Apr
2021
16:18
27
190
4774
Virtual karabakh

Yalnız kinolarda olur: Ayağını minaya basırsan, amma partlamır – XƏBƏRDARLIQ

5 Apr, 2021
16:18
4774

Yalnız kinolarda olur: Ayağını minaya basırsan, amma partlamır – XƏBƏRDARLIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hərbçi ya da xüsusi missiya tapşırılmış biri, əməliyyatda olarkən ayağını minaya basır, bunu hiss edir, dayanır. Sonra kənardan kimsə gəlib, minanı zərərsizləşdirir və ya üstünə daş qoyduqdan sonra həmin şəxs ayağını oradan çəkir, beləcə partlayış olmur ya da bir az gec partlayır. Guya ayağı minadan çəkəndən sonra partlayış baş verir.  Yəqin ki, belə səhnələr filmlərdən çoxunuza tanışdır.

Amma deyildiyi kimi, bu, filmdir, özü də bu səhnələr reallıqla əlaqələrin itirildiyi epizodlardır. Reallıqda vəziyyət tam fərqlidir, piyada minaya ayağını basdığı anda mina partlayır. Eləcə də tank əleyhinə minalar, lazımi çəki ilə təzyiqə məruz qaldıqda partlayır.

Azərbaycan Qarabağı işğaldan azad etdikdən sonra minalarla çirklənmiş əraziləri təmizləməyi əsas hədəflərdən biri elan edib. Ancaq bəzi şəxslər hələ də mina təhlükəsini gözardı edir, minalarla, partlamamış sursatlarla zəngin olan ərazilərə qeyri-qanuni keçirlər və ya buna cəhd edirlər.

Rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlara görə, 2021-ci ilin fevral ayında 8 hadisə nəticəsində 18 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb. Nəticədə iki hərbçi və beş mülki şəxs həlak olub, dörd mülki şəxs və yeddi hərbçi yaralanıb. 2021-ci ilin fevral ayında minalar və partlamamış hərbi sursatlarla bağlı hadisələr Füzuli, Ağdam, Tərtər və Cəbrayıl rayonlarının ərazisində baş verib.

Ümumilikdə 2021-ci ilin ilk iki ayında 28 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.

Bu rəqəmlər Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin (MƏAK İB) aprelin 3-də yaydığı açıqlamasında yer alıb.

MƏAK İB-nin sədri Hafiz Səfixanov Oxu.Az-a deyib ki, mina təhlükəsi ilə bağlı maarifləndirmə işlərini gücləndirmək lazımdır.

“Kütləvi informasiya vasitələrinin üzərinə bu işdə çox böyük vəzifə düşür. Mediada mütəmadi olaraq maarifləndirmə işləri aparmalıdır”, - deyə H.Səfixanov bildirib.

Onun sözlərinə görə, minalı ərazilərə qeyri-qanuni yollarla keçənlərə qarşı inzibati cəzaları sərtləşdirmək lazımdır.

H.Səfixanov qeyd edib ki, minaların təmizlənməsi və zərərsizləşdirilməsi üçün mütəxəssislər aylarla kurs keçirlər.

“İndi kimsə düşünürsə ki, minanı özü zərərsizləşdirə bilər – bu ki, absurd, cahil bir fikirdir”.

H.Səfixanov onu da əlavə edib ki, vətəndaşlar partlamamış hərbi sursatlarla təmasdan da çəkinməlidir.

“Çünki partlamamış hərbi sursat mina kimi bir şeydir. Onlara qətiyyən toxunmaq olmaz. Partlamamış hərbi sursat gördükdə bu barədə mütləq müvafiq orqanlara xəbər verilməlidir”,-deyə H.Səfixanov fikrini yekunlaşdırıb.

İşğaldan azad edilmiş ərazilərdə bəzən 1 kvadrat metr yerdə 4-5, 100 kvadrat metr yerdə isə 50-60 mina aşkarlanır.

Bununla bağlı Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Horadiz İnzibati Mərkəzinin əməliyyatlar üzrə mütəxəssisi Azər Hüseynov deyib.

O qeyd edib ki, ermənilər çoxlu sayda tələ mina da basdırıblar. Aşkar görünən minaların ətrafında gizli basdırılmış minalar aşkarlanır.

Deməli, vətəndaşlar istəklərinin qurbanına çevrilmək istəmirlərsə, mütləq qaydalara əməl etməlidirlər. Necə deyərlər, hər anın öz hökmü var və bu deyimdən minalı ərazilərə münasibətdə dərs çıxarmaq lazımdır. 

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri