27 
İyl
2022
12:12
145
34
3290
Virtual karabakh

Artur Ağacanov: “Ermənistanın Azərbaycan və Türkiyə ilə yaxınlaşması qaçılmazdır” - MÜSAHİBƏ

27 İyl, 2022
12:12
3290

Artur Ağacanov: “Ermənistanın Azərbaycan və Türkiyə ilə yaxınlaşması qaçılmazdır” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda siyasi həyat yayda da qaynamağa davam edir, buna baxmayaraq, Ermənistanın baş naziri Nikol Paşinyan məzuniyyətə çıxıb. Özü də bu, yeni müharibənin qaçılmaz olduğunu düşünən və revanşist fikirləri ilə tanınan erməni müxalifətçi, Milli Demokratik Qütb Şurasının üzvü Jirayr Sefilyanın faktiki olaraq Ermənistanda çevrilişə çağırışından dərhal sonra baş verib; Sefilyan müvəqqəti hökumətin qurulmasını və özünümüdafiənin təşkilini elan edib. Artıq potensial döyüşçülərin qeydiyyatına da başlanıb.

İrəvanın “Lragir” qəzetinin “Nikolun vidası” başlıqlı məqaləsində “əsas dünya aktorlarının gözündə suveren erməni dövlətçiliyinin mövcudluğundan məhrum edən” adlandırdığı Ermənistanın baş nazirinin gündəmi erməni revanşistlərini bezdirib. Həm də bu, 44 günlük müharibədən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, Nikol Paşinyanın sülhə doğru real addımlar atmamasına, yalnız bəyanatlarla çıxış etməsinə rəğmən belədir.

İctimai xadim, Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov Oxu.Az-a müsahibəsində qeyd edib ki, Jirayr Sefilyan, əslində, birbaşa dövlət çevrilişindən danışır:

- Sefilyan radikal siyasətçidir, bu müxalifət liderinin xarakterik xüsusiyyəti hamını yerindən oynatmasıdır. Bəs nə üçün Nikol Paşinyan çoxlu siyasi hadisələrin baş verdiyi bir vaxtda qəfil məzuniyyətə getməyə qərar verdi? Maraqlı məsələdir. Ola bilsin ki, Ermənistanın baş naziri Jirayr Sefilyanı ciddi qəbul etmir. Əgər belədirsə, deməli, bu, səhvdir. O da məlumdur ki, Nikol Paşinyan çox da uzaqgörən siyasətçi deyil. Bəli, Sefilyanın özü heç nəyə ciddi təsir göstərə bilməz, lakin bu müxalifətçi iki keçmiş prezidentin - Robert Koçaryan və Serj Sarqsyanın simasında müxalifətin başqa hissəsinin dəstəyinə müraciət etsə, o zaman vəziyyət çox təhlükəli ola bilər.

- Ermənistandakı siyasi böhran mövzusunu davam etdirək. Ermənistan Milli Assambleyası Şurası müxalif deputatlardan mandatların seçilməsi prosesi barədə bəyan edib. Müqavimət hərəkatına rəhbərlik edən keçmiş vitse-spiker İşxan Saqatelyan da bu sıradadır. Bunun ardınca növbədənkənar parlament seçkiləri ola bilər. Hakim “Mülki müqavilə” fraksiyası və Nikol Paşinyan parlamentdəki müxalifətdən qurtulmağa çalışır...

- Aydındır ki, formal səbəb müxalifət fraksiyaları nümayəndələrinin parlamentin iclaslarına qatılmamasıdır. Bu, doğrudan da, belədir. Eyni zamanda, onlar aksiyalarda görünüblər, iş yerində yox. Əslində, Nikol Paşinyan müxalifəti zəiflətmək istəyir. Ola bilsin ki, o, qanunverici orqanda çoxluq yaranması üçün erkən seçkilərdə öz tərəfdarlarının sayını artıra biləcəyinə inanır. Ancaq bundan sonra nə olacaq - zaman göstərəcək.

- Bu arada müxalifətdən hələ də səlahiyyətlərini icra edən deputatlar, məsələn, “Şərəfim var” fraksiyasından olan Tiqran Abramyan Ermənistan vətəndaşlarını, xüsusən də Azərbaycanla həmsərhəd rayonların sakinlərini qorxutmaq üçün hər cür fəaliyyət göstərirlər. O, sərhədyanı icmalarda yaşayan insanların azərbaycanlıların nəyə qadir olduqları və kövrək sülh şəraitində nələrin baş verə biləcəyi haqqında çox az təsəvvürə malik olduqlarını bildirib...

- O, sadəcə Ermənistanda insanların Azərbaycanın necə bir ölkə olduğu barədə təsəvvürlərinin olmadığı barədə düz deyir. Amma əksər hallarda Ermənistan sakinləri Azərbaycanla münasibətləri yaxşılaşdırmaq, qonşu Azərbaycan xalqı ilə sülh şəraitində yaşamaq istəyirlər. Məhz Azərbaycan kimi qonşu ilə dost olmaq, iqtisadi əməkdaşlığı inkişaf etdirmək olar və olmalıdır, bu, Ermənistan üçün faydalıdır. Erməni əhalisinə bunu anlamağa kömək etmək lazımdır. Paşinyan və onun fraksiyasının səhvi odur ki, xalqın qarşısına izahatla çıxmırlar.

Yaxşı olardı ki, Azərbaycandan Ermənistana nümayəndə heyətləri getsin, görüşlər keçirilsin, o cümlədən Ermənistanın Azərbaycanla həmsərhəd rayonlarında, Qarabağ erməniləri ilə əlaqə yaratmağa dəyər. Ermənistan və Azərbaycandan kənarda yaşayan erməni millətinin nümayəndələri, o cümlədən Bakı erməniləri belə sülhməramlı fəaliyyətlərə cəlb oluna bilərlər. Onlar Ermənistana gedə, insanlarla görüşə, məsələləri müzakirə edə və Azərbaycanla qonşuluğun təhlükə olmadığına inandıra bilərdilər. Bu alınacaqmı, bilmirəm. Ancaq bu barədə düşünməyə dəyər. Ermənilər münasibətlərin normallaşmaması və Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq üçün əllərindən gələni edən ekstremistlərə qulaq asmamalıdırlar. Hər halda, hesab edirəm ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə yaxınlaşması qaçılmazdır. Proses yavaş gedir, istərdim ki, daha sürətli getsin.

Sefilyan və onun kimilər başa düşürlər ki, Ermənistandakı firavan həyatları Bakı ilə İrəvanın münasibətləri yaxşılaşandan dərhal sonra başa çatacaq, bundan qorxur və buna görə də müqavimət göstərir, revanşist əhval-ruhiyyəni qızışdırırlar.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri