21 
Sen
2022
15:00
208
11
2564
Virtual karabakh

“Ermənistana hüquqi cavab veriləcək olsa, ikinci Nürnberq prosesi yaşanar” - MÜSAHİBƏ + FOTO

21 Sen, 2022
15:00
2564

“Ermənistana hüquqi cavab veriləcək olsa, ikinci Nürnberq prosesi yaşanar” - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“12 sentyabr hadisələri bizim üçün heç də gözlənilməz deyildi. Çünki bu 30 il ərzində həmişə birtərəfli qaydada bütün danışıqları, razılaşmaları, atəşkəs rejimini pozan Ermənistan tərəfi olub. Bu gün yaşananlar sanki Tovuz hadisələrinin təkrarıdır. Sadəcə, Tovuz hadisələri vaxtı bizim Qarabağla bağlı problemlərimiz vardı. Ermənilər bizim hərbi gücümüzü bilmirdilər. İkincisi də həmin vaxt bizim əks-hücum əməliyyatımız nəticəsində gərginlik sonlandı. Amma bu dəfə biz 44 günlük müharibə nəticəsində böyük zəfər qazandıq. Azərbaycan torpaqları, demək olar ki, tamamilə işğaldan azad olunub. Amma həmin qələbəni nə ermənilər, nə də onların havadarları qəbul edə bilirlər”.

Bunu Oxu.Az-a müsahibəsində “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin rəhbəri Əhməd Abbasbəyli deyib. O qeyd edib ki, Ermənistanla Azərbaycan danışıqlar prosesində tək buraxılsalar, İrəvan Bakının bütün təkliflərini qəbul edəcək:

- Ermənistanı Azərbaycanla sülhdən çəkindirənlər həm Ermənistanın hakimiyyət və müxalifətində olan bəzi qüvvələr, həm də Ermənistanı alət kimi istifadə edən Qərb və Rusiyada olan siyasilərdir. Ermənistan daim müxtəlif maneələr, uzatmalarla sürüşkən mövqeyini nümayiş elətdirir və öhdəliklərindən qaçır. Havadarlarının fikirlərinə uyğun müəyyən manevrlər etməyə çalışır. Bu yolda onu dəstəkləyən isə Fransa dövlətidir. Fransa sanki prosesdə Ermənistandan daha çox maraqlıdır. Ona görə də düşünürəm ki, Fransa ilə münasibətlərə Azərbaycan bir daha baxmalıdır. ATƏT-in Minsk qrupu çərçivəsində də, Vətən müharibəsi dövründə də, bu gün də Fransanın mövqeyi qərəzli olub. Halbuki Fransa BMT Təhlükəsizlik Şurasının üzvlərindən biridir. 

Fransanın bitərəf kimi müəyyən danışıqlara yardım etmək cəhdlərinə biz qəti etirazımızı bildirməliyik. O, Azərbaycan-Ermənistan münasibətlərində bizə kömək edə bilməz. Əksinə, mənfi təsirlər göstərəcək. Bir gün Fransa hökuməti Azərbaycan əleyhinə çıxış edir, sabahı Makron: “Yox, biz elə deməmişik, belə demişik”, - deyir. Daha bəsdir, bunları qəbullanmaq olmaz.  

- Bəs ABŞ-ın proseslərə müdaxiləsi barədə nə düşünürsünüz?

- ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin gəlib Ermənistanda Azərbaycan əleyhinə ciddi bəyanat verməsi birbaşa Azərbaycanla münasibətlərə zərbədir. Fikrimcə, həmin səfər Azərbaycanın bütün rəsmi dairələrində təəssüflə qarşılanıb. Çünki ABŞ-la əməkdaşlıq və tərəfdaşlıq münasibətləri var. Nensi Pelosi bunları siyasi proseslərdə Demokratlar partiyasının reytinqini yüksəltmək üçün edir.

ABŞ-ın Azərbaycan əleyhinə rəsmi bir bəyanatına rast gəlməmişəm. Yəni belə hallar ayrı-ayrı siyasətçilərin şəxsi maraqlarından doğur. Bəzisi erməni lobbisinin təsiri altındadır və ya seçkilərə görə erməni lobbisinin gücündən istifadə etmək istəyir, yaxud maddi baxımdan asılıdır, bəzisi də ermənilərlə birlikdə böyüyüb. Nəticədə heç bir məlumat olmadan tərəfli mövqe nümayiş etdirirlər. Neytrallığı qorumaq əvəzinə, daxili siyasət naminə Azərbaycan kimi tərəfdaşı itirməkdən çəkinmirlər. Rusiyada da bu cür qüvvələr var. Azərbaycanın və Türkiyənin regionda güclənməsini istəmirlər. 

- Ermənistan Azərbaycanı ərazisinə müdaxilədə ittiham edir. Ancaq bildiyiniz kimi, Üçtərəfli Bəyanatda əksini tapan delimitasiya və demarkasiya prosesi hələ də icra olunmayıb. Yəni sərhədlər şərtidir. 

- Sərhədlərin pozulması, Ermənistan ərazisinə müdaxilə kimi fikirlər Azərbaycana qarşı əsassız ittihamdır. İrəvan hay-küy salıb özünə kömək tapmaq istəyir. Ermənistanın bu hərəkətinə dəstək verənlərin etdikləri riyakarlıqdan başqa bir şey deyil. 30 il Azərbaycan torpaqları işğal altında oldu. Qazaxın yeddi kəndi işğal altındadır. Qarabağda hələ də dövlətimizin maraqları tam təmin olunmayıb. Onları heç kim dilə gətirmir, amma Ermənistanın yalan iddialarına dəstək dururlar. 

Heç bir müdaxilədən söhbət gedə bilməz. Noyabr razılaşmasında şərtlər var ki, sərhədlərin delimitasiya və demarkasiyası həyata keçirilməlidir. Ermənistan bizə atəş açacaq, biz ona cavab verməyəcəyik? Harada görülüb belə şey?! 

Əgər xarici dövlətlər məsələyə obyektiv yanaşırlarsa, niyə Azərbaycanın səfirliklərinə hücumlar təşkil edilir və bunların qarşısı alınmır? Azərbaycanda hansısa səfirliyə kiçik bir daş atsalar, beynəlxalq aləm qarışar. Niyə Azərbaycan səfirliklərinin qarşısında bir polis dayanmır? 
Azərbaycan dövlət sərhədini pozmayıb, öz torpaqlarını qoruyub. Gələcəkdə nəzərdə tutulmuş, ehtimal olunan bütün hücumların qarşısını almaq üçün Ermənistanın legitim obyektlərini vurub və buna haqqı var. Biz mülki obyektlərə hücum etmirik.

- Ermənistan bu günədək törətdiyi cinayətlərə görə hüquqi çərçivədə cəzasını alacaqmı?

- Ermənistana mülki əhalini hədəf aldığına görə cəza nəzərdə tutulsaydı, gərək oraya Xocalıda yaşananlar, 44 günlük müharibədə Gəncə, Bərdə kimi şəhərlərimizin vurulması və yüzlərlə cinayət daxil edilsin. Buna hüquqi cavab veriləcək olsa, ikinci Nürnberq prosesi (İkinci Dünya müharibəsinin qalib müttəfiq dövlətləri tərəfindən məğlubiyyətə uğradılmış nasist rejiminin liderlərini mühakimə etmək üçün 1945-1949-cu illərdə qurduqları məhkəmə - red.) yaşanar. Çünki burada bir yox, bir neçə maddənin toplusu ilə siyasi və hərbi hakimiyyətin nümayəndələri cəzalandırılmalıdırlar. Ermənistan ciddi sanksiyalara məruz qalmalıdır. 

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri