Fev
2023
17:16
170
18
2467
Virtual karabakh

Axullu kənd sakini: “Artıq azad olunma tarixini qeyd edirik” - MÜSAHİBƏ

2 Fev, 2023
17:16
2467

Axullu kənd sakini: “Artıq azad olunma tarixini qeyd edirik” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırda ən böyük arzularımdan birinə çatmışam. Doğma kəndim işğaldan azad olundu. Şükürlər olsun ki, bu günü gördüm. Çox insan torpaq nisgili ilə dünyadan köçdü”.

Bunu Oxu.Az-a müsahibəsində Xocavənd rayonunun Axullu kənd sakini Şaiq Aslanov deyib.

Müsahibəni təqdim edirik:

- Şaiq bəy, Axulluda ilk təxribatlar nə zamandan hiss olunurdu?

- Bütün Qarabağda olduğu kimi Axullu kəndinin azərbaycanlıların yaşadığı ərazilərdə 1988-ci ildən təxribatlar başlamışdı. Axullu ermənilərin yaşadığı üç kəndin əhatəsində idi. İlk günlərdə ermənilərin münasibətindəki dəyişiklik özünü göstərirdi.

1988-ci ilin sonu 1989-cu ilin əvvəllərində Edilli kəndində yerləşən məktəbdə iki - həm Azərbaycan, həm də erməni bölməsi fəaliyyət göstərirdi. Məktəb ermənilərin Edilli kəndinə daha yaxın yerləşdiyi üçün 1988-ci ildə azərbaycanlı şagird və müəllim heyəti məktəbdən çıxmaq məcburiyyətində qaldı.

1989-1990-cı illərdə kənd ərazisində sovet qoşunları tərəfindən komendant saatı tətbiq olunmuşdu. İnsanları gəlib əsir götürürdülər. Erməni kəndlərinə aparıb, təhqiredici hərəkətlər edirdilər.

Dərslər 1990-cı ilin sonuna kimi ayrı-ayrı fərdi evlərdə, uyğun binalarda keçirilirdi. Edilli kəndində yerləşən məktəbə gedilmirdi. Sonrakı dövrlərdə insanlar iş yerlərindən məhrum oldular. Xeyli sayda insanlar iş yerlərini itirdilər. Təzyiqlərə məruz qalındı. Yoldan keçən avtomobillər belə daşlanırdı.

1991-ci ilin ikinci yarısında kənddə hərəkət etmək belə mümkünsüz hala gəlmişdi. Kənd daim atəşə alınırdı. Oktyabr ayının sonlarında qonşuluqda yerləşən Tuğ kəndi ermənilər tərəfindən işğal olundu. Kənddə vəziyyət təhlükəli hal almışdı. Füzuli şəhəri ilə gediş-gəliş yolları ermənilər tərəfindən atəş altında saxlanılırdı. Hətta bu kimi təxribatlardan 5 nəfər ağır yaralanmışdı.

1991-ci ilin payızında bir dinc sakinimiz ermənilərin atəşi nəticəsində yaralandı. Onu çətinliklə xəstəxanaya çatdırıb, həyatını qurtarmaq mümkün oldu. Daha sonra 2 nəfər də güllə yarası aldı.

- Axullu kəndinə qəfil hücum necə baş verdi?

- İki gün ardıcıl olaraq kənd atəş altında saxlanıldı. Öncədən hiss olunurdu. Yeni qüvvələr də gəlmişdi. Onların kifayət qədər iriçaplı silahları, pulemyotları var idi. Onların qarşısında az qüvvə ilə dayanmaq mümkün deyildi. Kəndi tamamən mühasirəyə aldılar. Çünki böyük qətliam törətmək istəyirdilər. Onların məqsədi bəlli idi.

1992-ci il yanvarın 9-dan 10-a keçən gecə ermənilərin qəfil hücumu nəticəsində kənd işğal olundu, yandırıldı. Kəndimizdən bir nəfər Qəhrəman Nəcəfov şəhid oldu. Şəhidimizin nəşini belə özləri ilə aparmışdılar. Sonradan onlardan almaq mümkün oldu.

Sonrakı dövrlərdə də işğal baş verdi. Öncə Meşəlidə qətliam törədildi. Daha sonra isə işğalların ardı gəldi. Kiməsə rəhm etmək fikirləri yox idi. Xarakterlərinə zidd idi. Qətliama meyilli idilər.

- Kəndinizdən əsir düşənlər oldu? Sizi kənddən necə çıxardılar?

- Xeyr, bizdə ermənilər tərəfindən əsir götürülən olmamışdı. Sadəcə 1990-cı ildə ermənilərin sifarişi ilə bəzi şəxsləri həbs edib, erməni kəndlərinə aparırdılar. Ermənilər tərəfindən alçaldıcı hallar baş verirdi.

Dinc sakinlər Füzuli şəhərinə pənah gətirdi. Füzuli şəhəri işğal altında deyildi. Füzuli də işğal olunandan sonra məcburi köçkün həyatı yaşadılar. Müxtəlif ərazilərə pənah gətirdilər.

Hazırda Beyləqan rayonu ərazisində yerləşirik. Köçkünlük ağır dövr idi. Sonradan vəziyyətdən çıxmağa nail olduq. Mənzillər tikildi, evlərlə təmin olunduq. Köçkün də olsalar, ləyaqətlə yaşamağa davam etməyə çalışırdılar. Bu gün də hər birimiz öz doğma yurdumuza qayıtmaq haqqında düşünürük.

- Axullu xatirələrinizdə necə qalıb?

- Hər kəsə öz doğulub, boya-başa çatdığı məkan daha əziz və doğmadır. Amma Axullu həm fərqliliyi, həm də gözəlliyi ilə seçilirdi. Təbiət bütün gözəlliklərini ona bəxş edib. Uşaqlıq, yeniyetməlik, gənclik xatirələrim Axullu ilə bağlıdır. Hər zaman xoş xatirələrlə anıram.

- 2020-ci ildən artıq Axullunun azad olunma tarixini qeyd etdiyinizi dediniz. Bu xəbəri necə qarşıladınız?

- 2020-ci ilə qədər işğal gününü qeyd edirdim. Sanki eyni ağrı-acını yaşayırdım. Lakin indi azad olunma tarixini qeyd edirik. 30 illik həsrətdən sonra azad olundu.

İşğaldan azad olunma xəbərini gözləyirdik. Onun möhtəşəm sevinci var. Söz ilə izah edə bilmərəm. Lakin kəndimizdən heç bir əsər-əlamət qalmayıb. Qəbiristanlıq yerlə yeksan olunub.

- Ən böyük arzunuz nədir?

- Hazırda ən böyük arzularımdan birinə çatdığımı düşünürəm. Şükürlər olsun ki, doğma torpaqlarımızın işğaldan azad olunma xəbərini eşitdim. Bundan böyük nə arzum ola bilər?! Bir istəyim qalıb. O da gedib doğma torpağımda yaşamaqdır.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri