30 
Mar
2023
10:24
158
18
1658
Virtual karabakh

Qarabağda soyqırımı kompleksi yaradılacaq? - ŞƏRH + FOTO

30 Mar, 2023
10:24
1658

Qarabağda soyqırımı kompleksi yaradılacaq? - ŞƏRH + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsində Azərbaycanın qələbə qazanmasından sonra torpaqlarımıza nəzarəti həyata keçirən ordumuz azad olunmuş ərazilərdə ermənilər tərəfindən törədilən soyqırımlarının izlərini aşkar etməyə başladılar. Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlılara ağlasığmaz işgəncələr verən, vandalizm əməllərinə əl atan Ermənistan Ballıqaya, Qaradağlı, Xocalı, Ağdaban və digər bunun kimi qətliamların müəllifidir. Artıq bu soyqırımlarının qalıqları bir-bir aşkar olunmağa başlayır.

Erməni vəhşiliklərini əks etdirən kütləvi məzarlıqlardan ilki Kəlbəcərin Başlıbel kəndində aşkarlandı. Daha sonra isə Xocavəndin Edilli kəndində və Ağdam rayonunun Sarıcalı kəndi ərazisində aparılan qazıntılar zamanı oradan da insan sümükləri tapıldı və bu skeletlərin 1992-ci ildə öldürülərək basdırılan azərbaycanlılara aid olması haqqında fikirlər səsləndirildi. Birinci Qarabağ müharibəsinin müsibətlərinin daha genişmiqyaslı olduğunu qeyd edən ekspertlər isə Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında daha çox kütləvi məzarlıqların aşkarlana biləcəyini istisna etməyiblər.

Bu faktların üzə çıxmasından sonra Qarabağda azərbaycanlılara qarşı soyqırımını əks etdirən kompleksin yaradılması təklifləri səsləndirildi. Tarixçilər, ictimaiyyət nümayəndələri hesab edirlər ki, azad olunmuş ərazilərimizdə tapılan kütləvi məzarlıqlar Quba Soyqırımı Memorial Kompleksinin nümunəsində işlənə və ziyarətçilərə açıq elan oluna bilər.

Bununla əlaqədar Oxu.Az-a danışan tarixçi, deputat Anar İsgəndərlinin fikrincə, Qarabağda törədilən erməni vəhşiliklərini, soyqırımı izlərini dünyaya tanıtmaq üçün aşkar edilmiş kütləvi məzarlıqların ziyarət məkanına çevrilməsi məqsədəuyğundur:

“Böyük Qayıdışa hazırlıqla paralel olaraq, əsas məqamlar da düşünülməlidir. Erməni vandalizminin qurbanı olan abidələrimizin bərpası, soyqırımı məzarlıqlarının kompleksə çevrilməsi, başımıza gətirilən müsibətlərin dünyaya çatdırılması önəmlidir. Kütləvi məzarlıqlar əlimizdə olan faktlar, aşkar sübutlardır. Artıq azad olunmuş ərazilərimizə turist səfərləri də başlayıb. Xarici qonaqların, turistlərin bu ziyarətlərdə iştirakı da mümkünləşəcək. Ona görə həmin məzarlıqların erməni vəhşiliyinin ən bariz nümunəsi kimi dünyaya göstərilməsi vacibdir. Gözü görməyən, qulağı eşitməyən dünya birliyi, əslində, soyqırımına məruz qalan xalqın azərbaycanlılar olduğunu artıq dərk etməlidir. Ermənilərin törətdikləri faciələri gizlətmələrinə imkan verməməliyik. Mən dəqiq bilirəm ki, dövlət səviyyəsində bu barədə planlar var. 1918-ci ildə xalqımıza qarşı törədilmiş mart soyqırımını əks etdirən Quba Soyqırımı Kompleksi ən əhəmiyyətli sübutlardan biri hesab edilir. Hər il yüzlərlə insan bu kompleksi ziyarət edir. Məhz Qarabağda da bu cür komplekslər yaradılması düzgün olardı”.

Aysel Aslan

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri