Sen
2021
17:02
42
71
1823
Virtual karabakh

“Human Rights Watch”dan ermənilərin Azərbaycan məktəblərinə etdiyi hücumlarla bağlı HESABAT - FOTO/VİDEO

8 Sen, 2021
17:02
1823

“Human Rights Watch”dan ermənilərin Azərbaycan məktəblərinə etdiyi hücumlarla bağlı HESABAT - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Human Rights Watch” təşkilatı 44 günlük müharibə zamanı Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın müxtəlif rayonlarında təhsil müəssisələrinə və mülki əhaliyə qarşı törətdiyi hərbi cinayətlərlə bağlı hesabat hazırlayıb. 

Hesabat qurumun rəsmi saytında yerləşdirilib. Bu hesabat 27 sentyabr və 10 noyabr tarixləri arasında gedən döyüşlər zamanı ermənilər tərəfindən məktəblərə edilən hücumları araşdırıb.

Rəsmi mənbələrə görə, belə hücumlar zamanı Azərbaycanda 54 məktəb dağıdılıb və zərər görüb. Bir sıra uşaq bağçası, incəsənət və idman məktəbləri, texnikumlar hücuma məruz qalıb.

Azərbaycanın qədim karvan yolu üzərində yerləşən Tərtər şəhəri döyüşlər zamanı Ermənistan tərəfindən atılan raket və ağır artilleriya zərbələrinə məruz qalıb. “Human Rights Watch” nəticəyə gəlib ki, erməni silahlı qüvvələri dəfələrlə şəhərdə mülki şəxslərin sıx məskunlaşdığı yerlərə qeyri-dəqiq, partlayıcı raket sistemlərindən hədəflərə fərq qoymadan istifadə edib və bu, qanunsuz hücumdur.

Hesabatda oktyabrın 2-si Tərtərin Şıxarx qəsəbəsindəki uşaq bağçasına, bir gün sonra şəhərin 1 nömrəli məktəbinə artilleriya hücumu edildiyi qeyd olunub. Eyni zamanda bildirilib ki, oktyabrın 5-də Tərtərin 5 saylı məktəbi də raket hücumuna məruz qalıb. Hücum zamanı məktəbin sinif otaqları dağılıb. 

Bundan başqa, hesabatda oktyabrın ortalarında Şıxarx qəsəbəsində yerləşən orta təhsil və musiqi məktəblərinin də oxşar hücumlara məruz qaldığı bildirilib.

Təşkilat Azərbaycandakı rəsmi mənbələrə istinadla məlumat yayıb ki, noyabrın əvvəllərinə olan rəqəmə görə, təkcə Tərtərdə 14 məktəb, üç uşaq bağçası, bir peşə məktəbi dağıdılıb, 17 mülki vətəndaş erməni silahlı birləşmələrinin qanunsuz hücumları zamanı öldürülüb.

“Human Rights Watch” ermənilərin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə də bir neçə dəfə raketlərlə hücum etdiyini hesabatda qeyd edib. Oktyabrın 5-də Gəncə şəhər 4 saylı orta məktəbə Rusiya istehsalı “Smerch” raketi ilə hücum olub. 

Oktyabrın 8-də saat 11 radələrindən “Smerch” raketi Azərbaycanın üçüncü böyük şəhəri olan Bərdədə 5 nömrəli orta məktəbin həyətinə düşüb. Hücum zamanı beş nəfər xəsarət alıb. 

Oktyabrın 14-ü saat 10 radələrində iki ağır artilleriya raketi Tərtərin iki kilometr uzaqlığında yerləşən Düyərli kənd məktəbinin həyətinə düşüb. Üçüncü raket isə məktəbdə beş sinif otağını yararsız vəziyyətə salıb və bütün məktəb binası yanıb. 

Bundan başqa, hesabatda ermənilər tərəfindən 17 oktyabr saat 01:30 radələrində “Scud-B” ballistik raketinin Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə atıldığı, hadisə zamanı 21 nəfərin öldüyü bildirilib.

İlk partlayış Muxtar Hacıyev küçəsindəki evləri, 29 saylı orta təhsil məktəbi və 10 nömrəli uşaq bağçasını dağıdıb. Zərbə hətta 850 metr aralıda yerləşən 18 saylı məktəbin pəncərələrini sındırıb. Hücum zamanı 10 mülki vətəndaş evlərində həlak olub. Onların dördü 29 saylı məktəbin şagirdi olub – 11 yaşlı Orxan, onun bacısı 6 yaşlı Məryəm, həmçinin onların digər bacısı və anası; nənəsi tərəfindən himayə edilən 13 yaşlı Artur və digər 4 ailə üzvü ilə birlikdə 14 yaşlı Nigar.

Oktyabrın 19-da ermənilər Ağdamın Birinci Baharlı qəsəbəsini hədəfə alıb. Günorta saatlarında atılan “Qrad” raketi 1 nömrəli məktəbi dağıdıb. Bu məktəb 2020-ci ilin əvvəlində təmir edilmişdi. Hücum zamanı məktəbdən 100 metr məsafədə yerləşəm uşaq bağçası da ziyan görüb.

Noyabrın 2-də mənfur düşmən Ağdam rayonunun Məhrizli kəndini hədəf seçib. Səhər saat 6-da edilən hücum zamanı kəndin məktəbi dağıdılıb. Hesabatda qeyd edilib ki, bu, həmin kəndə edilən ikinci hücum olub. Birinci hücum isə oktyabrın 10-da baş verib. 

Noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri arasında üçtərəfli bəyanat imzalanıb. Hesabatda qeyd edilib ki, bəyanatdan sonra ermənilər tərk etdikləri əraziləri yandırmaqdan belə çəkinməyiblər. Təşkilat üzvləri bildiriblər ki, noyabrın 22-də Kəlbəcər rayonunda olan zaman oradakı məktəblərin hələ də yandığının şahidi olublar.

 

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri