Fev
2023
18:53
453
50
3854
Virtual karabakh

Beynəlxalq səyahətçilər Füzulidə kütləvi məzarlıqları ziyarət ediblər - YENİLƏNİB + FOTO/VİDEO

4 Fev, 2023
18:53
3854

Beynəlxalq səyahətçilər Füzulidə kütləvi məzarlıqları ziyarət ediblər - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyadan 12 ölkənin nümayəndələrinin daxil olduğu beynəlxalq səyahətçilər qrupu Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndindəki kütləvi məzarları ziyarət edib.

"Report" xəbər verir ki, qonaqlara buradan tapılan minaların sayı barədə məlumat verilib.

“Ehtimal olunur ki, Ermənistan bu kütləvi məzarlığın yerinin məlum olacağını əvvəlcədən bilirdi, ona görə də onun törətdiyi hərbi cinayətini gizlətmək, yaxınlarının, qohumlarının qalıqlarını axtaran insanların ölümünə təhrik etmək üçün kütləvi məzarlığın üstü və ətrafını minalayıb. Ermənistanın törətdiyi hərbi cinayətlərin üslubu belədir, işğaldan azad edilmiş ərazilərdə adi məzarlıqlar minalanır, insanların sümükləri çıxarılır, məzarlarda qızıl dişlər axtarılırdı”, - ANAMA nümayəndələri bildiriblər.

ANAMA nümayəndələri onu da vurğulayıblar ki, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində minalardan təmizləmə işləri davam edir.

Beynəlxalq səyahətçilərin işğaldan azad edilmiş ərazilərə səfəri davam edir.

Son 2 il ərzində əsas beynəlxalq turizm klubları – “Etic”, MTP, TCC, “NomadMania” və Türkiyənin “Travel Club” nümayəndələri Qarabağa və Şərqi Zəngəzura səfər ediblər. Belə səfərlər 2021-ci ildə bir dəfə, ötən il dörd dəfə həyata keçirilib.

Bu səfər ardıcıl altıncıdır. Qrupa hərbi tarixlə maraqlanan səyahətçilər, o cümlədən məşhur səyahət kitablarının müəllifləri daxildir.

Bu cür səfərlər Qaranlıq turizm kimi ekstremal turizm növünü təbliğ etmək məqsədi daşıyır. Beynəlxalq səyahətçilər Ermənistanın 30 ilə yaxındır talan etdiyi işğaldan azad edilmiş ərazilərə və 2020-ci ildə ağır döyüşlərin getdiyi yerlərə səfər edirlər. Onlar reallıqlarla, o cümlədən tikinti və yenidənqurma işləri, Zəngəzur dəhlizinin yaradılması işləri ilə yerindəcə tanış olmaq imkanı əldə edirlər.

17:10

Azad edilmiş ərazilərə səfər edən xarici səyyahlar bu gün Füzuli rayonunda aparılan minatəmizləmə əməliyyatları ilə tanış olublar.

APA-nın xəbərinə görə, 12 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupu Füzuli rayonunun işğaldan azad olunan İşıqlı kəndində olub. Onlara burada aparılan mina və partlamamış sursatlardan təmizlənmə əməliyyatları barədə məlumat verilib.

Qeyd edək ki, ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyadan olan 30 nəfərlik heyətin bu gün Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb.

Səyyahlar Füzuli şəhərində, Xocavənd rayonunda, Şuşada olublar.

Onlar həmçinin Şuşada, Laçın-Xankəndi yolunda aksiya keçirilən əraziyə gediblər.

14:06

12 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupu Şuşaya səfər edib.

APA-nın xəbərinə görə, ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyadan olan 30 nəfərlik heyət Şuşa şəhəri ilə tanış olub.

Beynəlxalq səyyahlar qrupu Cıdır düzündə olub. Daha sonra səyyahlar şəhərin digər tarixi ərazilərini gəziblər. Onlara Şuşanın tarixi, mədəniyyəti, işğal dövründə məruz qaldığı dağıntılar barədə məlumat verilib.

12:34

12 ölkənin nümayəndələrinin daxil olduğu beynəlxalq səyahətçilər qrupu Azıx mağarasından sonra ekoloji fəalların 55 gündür Azərbaycanın yataqlarının bütün ekoloji standartları pozmaqla, qanunsuz, nəzarətsiz istismarına qarşı dinc aksiya keçirdikləri Xankəndi-Laçın yoluna gəliblər.

“Report”un səyyahları müşayiət edən müxbirinin verdiyi məlumata görə, onlar yolda heç bir blokadanın olmadığını, Ermənistandan Xankəndinə və əks istiqamətdə avtomobillərin sərbəst şəkildə hərəkət etdiyini öz gözləri ilə görüblər.

11:50

12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər qrupu Azıx mağarasına baş çəkdikdən sonra Şuşaya yollanıb.

“Report”un əməkdaşı xəbər verir ki, onlar həmçinin ekoloji fəalların Xankəndi-Laçın yolunda keçirdiyi dinc aksiya keçirildiyi əraziyə də gedəcəklər.

Səfər zamanı səyahətçilər Xankəndi-Laçın yolunda əslində nə baş verdiyini öz gözləri ilə görmək imkanı qazanacaq.

Ardınca onlar Şuşaya səfər edəcək, işğal illərində dağıdılmış şəhərin görməli yerləri, güllələnmiş abidələri, Azərbaycanın mədəniyyət paytaxtının fəal tikintisi və bərpası ilə tanış olacaqlar, Cıdır düzünə baş çəkəcəklər.

10:25

İşğaldan azad olunmuş ərazilərə səfər edən beynəlxalq səyahətçilər Xocavənddə dünyanın qədim yaşayış məskənlərindən biri olan Azıx mağarasına gəliblər.

AZƏRTAC xəbər verir ki, onlara Azıx mağarasının tarixi və coğrafi mövqeyi barədə ətraflı məlumat verilib.

09:48

12 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

Oxu.Az-ın xəbərinə görə, 30 nəfərlik heyətə 12 ölkənin - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyanın səyyah elitasında yer alan nüfuzlu şəxslər daxildir.

Bu səfər bir daha azad edilmiş ərazilərdəki dağıntılara, burada aparılan quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyahətçilərin marağının xeyli artdığını nümayiş etdirir. Belə ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, “NomadMania” və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun geniş tərkibdə heyətlərinin ötən 2 ildə 5 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə olub.

Bu isə prosesin davamı olmaqla, beynəlxalq səyahətçilərin qrup şəklində azad edilmiş ərazilərə sayca 6-cı səfəridir. Qrupda hərb tarixi ilə yaxından maraqlanan səyyahlar, o cümlədən səyahətlər üzrə kitabları ilə tanınan müəlliflər yer alır.

Əvvəlki səfərlərdə olduğu kimi, bu dəfə də beynəlxalq səyahətçilərin azad edilmiş ərazilərə səfərində dünyaca məşhur azərbaycanlı səyyah Mehrac Mahmudov onlara bələdçilik edir.

Bu səfər azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır. Beynəlxalq səyahətçilər 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən talan edilən, 2020-ci ildə ağır döyüşlərin getdiyi, indi isə bərpa və quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş əraziləri gəzməklə reallıqlarla, o cümlədən dünyanın biznes və turizm elitasının diqqətini cəlb edən Zəngəzur dəhlizi ilə bağlı görülən işlərlə yerində tanış olmaq imkanı qazanırlar.

Heyət üzvləri 3 gün ərzində Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edəcəklər.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri