24 
İyl
2021
12:49
147
30
2817
Virtual karabakh

Beynəlxalq birlik yeni reallıqlarla razılaşmalıdır

24 İyl, 2021
12:49
2817

Beynəlxalq birlik yeni reallıqlarla razılaşmalıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə edilmiş qələbədən sonra Cənubi Qafqaz regionunda yeni siyasi, iqtisadi və hüquqi reallıqlar formalaşıb.

Bunların hər biri çox ciddi və dərin təhlil tələb edir və həmin reallıqlar sırasında otuz ilə yaxın davam etmiş və artıq tarixə qovuşan münaqişənin məntiqi nəticəsi kimi uzun müddət beynəlxalq leksikonda istifadə edilən bəzi məfhumların tamamilə aradan qaldırılması diqqət çəkir. Əlbəttə ki, bu yanaşma ilk növbədə keçmiş münaqişənin kontekstində istifadə edilən Dağlıq Qarabağ termininə və “status” məsələsinə aiddir. Xatırlatmaq istərdim ki, Azərbaycan parlamenti müstəqilliyimiz bərpa edildikdən bir ay sonra, 1991-ci ilin noyabr ayında Dağlıq Qarabağ muxtar vilayətini ləğv edib. Sonrakı dövrdə Dağlıq Qarabağ termininin istifadə edilməsi müvafiq ərazi ilə deyil, yalnız silahlı münaqişə ilə bağlı olub. Bunun təsdiqi istər beynəlxalq sənədlərdə, istərsə də diplomatik danışıqların gedişini əks etdirən rəsmi materiallarda tapıla bilər. Ən mühüm məqam ondan ibarətdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəllər mövcud olmuş münaqişə ilə bağlı müxtəlif səviyyələrdə Azərbaycan-Ermənistan Dağlıq Qarabağ sözlərindən istifadə edib və ölkəmizin əldə etdiyi möhtəşəm qələbədən sonra artıq terminoloji yanaşma tamamilə dəyişib.

Ümumiyyətlə Azərbaycanda Dağlıq Qarabağ adlanan ərazi vahidi mövcud deyil. “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Prezidentin 7 iyul 2021-ci il tarixli fərmanında, Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) öz əksini tapıb.  

İkinci mühüm məsələyə - “statusa” gəldikdə, bu, ümumiyyətlə siyasi və hüquqi gündəlikdə olmayan bir məsələdir və müzakirə predmeti deyil. Xatırlatmaq istərdim ki, beynəlxalq hüquqa zidd “status” məsələsini və öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi cəhdi Ermənistanla Azərbaycan arasında silahlı münaqişənin katalizatoru rolunu oynayıb və nəticə etibarı ilə bütövlükdə regionun təhlükəsizliyinə uzun müddət ciddi təhdid yaradıb, Azərbaycan xalqına qarşı soyqırımı, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, etnik təmizləmələrlə nəticələnib. Dövlət başçısının bu məsələyə çox aydın, müasir beynəlxalq hüquqa əsaslanan yanaşması hər kəsə yaxşı məlumdur və artıq yeni geo-siyası reallıqlar beynəlxalq müstəvidə də öz təsdiqini tapır.

Buna sübut olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri zamanı ümumiyyətlə nə “Dağlıq Qarabağ” və də “status” terminlərinin istifadə etməməsini qeyd etmək olar. Təxminən 25 min əhalisi olan bir əraziyə müəmmalı “statusun” verilməsi məsələsinin gündəmə gətirilməsi belə absurd bir şeydir və əgər hansısa bir dövlət bunu dəstəkləmək istəyirsə, öz ərazisində ermənilərə arzuladığı statusu verə bilər. Ancaq tam məsuliyyətlə qeyd edilməlidir ki, istər müasir beynəlxalq hüquqda, istərsə də müqayisəli məhkəmə təcrübəsində dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşı yönələn cəhdlərə çox sərt mövqe sərgilənir və etnik separatçılıq meyllərinin qarşısının alınması istiqamətində qətiyyətli addımlar atılır.

Nizami Səfərov,

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü,

hüquq elmləri doktoru

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri