24 
Fev
2015
19:44
231
27
2439
Virtual karabakh

İsrailli deputat: Xocalıda günahsız uşaqlara, qadınlara və ahıllara qarşı qəddarlığın izahı yoxdur

24 Fev, 2015
19:44
2439

İsrailli deputat: Xocalıda günahsız uşaqlara, qadınlara və ahıllara qarşı qəddarlığın izahı yoxdur

“Bu, cinayət cəzasız qalmamalıdır”.

Dünən İsrail dövlətinin Netanya şəhərinin Mədəniyyət evində Cənubi Qafqaz tədqiqatları üzrə İsrail Assosiasiyasının təşəbbüsü ilə Azərbaycanın Xocalı şəhərində baş vermiş faciənin 23 illiyinə həsr edilmiş “Xocalının ahı qəlbimizdədir” adı altında tədbir keçirilib.

Mədəniyyət evinin səhnəsində 23 il bundan öncə erməni faşistləri tərəfindən Azərbaycan şəhərinin sakinlərinə qarşı törədilmiş soyqırımı əks etdirən şəkillər yerləşdirilmişdi. Tədbirdə Knessetin deputatları, elm xadimləri, aparıcı politoloqlar, Türkiyənin, Qazaxıstan, Bosniya, Özbəkistan, Şimali Kipr Türk Respublikasının diplomatik missiyasının rəhbərləri iştirak edib.

“Xocalıda kütləvi qırğın: bəşəriyyətə qarşı cinayət” adlı gecə hər kəsin qəlbini titrədən bədii hissə ilə başladı. Gənc və qeyri-peşəkar aktyorlar - Sara Mirzəyeva, Sadıq Mirzəyev, Fuad Mirzəyev, Aynurə Hidayətova, Elkin Hidayətov, Nurlan Hidayətov, Könül Əliyeva, Araz Mirzəyev, Əli Əliyev xocalıların son dəqiqələrini məharətlə əks etdirə bildilər. Ermənilər ölüləri belə təhqir etmişdilər, meyitlərin bir çoxunun başında güllə yarasının olması isə ermənilərin yaralı olanları da qətlə yetirdiklərini göstərir. Xocalının bütün bu dəhşətli həqiqətləri gənc aktyorların oyunu vasitəsilə tədbir iştirakçılarının qarşısında ani olaraq canlandırıldı.

Tədbirin təşəbbüskarlarından biri olan rejissor Səadət Şükürova açılış sözündə 1992-ci il Xocalı faciəsini dərin hüznlə və ürək yanğısı ilə yad etdi.

“Biz bu gün burada vəhşicəsinə qətlə yetirilmiş Azərbaycan şəhəri Xocalının dinc sakinlərinin xatirəsini yad etmək üçün toplaşmışıq. Təəssüf ki, bu faciə barədə dünya çox az bilir və biz əlimizdən gələni etməliyik ki, Xocalıda baş verən bu qanlı qətliam haqqında bütün dünya xəbərdar olsun”-, Şükürova qeyd edib.

Daha sonra tədbir iştirakçılarına “Xocalının ahı qəlbimizdədir” sənədli filmi təqdim edilib, Azərbaycan xalqının yaşadığı bu faciə haqqında ilk dəfə məlumat alan israillilərdən şok reaksiyası verən də olub.

Cənubi Qafqaz üzrə Tədqiqatlar İsrail Assosiasiyası, Hayfa Universitetinin doktorantı, Beynəlxalq münasibətlər üzrə məşhur israilli ekspert Arye Qut Xocalı qətliamı haqqında öz sənədli təqdimatını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

“Xocalıda xüsusi amansızlıq və vəhşiliklə həyata keçirilən soyqırım aktı XX əsrin qorxunc faciələrindəndir. Erməni silahlı qüvvələrinin və muzdlu əsgərlərin şəhəri tərk etməyi çatdırmayan xocalılılara  aman vermədikləri artıq tarixi faktdır. Erməni silahlı dəstələrinin vəhşilikləri nəticəsində 613 adam qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 nəfər – dinc əhali – ahıllar, qadınlar və uşaqlar əsir düşərək görünməmiş əzablara, təhqirlərə və alçaltmalara məruz qalıblar. Bu faciə bütün bəşəriyyətə qarşı cinayətdir”, - Arye Qut vurğulayıb.

Qutun sözlərinə görə, sanballı faktlar və çoxsaylı müstəqil mənbələr, şahidlərin sözlərinə əsasən Xocalı şəhərinin düşünülmüş qətliamının yalnız bir səbəbi var idi, onlar azərbaycanlı idilər.

“Xocalı şəhəri Azərbaycan ərazilərinin işğalı və etnik təmizləmə istiqamətində atılmış addım, şokedici qəddarlıq qarşısında qorxu və panikanın yaradılmasının növbəti mərhələsi idi. Uşaqlara, qadınlara və ahıllara qarşı törədilmiş bu barbar qəddarlığının izahı yoxdur. Bu gün Ermənistanda yüksək vəzifələr tutan Seyran Ohanyan, Serj Sarkisyan, eləcə də Robert Köçəryan və digərləri baş verən soyqırımın günahkarı kimi beynəlxalq məhkəmə qarşısına çıxmalıdırlar. Bu, cinayət cəzasız qalmamalıdır. Dünya ictimaiyyəti Ermənistana qarşı hərbi-siyasi aqressiya üçün ittiham irəli sürməlidir”, - israilli politoloq bildirib.

Knessetin aliya, absorbsiya və diaspora məsələləri üzrə komissiyanın sədri Yoel Razvozov Azərbaycan xalqına Xocalı kütləvi qətliamının 23-cü ildönümü münasibəti ilə başsağlığı verib.

“Bu gün tədbirin bədii hissəsinin yardımı ilə Azərbaycan dilini bilmədən Azərbaycanın Xocalı şəhərində kütləvi qətliamın məğzini daha dərindən dərk etdim. Bunun XX əsrdə baş verməsinə inanmaq çətindir. Bu qorxunc şəkilləri gördükdən sonra, mən bu yaxınlarda İsrailin Knessetinin nümayəndə heyətinin tərkibində ölüm düşərgəsi Osvensimə səfərimi xatırladım.

İndi isə Xocalıda kütləvi qətliamın videokadrlarını gördükdə isə dəhşətə gəldim və şoka düşdüm. Günahsız qocalara, qadınlara və uşaqlara qarşı bu barbar hərəkətin izahı yoxdur. Fotolarda və videofilmdə gördüklərim – uşaqların, qocaların və qadınların qətli qəddar və insanlığa yaddır. Bu faciə unudulmamalıdır və mən sizə bu tədbir üçün təşəkkür edirəm. Azərbaycanlılar hər zaman yəhudiləri qardaş hesab ediblər. Bu gün müasir və qüdrətli Azərbaycan multikulturalizmin və tolerantlığın nümunəsidir. Bu gün biz qardaş Azərbaycan xalqının Xocalıda yaşadığı faciə üçün dərdinə yanırıq”, - deputat Yoel Razvozov qeyd edib.

Tədbir Xocalı soyqırımının qurbanlarının xatirəsinə həsr olunmuş şeirlərin İsrail Yazıçılar İttifaqının üzvü, yaradıcılığının bir hissəsini Xocalı qətliamının qurbanlarına həsr etmiş Batsion Abramova tərəfindən oxunması ilə sona çatdı.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri