Okt
2022
15:12
21
270
3572
Virtual karabakh

Şəhid xanımı: “Qızları xəstəxanaya çatanda Elsevər şəhid oldu” - REPORTAJ + FOTO

3 Okt, 2022
15:12
3572

Şəhid xanımı: “Qızları xəstəxanaya çatanda Elsevər şəhid oldu” - REPORTAJ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sən çox güclü qadınsan, həyatda hər şeyi bacaracaqsan. Sənə arxayınam”.

Bu sözləri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən 44 günlük haqq savaşında qəhrəmanlıq göstərən, canını torpaqlarımızın azadlığı üçün qurban verən igid hərbçimiz ölümündən bir neçə həftə öncə xanımına son mesajında deyib.

Arayış: Elsevər Vaqif oğlu Paşayev 1988-ci il iyulun 1-də Cəbrayıl rayonun Qovşudlu kəndində anadan olub. 1994-2002-ci illərdə Beyləqan rayonunun Milabad kənd tam orta məktəbində təhsil alıb. 2002-2005-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi təhsil alıb. 2010-cu ildə hərbi akademiyanı bitirdikdən sonra Gəncədə “N” saylı hərbi hissədə fəaliyyətə başlayıb, üç ilə yaxın orada çalışıb. Daha sonra isə 2012-ci ildə imtahan verib, Bakıda sülhməramlılar taborunda çalışmağa başlayıb. O, Türkiyə, Bolqarıstan, Macarıstan və Ukraynada olub. Ən sonda İngiltərədə səfərdə olub. 2019-cu il dekabrın 13-dən 2020-ci il iyulun 11-nə qədər Əfqanıstanda hərbi təlimlərdə iştirak edib.

Azərbaycan Ordusunun mayoru olan Elsevər Paşayev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində savaşıb. Elsevər Paşayev oktyabrın 25-də Qubadlı döyüşləri zamanı şəhid olub. II Fəxri xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Elsevər Paşayev “Qarabağ” ordeni ilə təltif olunub.

Oxu.Az-ın əməkdaşı şəhidimizin ailəsinin yaşadığı ünvana baş çəkib.

Bizi şəhidimizin həyat yoldaşı Xəyalə xanım qarşılayır. İçəri daxil olan zaman iki balaca qız uşağı görürük. Gözlərindəki məyusluq gözdən qaçmır.

Şəhidin həyat yoldaşı Xəyalə Paşayeva Elsevərlə bağlı xatirələrini danışır:

“Elsevərin beş yaşı olanda Cəbrayılı tərk etməyə məcbur qalıblar. Onlar Beyləqan rayonunda məskunlaşıblar. Hərbiyə marağı məcburi köçkün olmasından irəli gəlib.

O, ziyalı ailəsində dünyaya göz açıb, ailələrində başqa hərbçi yox idi. Atasının da arzusu oğlunun hərbçi olması idi. Elsevər millətini, bayrağını çox sevirdi. Bir bayrağı var idi. Onu həmişə özü ilə birlikdə aparırdı. Getdiyi ölkələrə də həmişə hədiyyə olaraq bayraq aparırdı. Əşyaları gətiriləndə çantasının içərisindən də bayrağı çıxdı. İşini çox sevirdi. Vətən eşqi ilə yaşayırdı”.

Xəyalə xanım Elsevərlə son görüşünün sentyabrın 26-da olduğunu söyləyir:

“Müharibə başlamamışdan öncə o, təlimlərdə iştirak edirdi. Sentyabr ayının 26-da son görüşümüz oldu. Gecə saatlarında gəldi. Ondan sonra bir neçə həftədən bir telefonla əlaqə saxlayırdıq. Zəng edərkən salamat olduğunu deyirdi.

Son gedişində uşaqlarla vidalaşa bilmədi. Yatmışdılar. Gedəndə ayaqqabılarını geyindi, qapıdan çıxmaq istəyəndə yadına düşdü ki, uşaqları ilə görüşməyib. Ayaqqabı ilə keçmək istəmədi. Dizini yerə qoyub, sürünə-sürünə uşaqlarını öpüb-qoxladı və çıxıb getdi. Sanki hiss etmişdi.

O, qapıdan çıxandan sonra donub qaldım. Mənə müharibəyə getdiyini deməmişdi. İşi barədə ümumiyyətlə danışmazdı. Həmişə deyirdi ki, “hər şey yaxşı olacaq”. O gedəndən sonra sanki ayıldım. Narahat oldum. Zəng edən zaman ona narahat olduğumu dedim. Mənə dedi ki, təlimə gedirik, narahat olma. Son dəfə oktyabrın 19-da danışdıq. Daha sonra əlaqəmiz kəsildi, ondan xəbər ala bilmədim”.

Xəyalə xanım Elsevərdən danışan zaman ətrafa məyus baxışlarla nəzər yetirən Nəzrin otağı tərk edir.

X.Paşayeva deyir ki, kaş əli, ayağı olmazdı, amma sağ qalardı:

“Oktyabrın 21-də yaralanması ilə bağlı xəbər aldım. Yolboyu dua edirdim ki, kaş əli, ayağı olmasın, amma sağ olsun. Övladları çox balaca idi. Hərbçinin həyatı çox çətin olur. Heç uşaqlarını tam görə bilmədi. Banunun iki, Nəzrinin altı yaşı var idi. Qızlarımın fəxr ediləsi ataları var. Çünki onların atası şəhid olub. Ən uca məqamdadır. Hər kəsə qismət olmur.

Onun yoxluğuna özümü inandırmıram. Bilirəm ki, yanımdadır. Onu hiss edirəm. Hər işimdə onunla məsləhətləşirəm. Çətinliyə düşəndə hiss edirəm ki, kürəyimdə əli var. Məni yıxılmağa qoymur. Şəhid ailəsi olmaq məsuliyyətlidir. Bütün şəhid övladları başlarını uca tutmalıdırlar. Onların ataları heç vaxt ölməyəcəklər”.

Şəhid xanımı Elsevərlə tanışlığından danışır:

“Biz qohum olsaq da, sevib ailə qurmuşuq. Universitetdə oxuyurdum. Elsevər mənimlə ilk görüşə hərbi geyimdə gəlmişdi. Hərbi geyimin qəribə aurası var. Ona dedim ki, sənin geyiminə aşiq olmuşam. O qədər gözəl görünürdü ki... Tanıdıqca da xasiyyətinə aşiq oldum. Çox diqqətcil insan idi.

Həftənin bir günü evdə qalırdı. Bir günü bizə elə yaşadırdı ki, elə bilirdik ki, bir aydır evdədir. Çox diqqətcil ata olub. Hər kəsə diqqət edirdi. Hamıda bir xatirə qoyub gedib. Ailəsinə çox bağlı idi. Oyuncaqları yerə töküb, uşaqlarla birlikdə oynayırdı.

Son görüşündə heç nə demədi. Son mesajında yazmışdı ki, “sən çox güclü qadınsan, həyatda hər şeyi bacaracaqsan”. Mənə arxayın idi. Üzərimə o qədər böyük məsuliyyət qoyub gedib ki... İki qız övladı böyütmək asan deyil. Həyatda ən böyük məqsədim, amalım Elsevərin adına yaraşan övladlar böyütməkdir.

Qızlarının hər ikisinin həkim olmağını istəyirdi. Bacardığım qədər buna çalışacam”.

X.Paşayeva Elsevərin şəhadətə qovuşma anından bəhs edir:

“Oktyabrın 21-də yaralandığını bildim. Mən görmədim. Şəhid olan zaman da mən bilmirdim. Sonra dedilər ki, Bakıya aparmışıq. Buraya gələndə gördüm ki, hər kəs bizə toplaşıb. Onda anladım ki, Elsevər şəhid olub. O günü xatırlamıram. Xiyabana getdiyim yadımdadır. Başqa heç nə. Orada tabuta sarılmağımı xatırlayıram. Özümdə deyildim.

Elsevər komada olanda bir gün öncə ürəyi gecə dayanıb. Həkimlər onu yenidən həyata qaytarıblar. Oktyabrın 24-də mən gəldim ki, uşaqları atalarının yanına gətirim. 25-i xəstəxananın həyətinə çatanda şəhadətə qovuşdu. O, qızlarının gəlişini gözləyirmiş...

Elsevərin şəhid olacağı ağlıma gəlməzdi. O, bayrağını yenidən özü ilə aparmışdı ki, “mən Zəfər paradında əlimdə bayrağımla geri qayıdacam”.

Şəhid xanımı yoldaşının ən böyük arzusunun işğalda olan torpaqlarımızı azad etmək olduğunu söyləyir:

“Ən böyük arzusu həmişə o olub ki, işğalda olan torpaqlarımızı azad etsin. Biz özümüz cəbrayıllıyıq. Ən böyük arzusu oranı görmək idi. Gedib görmək qismət oldu. Yaşadıqları evdən körpə yaşlarında çıxdığına görə evi tapa bilməmişdi. Lakin arzusuna çatdı. Cəbrayılın azad olunmasında iştirak etdi...

Torpaqların işğaldan azad olunmasını eşidəndə çox sevindim. Çünki şəhidlərimizin qanı yerdə qalmadı. Çox istərdim ki, Zəfər paradında Elsevər iştirak etsin. Qismət deyilmiş. Ən çətin anlarımda yuxularıma gəlir, sanki mənə yol göstərir. Onun köməkliyi ilə çətinlikdən xilas oluram. Onun Qarabağdan qayıdışını gözləyirdim. Əlində bayraqla gəlişini təsəvvür edirdim. Lakin bayrağa bükülü gəldi.

Elsevər futbolu çox sevirdi. İş yoldaşlarına tapşırmışdı ki, “mən şəhid olsam, məzarıma top qoyun”. Bir futbol topu var idi. Hazırda o, məzarının üzərindədir”.

Xəyalə xanım son baş verən hadisələrdən sonra Nəzrinin əsgərlərə məktub yazdığını bildirir:

“Son baş verənlər məni 2020-yə qaytardı. Bu yaxınlarda Nəzrin əsgərlərə məktub yazmışdı. Orada belə söz yazıb ki, “mən şəhid qızıyam, bütün əsgərlərə arzu edirəm ki, şəhidlərin canı bahasına alınan torpaqlarımızı qorusunlar və daim müdafiəsində dayansınlar”.

Nəzrin atasına çox bağlı uşaq olub. Elsevər şəhid olduqdan bir müddət sonra Nəzrin ümumiyyətlə atası barədə danışmayıb. Atasının məzarına belə getməyə çəkinirmiş...

Nəzrin atasının boş vaxtlarını onlara sərf etdiyini deyir:

“Atam boş vaxtlarını bizə sərf edərdi. Daim bizi gəzdirirdi. Başqa heç nə xatırlamıram. Son günlər yadıma düşmür. Atamın məni məktəbə apardığı yadımdadır. Şəklimiz də var... Atam yuxularıma gəlmir”.

Qırıq səslə atasının xatirində çox gözəl qaldığını əlavə edir. Daha sonra dərin sükut çökür...  

Balaca Banu isə öz aləmindədir. O heç atasını xatırlamır. Sadəcə, şəkillərdən Elsevərin onun atası olduğunu bilir.

Daha çox foto burada: Photostock.az

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri