12 
Okt
2021
11:48
281
13
988
Virtual karabakh

“Minalar sülhü məhv edir”: Ermənistanın müharibə cinayətləri Kolumbiya televiziyasında - VİDEO

Kolumbiyanın nüfuzlu televiziya proqramı “Testigo Directo” verilişində Ermənistan tərəfindən aparılmış kütləvi minalama və Azərbaycanın həyata keçirdiyi minatəmizləmə işləri barədə hazırladığı “Azərbaycan Odisseyası – Minalar sülhü məhv edir” adlı reportaj efirə gedib.

Verilişdə Ermənistanın BMT TŞ-nin qətnamələrinə məhəl qoymayan 30 ilə yaxın qeyri-qanuni işğalda saxladığı Azərbaycan ərazilərində kütləvi minalama apardığı, bu səbəbdən hərbi əməliyyatların bitməsindən keçən 11 ay müddətində 150-ə yaxın hərbi və mülki azərbaycanlının həlak olduğu və yaralandığı bildirilir.

Azərbaycan ərazilərinin kütləvi minalanması faktının Ermənistan Baş naziri N.Paşinyan tərəfindən xeyli müddət təkzib edildiyi, yekunda yüksək rütbəli erməni hərbçilər tərəfindən sözügedən müharibə cinayətinin etiraf edildiyi qeyd olunur.

Reportajın müəllifi, tanınmış jurnalist Roberto Trobaxo Kolumbiya və Azərbaycanın üzləşdiyi, ərazilərinin kütləvi minalanması problemləri arasında paralellər aparır, bu xüsusda Kolumbiyada “gerilla” birlikləri tərəfindən ölkə üzrə geniş ərazilərdə eyni qaydada kütləvi minalama aparıldığını qeyd edir. Bununla yanaşı, Kolumbiyada həmin qeyri-qanuni qruplaşmaların minaların yerləşmə xəritəsini hökumətə təqdim etməkdən boyun qaçırdığı kimi, Ermənistan rəhbərliyinin də Azərbaycan ərazisində kütləvi şəkildə minaladığı sahələrin xəritəsini verməkdən imtina etdiyi və bu durumun həm Kolumbiya, həm də Azərbaycanda mülki insanlar arasında çoxsaylı tələfata səbəb olduğu deyilir.

Reportajda Xarici İşlər nazirinin müavini Elnur Məmmədov, XİN-in Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva və ölkəmizin Meksikadakı səfiri Məmməd Talıbovun işğaldan azad olunmuş ərazilərimizdə Ermənistanın apardığı kütləvi minalamanın bölgədə yaşayış infrastrukturunun bərpası, azərbaycanlı məcburi köçkünlərin evlərinə qayıdışına ciddi maneə törətdiyi haqda açıqlamaları təqdim olunur.

Adıçəkilən proqram Kolumbiyanın bütün ölkə ərazisində, habelə Latın Amerikasının digər ölkələri və ABŞ-da da yayımlanmaqla yanaşı, “Youtube” və sosial şəbəkə platformalarında milyonlarla izləyiciyə xitab edir.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri