27 
Sen
2022
19:43
520
34
3548
Virtual karabakh

Vətən müharibəsi qazisi: “Səngərdə olan qardaşlarımız 80 şəhidin qisasını almalıdırlar” - MÜSAHİBƏ + FOTO

27 Sen, 2022
19:43
3548

Vətən müharibəsi qazisi: “Səngərdə olan qardaşlarımız 80 şəhidin qisasını almalıdırlar” - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bizim ordumuz çox güclüdür. Onu heç kəs yenə bilməz. Müharibə olsa, düşmənin başı əziləcək. Bir əsgərimiz 10 nəfərə bərabərdir”.

Bunu Oxu.Az-a müsahibəsində Vətən müharibəsi qazisi Əbülfət Qurbanov deyib.

Qurbanov Əbülfət Tanrıverdi oğlu 2000-ci il sentyabrın 15-də Suraxanı rayonun Qaraçuxur qəsəbəsində anadan olub. Deyir ki, 18 ay hərbi xidmətdə olub, bir neçə gündən sonra tərxis ediləcəkmiş ki, müharibə başlayıb.

- Hansı ərazilərin azad olunmasında iştirak etmisiniz?

- Füzuli, Cəbrayıl, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Müharibə başlamazdan öncə bizi Füzuli istiqamətinə aparmışdılar. Müharibə başladı və biz döyüşlərə qatıldıq. Orada bir neçə gün döyüşəndən sonra biz Cəbrayıl istiqamətinə yol aldıq. Cəbrayıla çatan kimi minaatanlardan atəşə tutulduq. O an şəhid olduğumu zənn etdim. Oradan sağ çıxamağımız möcüzə idi.

- Hansı döyüşdə yaralandınız?

- Laçın dəhlizində yaralandım. Noyabrın 2-də postda idim. Ermənilərə yaxın idik. Birdən yanıma minaatan mərmisi düşdü. Məni digər tərəfə tulladı. Huşumu itirməmişdim. Sadəcə ayaqlarımın əyildiyini hiss etdim. Sol ayağım ombadan, sağ ayağım isə dizdən aşağı sınmışdı. Döyüş yoldaşlarımdan biri köməyimə gəldi. Məni oradan çıxarıb, güvənli bir yerə saldı. İlk tibb yardımı göstərdilər. Daha sonra tərxis olundum. Yaralananda belə, döyüşdə iştirak etməyimə peşman olmadım. Sadəcə, sonuna qədər döyüşmək, əsgər yoldaşlarımın yanında olmaq istərdim. Hərbi xidmətdə olmasaydım belə, döyüşlərdə iştirak etmək üçün könüllü olaraq yazılardım. Çünki torpaqlarımızın düşmən tapdağından azad olunmasını görmək mənim ən böyük arzum idi.

- Müharibədə unuda bilmədiyiniz anlardan danışaq.

- Bölük komandirimiz gözümüzün önündə şəhadətə qovuşdu. Kəndi alıb çıxanda ermənilər maşını partlatdılar. Onu, ölsəm də, unutmaram. Döyüş yoldaşlarımın gözümün önündə şəhid olmaları dünənki kimi xatirimdədir.

- 10 noyabrda torpaqlarımızın düşmən tapdağından azad olunma xəbərini eşidən zaman hansı hissləri keçirdiniz?

- Qələbə xəbərini eşidəndə çox sevindim. Çünki uğrunda döyüşdüyümüz torpaqlar düşməndən azad edildi. Ermənilər məğlubiyyətə uğradılar. O torpaq uğrunda canından keçən şəhidlərimizin və yaralılarımızın qanı yerdə qalmadı.

- Düşmənin son təxribatlarından, yəqin ki, xəbərdarsınız. 

- 80 nəfər igid qardaşımız şəhadətə qovuşdu. Onların hər birinin ruhu şad olsun! İki il öncəyə qayıtdığımızı düşünmürəm. Düşmən layiqli cavabını aldı. Müharibə olacağını düşünmürəm. Bizim ordumuz çox güclüdür. Onu heç kəs yenə bilməz. Allah əsgərlərimizi qorusun! Heç kəsdən qorxmasınlar. Biz şəhidlərimizin qisasını almışıq. Bu şəhidlərin də qisasını onlar alsınlar.

- Əsgərlərə nə demək istərdiniz?

- Onlara arzu edirəm ki, sağ-salamat evlərinə, ailələrinin, sevdiklərinin yanına qayıtsınlar. Onlar hamısı bizim qardaşlarımız, yoldaşlarımızdırlar. Onların sayəsində bu qələbəni qazandıq. Allah köməkləri olsun!

Qeyd edək ki, Vətən müharibəsi qazisi Əbülfət Qurbanov Füzuli istiqamətindən başlayaraq Laçına qədər döyüş yolu keçib. Cəbrayıl, Qubadlı və Laçının azad olunmasında iştirak edib. Medallarla təltif olunub. Döyüşdə qüsursuz iştirakına görə “Vətən müharibəsi iştirakçısı” və fərqlənmə medalı ilə təltif edilib.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri