Okt
2021
11:52
507
14
4176
Virtual karabakh

Birinci sinifdə içdiyi andı Vətən müharibəsində yerinə yetirən şəhidimiz - FOTO/VİDEO

7 Okt, 2021
11:52
4176

Birinci sinifdə içdiyi andı Vətən müharibəsində yerinə yetirən şəhidimiz - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

44 günlük Vətən müharibəsi tariximizin şanlı səhifəsidir. Ötən ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi nəticəsində 30 illik həsrətə son verildi və Azərbaycan öz doğma torpaqlarına qovuşdu. 

Bizim torpaqlarımızın mənfur düşməndən azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçdilər.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2907 hərbi qulluqçusu şəhid olub. 

Şəhid qəhrəmanlarımızdan biri də Nurlan Yaşar oğlu Sultanovdur. 

Şəhidimiz 31 may 1999-cu ildə Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olub. O, döyüşlər başlayan zaman hərbi xidmətdə olub.

Şəhidin anası Rəna Mustafayeva deyir ki, evdə Nurlandan qalan əşyaları xatirə kimi saxlayır və təsəlli tapır:

“Hər gün oğlumun şəklinə, əşyalarına baxıram. Nurlan 2007-ci ildə birinci sinfə gedib. Əlifba bayramında ibtidai sinif müəllimi onu hərbə aid şeir demək üçün seçib. Mən də ona hərbi paltar aldım.

Nurlanım elə əlifba bayramında şeiri deyən zaman Qarabağı ermənilərdən qorumağa and içib.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Oxu.Az (@oxuaz)

O, 2020-ci ildə əsgər getdi. Elə hərbi xidmətdə olan zaman müharibədə öz andını yerinə yetirdi, Vətən uğrunda şəhid oldu. Mənim üçün Nurlan kimi oğulu itirmək çox ağırdır (ağlayır)”.

R.Mustafayevanın sözlərinə görə, Nurlan şəhid olmadan bir gün əvvəl anası ilə danışıb:

“O, əsgərlikdə olan zaman mən onunla iki-üç gün danışmayanda narahat olurdum. Şəhid olandan bir gün əvvəl mənə zəng etdi və dedi ki, ana, mən sənə iki gün sonra zəng vuracağam.

Telefonuma zəng çatmasa, narahat olma. Onun döyüşə girdiyini bilmirdim. Hər dəfə mənə deyirdi ki, narahat olma, döyüşdə deyiləm, uşaqlara yemək paylayıram. Ölümündən bir gün əvvəl bildim ki, döyüşdə olub”.

Ana deyir ki, oğlunun döyüşlərdə topçu olduğundan xəbərsiz olub:

“Nurlan sözünün üstündə duran idi. Heç vaxt istəməzdi ki, mən narahat olum. Mən oğlumu uşaqlara yemək paylayan bilirdim, amma o, topçu imiş. Məni çox arxayın salmışdı ki, inanmazdım ki, o ölər...”

Azərbaycan Ordusunun əsgəri olan Nurlan Sultanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nurlan Sultanov noyabrın 3-də Qubadlı döyüşləri zamanı şəhid olub.

Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə, N.Sultanov ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının  azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə”  və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

İndi Nurlan Sultanovdan geridə qalan evin bir küncündə olan əşyalarından ibarət xatirələrdir. 

Allah şəhidlərimizə rəhmət eləsin!

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri