15 
İyl
2021
11:56
340
16
9168
Virtual karabakh

Şəhid polkovnik-leytenantın xanımı: “Şəhadətə yüksəlməzdən əvvəl qurban kəsdirib dedi ki...” - REPORTAJ + FOTO

15 İyl, 2021
11:56
9168

Şəhid polkovnik-leytenantın xanımı: “Şəhadətə yüksəlməzdən əvvəl qurban kəsdirib dedi ki...” - REPORTAJ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən bizə illərdən bəri əmanət olaraq ötürülən qiymətli sərvətdir. Vətən dəyərdir, amaldır. Bu amala hər kəs layiqincə xidmət etməlidir. Hər insan yaşadığı torpağını canından əziz tutmalıdır. Elə 44 günlük Vətən müharibəsində 30 illik həsrətə son qoyub xalqı işğal altında olan torpaqlara qovuşduran şəhidlərimiz kimi.

Onlardan biri də şəhid, topçu, polkovnik-leytenant Zaur Cəfərovdur. O, Azərbaycan Ordusunun Ağır Artileriya Briqadasının Qərargah rəisi olub.

Polkovnik-leytenant Zaur Cəfərov 1980-ci il martın 4-də Kəlbəcər rayonunun Başlıbel kəndində ziyalı bir ailədə dünyaya gəlib.

Şəhidin həyat yoldaşı Gülbəniz Cəfərova deyir ki, polkovnik-leytenant Zaur Cəfərov Tərtərdə N saylı hərbi hissədə qərargah rəisi kimi xidmət edirdi:

“Zaur topçu idi. Xidmət etdiyi hərbi hissədən hərbçi yoldaşları ilə birlikdə döyüşlərə qatılmışdılar. Sonuncu dəfə oktyabrın 8-də danışmışdıq. Ondan sonra Zaura zəng çatmamışdı. İşi ilə əlaqədar düşündüm ki, özü yığar sonra. Lakin düşündüyüm kimi olmadı, onun nömrəsinə bir də heç vaxt zəng çatmadı”.

“Canını Vətən uğrunda vermək onun üçün şərəf olub” deyən şəhidin xanımı Zaurun şəhidlik xəbərini hərbçi yoldaşlarından eşidib:

“Zabit yoldaşları onun qəhrəmanlığından danışır. Vətən müharibəsində Zaur Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Hərbçi yoldaşları deyir ki, irəli gedən zaman o və onun yanında olan digər hərbçilər minaya düşərək, şəhid olublar.

Zaurun şəhid xəbərini eşidəndə inana bilmədim. O, o qədər peşəkar hərbçi idi ki, düşündüm ki, yanlış anlaşılma var. Amma sonra bildik ki, Zaur şəhid olub. Zaur o qədər mehriban, sadə, mərd insan idi ki, hər kəs onun mərhəmətindən, insanlığından danışır. Əsgərlər deyir ki, bizimlə elə rəftar edirdi ki, heç inanmırdıq ki, o, qərargah rəisidir. Bu cür oğul Vətən yolunda canından, ailəsindən, üç körpə övladından keçdi”.

Şəhid polkovnik-leytenant Zaur Cəfərov sağlığında Vətənə göstərdiyi xidmətlərinə görə 9 medal, şəhadətə yüksəldikdən sonra isə üç medal ilə təltif edilib.

Şəhidin bacısı Şəhla Süleymanova deyir ki, qardaşının keçdiyi şərəfli yol ilə qürur duysa da, onun yoxluğuna öyrəşə bilmədiklərini dilə gətirib.

O deyir ki, qardaşı oktyabrın 6-da ailəsi ilə əlaqə saxlayaraq qurban kəsdirmələrini deyib. 


Şəhidin həyat yoldaşı həmin söhbəti belə nəql edir:

“Zaur qurban kəsməyimi istədi, mən də yubatmadan aldım, kəsdirdim. Sonra balaca oğlu Həsəni görüşə gətirməyimi istədi. Ayın altısı oğlu ilə görüşdü, 3 gün sonra şəhadətə yüksəldi. Oğlu ilə həsrətini boğurdu. Qurbanı isə torpaqlarımızın azad olunmasına görə, bu günün gəldiyinə görə kəsməyimi istədi. Yerə-göyə sığmırdı Zaur, kaş Qarabağın azad olunduğunu özü də görərdi. 
Əhdini öz statusunda da paylaşmışdı. Yazmışdı ki, sevindiyimdən üzümü qırxmamışdım, düşmənin dərinliyinə girəndən sonra üzünü təmizlədi”.

Qərargah rəisi olmasına baxmayaraq, düşməndən çoxsaylı qənimətlər də gətirib polkovnik-leytenant Zaur Cəfərov, maşınları, tankları özü şəxsən sürüb gətirirmiş.

Həyat yoldaşı deyir ki, Zaur Cəfərovun gətirdiyi tankların nömrələrini Hərbi Qənimətlər parkında axtarmaq da olar. O nömrələr məndə var. Hərbi Qənimətlər parkına gedib, Zaurun gətirdiyi tankları, maşınları görə bilirik. Çox heyf ki, bu gün onun yoxluğunu yaşayırıq. Allah bütün şəhidlərə rəhmət eləsin, qazilərimizə tez zamanda şəfa versin”.

Şəhid polkovnik-leytenant Zaur Cəfərovun Vətənə əmanət iki qız, bir oğul övladı var.

Könül Cəfərli
FOTO: Firudin Səlimov

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri