Dek
2021
13:42
258
19
5517
Virtual karabakh

Azərbaycan Ermənistanın Hərbi Qənimətlər Parkı ilə bağlı iddiasını hansı sübutlarla uddu? - VİDEO

8 Dek, 2021
13:42
5517

Azərbaycan Ermənistanın Hərbi Qənimətlər Parkı ilə bağlı iddiasını hansı sübutlarla uddu? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində vəsatət kimi qaldırdığı iki məsələdən biri Bakıdakı Hərbi Qənimətlər Parkı ilə bağlı idi. Qarşı tərəf hələ aprel ayından etibarən müxtəlif dövlətlərə və beynəlxalq qurumlara məktub yazaraq Hərbi Qənimətlər Parkının insan hüquqlarının pozulması kimi qələmə verməyə çalışıb. Ermənipərəst qüvvələrin bəzi bəyanatlarında da bu məsələ həmişə qabardılmışdır”.

Bunu Oxu.Az-ın əməkdaşının sualına cavab olaraq xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanı təmsil etmiş E.Məmmədov Ermənistanın Hərbi Qənimətlər Parkının ləğvi ilə bağlı qaldırdığı iddiadan danışıb. O, bunun əsassız olduğunu və hansı sübutları təqdim etdiklərini bildirib:

“Azərbaycan bütün bu dövr ərzində bu məsələ ilə bağlı vahid mövqedən çıxış etmişdir. Bizim mövqeyimiz isə belə olub: burada erməni xalqına qarşı hər hansısa etnik nifrətdən söhbət gedə bilməz. Hərbi Qənimətlər Parkında 30 il ərzində Qarabağda baş verən hadisələr, orada işğalçılar tərəfindən silahsız vətəndaşlarımıza qarşı istifadə olunan hərbi sursat və vasitələr, beynəlxalq humanitar hüququn kobud pozulmasına səbəb olan ballistik raketlərin qalıqları muzey kimi parkda nümayiş olunur. Bu da bir tarix olaraq bütün yerli və beynəlxalq ictimaiyyətə göstərilir.

Biz bütün beynəlxalq təşkilatlara bildirmişik ki, bu parkın açılması ilə erməni millətinə qarşı etnik nifrət arasında heç bir bağlılıq yoxdur. ABŞ kimi digər ölkələrdə mövcud olan hərbi qənimətlər parkını nümunə göstərmişik və bildirmişik ki, onlardan heç bir halda fərqlənmir”.

O, Azərbaycan tərəfinin mövqeyinin dəstəklənməsində Hərbi Qənimətlər Parkında ilk günlərdə quraşdırılmış erməni hərbçilərinə məxsus dəbilqə və maketlərin oradan götürülməsinin də rolu olduğunu söyləyib:

“Biz dəfələrlə mövqeyimizi bildirmişik ki, bu iddia Ermənistan üçün siyasi xal qazanmaq istəyidir. Onların məqsədi bu məsələdən qalib ayrılaraq bunu tirajlamaq və bütün dünyaya Azərbaycanın ermənilərə qarşı etnik nifrəti kimi təqdim etmək idi. Düşünürəm ki, Azərbaycan tərəfinin Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etdiyi bu arqumentlər inandırıcı oldu. Ermənistan tərəfindən narahatlıq doğuran bəzi eksponatların könüllü şəkildə aradan qaldırılmasını da nəzərə alaraq, məhkəmə bu məsələdə Azərbaycan tərəfinin mövqeyini dəstəklədi. Məhkəmənin məsələyə bu cür yanaşması, təbii ki, bizi sevindirir”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri