17 
Okt
2020
17:25
979
53
5441
Virtual karabakh

Palançı olmağı da bacarmayan papaqsız siyasətçi

17 Okt, 2020
17:25
5441

Palançı olmağı da bacarmayan papaqsız siyasətçi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Ermənistanın hərbi-siyasi hakimiyyəti növbəti vəhşiliyini törətdi. Gəncə şəhəri, onun mülki əhalisi yenə də Ermənistan ərazisindən “Elbrus” (SKUD) sistemindən atılmış raket zərbəsinə məruz qaldı. Bu vəhşilik bu dəfə də gecə saatlarında törədildi. Aralarında uşaq, qadın, qoca olmaqla, 13 həmvətənimiz həyatını itirib, 40 nəfərdən çox mülki şəxs xəsarət alıb. Allah həlak olanlara rəhmət eləsin, yaralılara şəfa versin.

Bu vəhşiliyin də arxasında Paşinyan və onun hakimiyyətində təmsil olunanlar dayanır.

Beynəlxalq hüquqda bu vəhşilik müharibə və insanlığa qarşı cinayət kimi tövsif olunur. İnsanlıq kodeksində adı isə namərdlik, xainlik və nakişilikdir. Bu cür əməllərin bədəli həm qanunla, həm də həyatda çox ağır olur. Paşinyan əmin olsun ki, çox keçməz, bunun bədəlini ödəyəcək. Amma ondan fərqli olaraq, bu, döyüş meydanında baş verəcək. Azərbaycan xalqı və ordusu uşaq, qadın, qoca və əlində bizə qarşı silah tutmayan mülki əhali ilə müharibə aparmır. Fərqimiz bundadır.

Paşinyanın bu cinayətlərinə özlərini bilərəkdən və ya  bilməyərəkdən şərik edənlər də var.

Bunlar 30 ilə yaxındır ki, danışıqlarda Ermənistanın imitasiya oyununa göz yumanlar, son günlərdə eşitdiyimiz beynəlxalq hüquqa zidd bəyanat verənlər, tərəfsiz vasitəçilik missiyasını pozanlar və işğalçını bu gün də silah-sursatla təchiz edənlərdir. Onlar bilməlidirlər ki, hər kəsin əməlinə görə İlahi qüvvənin elə bu dünyada verdiyi cavabı olur. Buna bumeranq da deyirlər. Bizlərdə isə deyərlər ki, “nə əkərsən, onu da biçərsən”.

30 il boyunca haqqı nahaqqa qurban verənlər, işğalçı ilə işğala məruz qalan arasında ədalətsiz bərabərlik işarəsini qoyanlar, haqsız olana açıq və ya gizli şəkildə siyasi-hərbi dəstək verənlər, gec-tez özləri də eyni haqsızlıqla üzləşməli olacaqlar.

Azərbaycan xalqının bu illər ərzində çəkdiyi mənəvi iztirabı, milli qürurla oynamağın doğurduğu acı hissləri, haqq savaşında verilən şəhidlərin ağrısını, torpaq və ərazi bütövlüyünün müqəddəsliyini yalnız o zaman başa düşərlər.

Paşinyan isə onu da bilməlidir ki, vəhşilik etdiyi şəhərin adını daşıdığı böyük Nizami Gəncəvinin məşhur bir kəlamı var: “Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan”.

Paşinyanın törətdiyi əməllər sayəsində özü-özünü saldığı bugünkü aciz durumu sübut etdi ki, jurnalist və siyasətçi qismində  alayarımçıq olduğu kimi, onun palançılığı da alayarımçıqdır. Papaq deyilən müqəddəs anlayışın isə ona heç bir aidiyyəti yoxdur.

Əminəm ki, onun papaq daşımağa haqqı olmadığını erməni xalqı da çox tezliklə başa düşəcək. Ən əsası, Paşinyanın papaqsız birisi olduğunu, Azərbaycan Ordusu tezliklə Şuşaya və Xankəndinə müqəddəs Azərbaycan bayrağını yenidən sancanda, erməni xalqı indi olmasa da, o zaman bu həqiqəti dərk edəcək. Lakin onda gec olacaq. Ayılmaları lazımdır...

Milli Məclisin deputatı
Ülvi Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri