Okt
2022
22:00
471
105
3426
Virtual karabakh

Şəhidlərimizə ehtiram, sağlamlığını itirən döyüşçülərə, müharibə veteranlarına dövlət qayğısı – PRİORİTET

1 Okt, 2022
22:00
3426

Şəhidlərimizə ehtiram, sağlamlığını itirən döyüşçülərə, müharibə veteranlarına dövlət qayğısı – PRİORİTET

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda şəhid ailələrinə, Qarabağ qazilərinə, müharibə veteranlarına hörmət və ehtiram göstərilir. Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını fəda edənlərin əmanətinə sahib çıxmaq, onların mənzil-məişət problemlərini həll etmək, həmçinin sağlamlığını itirən döyüşçülərin, müharibə veteranlarının sağlamlığının keşiyində dayanmaq, qayğılarını azaltmaq üçün ən müxtəlif layihələr icra olunur.

“Kaspi” qəzetində bununla bağlı yazı yayımlanıb.

Bu həssas qrupa aid olan vətəndaşlarımız Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunur. Birinci Qarabağ müharibəsi, 2016-cı ilin aprel döyüşləri, 2020-ci ilin 44 günlük Vətən Müharibəsi iştirakçılarının ailə üzvlərinə qayğıkeş münasibət, məşğulluq problemlərinin həlli, müalicələrinin təşkili, dövlət tərəfindən onların növbəli şəkildə mənzil və avtomobillərlə təmin olunması söylənilənlərə əyani misaldır. İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlət başçısı bu məqama xüsusi diqqət çəkərək bildirib ki, İkinci Qarabağ müharibəsində əlil olmuş bütün hərbçilər artıq ən müasir protezlərlə təmin olunublar. Dördüncü nəsil protezlər o protezlərdir ki, insan rahat yaşaya, gəzə, hətta qaça, futbol oynaya bilər.

Sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır söyləyən ölkə rəhbəri məmurlara da səslənərək onlara bunu heç vaxt unutmamağı tövsiyə edib. Eyni zamanda qeyd edib ki, müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verilib. O, cari ildə Bakı şəhərində bu məsələnin artıq tam həll olunacağını bəyan edib: “Bunu ona görə etmirik ki, bununla öyünək, ona görə edirik ki, bunu mənəvi borc bilirik, edirik və edəcəyik. Bütün şəhid ailələri, hansılar ki, hələ növbədədir, yaxın gələcəkdə evlərlə təmin ediləcək. Reabilitasiya mərkəzləri yaradılmışdır və ən müasir texnologiyalarla təchiz edilmişdir. Minlərlə xidmət göstərilir, müharibə əlilləri üçün, veteranlar üçün, şəhid ailələri üçün məşğulluq marafonları keçirilir. Ümumiyyətlə, bu kateqoriyadan olan insanları fəal işə cəlb etmək üçün böyük işlər görülür”.

Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyevin göstərişi ilə postmüharibə dövründə icra olunan sosial dəstək paketi 100 mindən çox şəxsi əhatə edib, onlara 170 minə yaxın xidmət göstərilib. Bu dövr ərzində şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 mindən çox şəxsə 103 mindən artıq sosial ödəniş təyin olunub. Mənzil proqramı 5 dəfə genişləndirilib, 2021-ci ildə 3000, postmüharibə dövründə 3500 mənzil verilib. Beləliklə, ümumilikdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 7400 müharibə əlili avtomobillə təmin olunub. Bununla yanaşı, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva zaman-zaman şəhid, qazi, müharibə veteranı ailələrini şəxsən ziyarət edib, onların qayğıları ilə şəxsən maraqlanıb, mənəvi dəstəklərini ifadə ediblər. Prezident və Birinci vitse-prezidentin Vətən müharibəsində şəxsi igidliyinə və şücaətinə görə “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş şəhid Mahir Məmmədovun ailəsinin qonağı olması deyilənlərə əyani misaldır.

Bu ənənənin davamı kimi Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı sərəncamla Vətən Müharibəsinin başlandığı 27 sentyabr tarixi Azərbaycanda Anım Günü kimi təsis olunub. 2021-ci il 27 sentyabr tarixdə isə dövlət başçısı İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciəti edib. O, İkinci Qarabağ müharibəsinin şanlı tariximiz olduğunu, bu Qələbənin tarixdə əbədi qalacağını vurğulayıb. Prezident Birinci və İkinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında bir daha baş əydiyini diqqətə çatdıraraq, onlara Allahdan rəhmət diləyib, şəhidlərin qanının yerdə qalmadığını dilə gətirib. Bildirib ki, Azərbaycan xalqı şəhidlərini öz qəlbində əbədi saxlayacaq. Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq, elə həmin gün Bakı şəhərində yürüş təşkil edilib. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva yürüşdə iştirak ediblər. Sonra dövlətimizin başçısı Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlini qoyub.

Cari il sentyabrın 27-də isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günündə Füzuli rayonuna səfər ediblər. Dövlətimizin başçısı və birinci xanım Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyub, şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad ediblər. Dövlətimizin başçısı Vətən, torpaq uğrunda öz canlarını fəda edən şəhidlərimizlə, qəhrəman əsgər və zabitlərimizlə daim fəxr edildiyini dilə gətirib, onların qanının yerdə qalmadığını, qisaslarının döyüş meydanında alındığını vurğulayıb. Bildirib ki, məhz onların qəhrəmanlıqları sayəsində doğma torpaqlarımız düşməndən azad olunub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Ölkənin ali rəhbərliyi, dövlət səviyyəsində şəhid ailələrinə, qazilərə diqqət və qayğının göstərilməsi, məhz qəhrəman şəhidlərimizin, zabit və əsgərlərimizin sayəsində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanıldığının xüsusi olaraq vurğulanması onların daim hörmət və ehtiramla əhatə olunmasını təmin edir. Hər bir Azərbaycan vətəndaşı şəhidlərimizi hörmətlə yad edir, onların əziz xatirəsini əbədi olaraq qəlbində yaşadır.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri