25 
Fev
2015
18:02
185
19
2825
Virtual karabakh

Aureliya Qriqoriu: Xocalı üzrə beynəlxalq məhkəmə yaradılmalıdır – MÜSAHİBƏ

25 Fev, 2015
18:02
2825

Aureliya Qriqoriu: Xocalı üzrə beynəlxalq məhkəmə yaradılmalıdır – MÜSAHİBƏ

“Növbəti məntəqə Avropa ola bilər”.

Oxu.Az-ın suallarına Moldovanın parlament vəkili Aureliya Qriqoriu cavab verir. 

- Xocalı faciəsinin növbəti ildönümü ərəfəsində, bu hadisənin beynəlxalq səviyyədə layiqli hüquqi qiymət alması perspektivləri barədə soruşmaq istərdim.

- Hər şeydən öncə Azərbaycan xalqına Xocalı soyqırımı faciəsi ilə əlaqədar başsağlığı vermək və Xocalıda ədalətin bərpasına dair Azərbaycan ilə həmrəyliyimi təsdiq etmək istərdim.

Beynəlxalq ictimaiyyət mütəmadi olaraq bu hadisələrə hüquqi qiymət verir. Azərbaycanlılara qarşı törədilən erməni vəhşiliklərini tam olaraq əks etdirən Xocalı soyqırımı Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Çexiya, Sudan, İordaniya, Honduras və Rumıniya parlamentləri tərəfindən rəsmən tanınıb.    

Ehtimal edirəm ki, Moldova parlamentinin bu mövzu ilə bizim KİV tərəfindən təkrarlanan erməni mətbuatının ştampları vasitəsilə deyil, daha yaxından tanış olmasının zamanı çatıb. JUSTICE FOR KHOJALY/ XOCALIYA ƏDALƏT! Bu çağırışın artıq rumın/moldovan dilində səslənməsinin zamanı çatıb: JUSTICE PENTRU HOJALY!

Ədaləti milyonlarla azərbaycanlı qaçqını, ədaləti yüzlərlə qətlə yetirilmiş, yaralanmış, şikəst qalmış insanlar tələb edir. Ədaləti valideynsiz böyüyən kimsəsiz uşaqlar tələb edir. Ədaləti insan vicdanı tələb edir. Ədaləti beynəlxalq hüquq normaları tələb edir.

- Azərbaycanın istintaq orqanları açılmış cinayət işinə müvafiq olaraq çoxsaylı materiallar əldə ediblər. Bu materiallar Ermənistanın indiki və keçmiş hakimiyyətinin Xocalıda Azərbaycan xalqına qarşı törədilən cinayətlərdə günahlarını sübut etmək üçün yetərlidir. Keçmiş Yuqoslaviya respublikasının hərbi-siyasi rəhbərliyinin günahının sübut edildiyi kimi, bu cinayətlərin də günahkarının ədalət məhkəməsi qarşısında cavab verməsi üçün hansı addımı atmaq lazımdır?  

- Beynəlxalq humanitar hüquq soyqırımda, o cümlədən də hərbi əməliyyatlar və münaqişələr zamanı qətllərdə və dinc insanların kütləvi qətliamında günahkar olanların məsuliyyətə cəlb olunmasını nəzərdə tutur.

Beynəlxalq hüquq normalarında, eləcə də yüksək vəzifəli dövlət məmurlarının, o cümlədən də bəşəriyyətə qarşı cinayətlərin birbaşa iştirakçısı, rəhbəri olan prezidentlərin cinayət məsuliyyətinə cəlb edilməsi nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, verilən əmri yerinə yetirmə faktı icraçıları məsuliyyətdən azad etmir.  

Xocalı üzrə beynəlxalq məhkəmənin yaradılmasına dair məsələni qaldırmaq lazımdır ki,  cinayətkarlar məhkəmə qarşısına çıxsınlar. Beynəlxalq məhkəmə Azərbaycan tərəfindən yığılan dəlilləri nəzərdən keçirəcək, cinayətkarların günahkar olmalarına və məsuliyyətə cəlb edilmələrinə dair məsələni həll edəcək.

- Bununla yanaşı, dünya təəssüf ki, eyni hadisələrə müxtəlif reaksiyalar verməyə davam edir. Dünyanın aparıcı ölkələri Ukraynada baş verən hadisələrə görə Rusiyaya qarşı sanksiyalarda qibtə ediləcək həmrəylik nümayiş etdirirlər, amma Azərbaycanın beşdə bir hissəsinin 20 ildən artıqdır ki, işğal altında olması beynəlxalq təşkilatların çoxsaylı sənədləri ilə təsdiq edilmiş Ermənistana qarşı sanksiyaların mümkünlüyü barədə bir söz demirlər. Əslində Ukraynada baş verən hadisələrin dünyanın diqqətini Qarabağ və Dnesteryanı münaqişələrə çəkməsi gərəkirdi... Dağlıq Qarabağ probleminin həllinə və bunun hansı şəraitdə baş verməsinə dair sizin baxışınızı bilmək istərdim.

- Bu problemin həllinə dair mənim fikrim məlumdur: yalnız cəzanın labüdlüyü, yalnız günahkarların beynəlxalq məsuliyyətə cəlb edilməsi həqiqət anının yaxınlaşmasını – müharibənin bitməsini təmin edəcək. Beynəlxalq iqtisadi sanksiyalar, Dağlıq Qarabağ və digər münaqişə zonalarında vəhşi cinayətlərin törədilməsinə dair əmr verən və icra edən şəxslərin digər ölkələrə getməsinə qoyulan qadağalar – bu sanksiyalar Tribunala aparan yolun ilkin mərhələləridir.

Cinayətkarların ad və soyadları müəyyənləşdirilib və onların hər birinə qarşı yetərincə dəlil toplanıb. Amma bu insan cildində olan məxluqların məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq məhkəmənin formalaşdırılmasından keçməlidir və JUSTICE FOR KHOJALY kimi aksiyalar dünya ictimaiyyətinə ermənilər tərəfindən Qarabağda azərbaycanlılara qarşı törədilmiş soyqırım barədə düzgün informasiyanın çatdırılmasına imkan yaradır. 

Bu gün dünyada mövcud olan ikili standartlar, onsuz da effektiv olmayan təhlükəsizlik sistemini sıfırlayır. Xocalıda insanların kütləvi qətliamına səbəb olanların cəzalandırılmaması, zamanında beynəlxalq hüquqi və ictimai-siyasi reaksiyanın verilməməsi artıq bu gün Ukraynada müharibənin başlanmasına gətirib çıxardı. Növbəti məntəqə Avropa ola bilər. Yalnız cəzanın qaçınılmazlığı, haqqında yetərincə dəlil toplanmış adları yaxşı məlum olan cinayətkarların məsuliyyətə cəlb edilməsi, müstəqil dövlətlərin ərazi bütövlüyünü hərbi yol ilə pozan yeni icraçıların qarşısını ala bilər. Cəzanın qaçınılmazlığı cinayətkarların başı üstündə “domokl qılıncı” kimi asılmalıdır.

- Yeri gəlmişkən, yanvarın 28-də Strasburqda insan haqları üzrə məhkəmənin iclası olub. “Perinçek İsveçrəyə qarşı” olan məhkəmədə İsveçrənin “1915-ci il erməni soyqırımının” təkzibinin kriminallaşdırılmasına dair daha öncə İsveçrə məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsinin erməni tərəfindən apellyasiyasına baxılıb. Türkiyənin işçi partiyasının lideri Doğu Perinçek tərəfindən mən şəxsən Strasburqa dəvət edilmişdim. Məhkəmənin qərarı bu payız məlum olacaq. Necə düşünürsüz, ali məhkəmə instansiyası öz ədalətli qərarını təsdiq edəcək, ya tarixin saxtalaşdırılması ilə məşğul olan və onların yardımı ilə Türkiyəyə qarşı ərazi iddiası irəli sürmək istəyən dünya ermənilərinin sözünə uyaraq qərarını dəyişdirəcək?    

- İnsan haqları üzrə Avropa Məhkəməsi (İHAM) insan haqları üzrə Avropa Konvensiyası normaları əsasında ədalətli qərarlar qəbul edən və konvensiyaya qoşulan ölkələr üçün sözsüz hüquq təyin edən ciddi mühakimə strukturudur. Erməni lobbisi Böyük Palatadan siyasi qərarı “çıxarmağa” ümid edir, milli siyasi ambisiyaları təmin etməyə səy göstərir, amma kimin isə siyasi ambisiyalarının deyil, fundamental insan haqlarının keşiyində duran məhkəmənin bitərəfliyini unudur.

Şübhə edirəm ki, İHAM Böyük Palatası tərəfindən baxılarkən, iş üzrə üçüncü ölkə kimi məhkəməyə cəlb edilən İsveçrə və Ermənistanın dəlilləri daha öncə qəbul edilmiş qərarın dəyişməsinə təsir etsin (D.Perinçek v. Switzerland, App. no. 27510/08). Mənim fikrimcə apellyasiyaya daha öncə qəbul edilmiş qərarın dəyişdirilməsi üçün tutarlı dəlillər təqdim edilməyib. Belə ki, məhkəmədə soyqırım faktı deyil, Avropa Konvensiyası tərəfindən zəmin verilmiş fikir azadlığına fundamental hüquq barədə məsələyə baxılır. Bu hüquqlar kimə isə xoş gəlmədiyi üçün pozula bilməz.

L.H.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri