək əmin-aman şəraitdə öz həyatlarını sürdürürlər”.

Zabit məxsusi olaraq qeyd edib ki, DSX-nin işi, fəaliyyəti bununla yekunlaşmır:

“Dövlət Sərhəd Xidməti, eyni zamanda cənab Ali Baş Komandan, Prezident İlham Əliyevin və ölkənin Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın uğurla apardığı idman siyasətinə də mühüm töhfəsini verməkdədir. Bu gün Azərbaycanın idman arsenalının ağır artilleriyası hesab olunan sərhədçi çempionlar – Hacı Əliyev, Cəbrayıl Həsənov, Rüstəm Orucov, Rəsul Çunayev, Nicat Şıxəlizadə, İlqar Müşkiyev, Fəridə Abıyeva və başqa idmançıların yetişməsində Dövlət Sərhəd Xidməti zəruri dəstək göstərib. Mən də güləşən zamanlar zədə alarkən, hər hansı dəstəyə ehtiyac duyarkən, beynəlxalq turnirlərə hazırlaşarkən Dövlət Sərhəd Xidməti, şəxsən cənab general-polkovnik Elçin Quliyev bizə dəstəyini əsirgəməyib. İdmançılara göstərilən bu diqqət, qayğı bu gün də ən effektiv şəkildə davam edir. Əlbəttə, məhz həmin diqqətin və qayğının təzahürüdür ki, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti kimi mən də daxil olmaqla, bütün idman ictimaiyyəti göstərilən etimadı doğruldaraq, dünyanın istənilən ölkəsində şanlı Azərbaycan bayrağını zirvələrdə dalğalandırır.

I Avropa Oyunları, Rio Yay Olimpiya Oyunları və IV İslam Həmrəylik Oyunlarında qazanılan medalların çoxu sərhədçi idmançıların payına düşür. Əlbəttə, bunları unutmaq, yaddan çıxarmaq olmaz. Əfsuslar olsun ki, bu cür nailiyyətləri görməzdən gəlib, Dövlət Sərhəd Xidmətinin mütərəqqi işinə kölgə salmaq istəyənlərə də rast gəlinir. Amma bu qaralamalar, ləkələmələr, heç bir həqiqət payı olmayan qara piar kampaniyası tamamilə yersizdir, burnunun ucundan uzağı görməməkdir.

Şübhəsiz ki, bu sayaq əsassız kompromatlar sərhədçiləri ruhdan, həvəsdən sala bilməz. Çünki cənab general-polkovnik Elçin Quliyev başda olmaqla biz sərhədçilər bu Vətənin, bu xalqın ən taleyüklü problemlərinin aradan qaldırılması və həlli ilə məşğuluq. Bu mənada yenə izhar edirəm ki, biz sərhədçilər ölkə rəhbərliyinin bizə olan etimad və inamını doğrultmaya bilməzdik. Çünki Azərbaycanda idmana və idmançılara dəstək, qayğı məhz cənab Ali Baş Komandan İlham Əliyevin və hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın prioritet hesab etdiyi məsələdir. Biz idmançılar da daim bizə olan inamı, ümidi doğrultmağa çalışmışıq, bundan sonra da ciddi cəhdlə çalışacağıq. Əlbəttə, bütün bu işlər Dövlət Sərhəd Xidmətinin işini aydın şəkildə ortaya qoyur. Var olsun xalqımız, yaşasın müstəqil Azərbaycanımız!”

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri