20 
Noy
2021
13:24
21
340
5355
Virtual karabakh

Viktor Miklyayev erməni vəhşiliyindən danışdı: “Qızın başını divara çırpıb öldürdülər” - FOTO

20 Noy, 2021
13:24
5355

Viktor Miklyayev erməni vəhşiliyindən danışdı: “Qızın başını divara çırpıb öldürdülər” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“1991-сi ildə Bakıya məzuniyyətə gəldim. Mənim qonşum – polkovnik Allahverdi Nuriyev dedi ki, Azərbaycanda Milli Ordu formalaşır, zabitlər gərəkdir. Beləcə mən Sovet ordusundan ayrıldım və Vətənə qayıtdım. 1991-ci ildə Azərbaycan SSR Müdafiə Nazirliyinin HHM artilleriyasının rabitə bölməsinin rəisinin müşaviri oldum”.

Bu sözləri Media.Az-a müsahibəsində 90-cı illərin Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant Viktor Miklyayev deyib.

Veteran bildirib ki, o həmin dövrdə hərbi hissələrin rabitə vasitələrinin qaydasında olub-olmadığını yoxlayıb. V.Miklyayev 1992-ci ildə ermənilərlə Qarabağda toqquşmaların başladığı dövrdə Ağdamın kəndlərindən birində şahidi olduğu hadisədən də bəhs edib:

“1992-ci ildə artıq toqquşmalar başlamışdı. Yadımdadır, Ağdamın kəndlərindən birinə gəldim, gördüm ki, yerdə 16 meyit var. Yerdə rus qadın oturub qızının meyiti üstündə hönkür-hönkür ağlayır. Anlayırdım ki, onu sakitləşdirmək üçün edə biləcəyim heç nə yox idi...

Yanımda dayanan azərbaycanlı qadın mənə deyir ki, gecə ermənilər qızı öldürüblər. Qızın başını evin divarına çırpıblar. Başı parçalanıb, dərhal ölüb, ətrafdakı hər şey isə qan içində idi. Mən hərbçiyəm, təbii ki, belə səhnələrə öyrəşmişəm, amma bu cür vəhşilik məni də şoka saldı. Bu adamlar isə deyirlər ki, münaqişə dini xarakter daşıyır, bu, əsl quldurluqdur. Bu hadisədən sonra rəisim dözməyib vəzifəsini tərk etdi, mən isə onun yerinə keçdim”.

Ehtiyatda olan polkovnik-leytenant həmçinin Ağdamda “Qarabağ” klubu ilə “Turan” arasında baş tutmuş son qarşılaşmanı da izlədiyini bildirib.

“Ağdam barədə danışıram, gözümün qabağına “Qarabağ”ın “İmarət” stadionunda “Turan”la son görüşü gəlir. Həmin vaxt “Qarabağ” 1:0 hesabı ilə qalib gəldi. Bu, işğaldan bir qədər əvvəl olub”.

V.Miklyayevin sözlərinə görə, 1992-ci ildə Qarabağ regionunun bütün əhalisindən ov silahları götürülüb.

“Söhbət azərbaycanlılardan gedir. Ermənilərin əlində isə Xankəndidə olan motoatıcı alayı var idi, buradakı sovet əsgərlərinin 90 faizi erməni millətindən olan şəxslər idi . Nədənsə bu məsələ kiçildilir. Orada 3-4 alayın silahı var idi, söhbət pulemyotlardan, avtomatlardan və digər silah növlərindən gedir. Bunlar sovet ordusunun “qalıqları” idi, əslində o zaman faktiki olaraq artıq SSRİ mövcud deyildi, amma silahlı bir alay var idi. Bu səbəbdən azərbaycanlılar ermənilərin faktiki olaraq əliyalın əhaliyə hücumuna lazımi cavab verə bilmədilər”.

Müharibə veteranı həmçinin ermənilərin istənilən vaxt hər kəsi kürəyindən bıçaqlaya biləcək bir xalq olduğunu vurğulayıb:

“Bu hadisələrdən xeyli əvvəl atam mənə xəbərdarlıq etmişdi. Bir dəfə demişdi ki, bizim süfrəmizdə heç vaxt erməni oturmayacaq. Söhbət 60-cı illərdən gedir. Atam dedi ki, ermənilər hər zaman kürəyindən bıçaq sancmağa hazır xalqdır. Mənə xəbərdarlıq etdi:

 “Oğlum, onlara tam etibar etmə, onların qoynunda hər zaman gizli niyyətləri var”.

Belə də oldu. Axı biz mehriban xalqıq, belə alçaqlığı ağlımıza belə gətirə bilməzdik, onları qonşu sayırdıq... Azərbaycanda erməniləri heç vaxt sıxışdırmayıblar, həmişə yaxşı rəftar ediblər, əvəzində isə onlar kürəyindən bıçaqladılar”.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri