23 
Noy
2018
09:00
42
121
11304
Virtual karabakh

Şahzadə kimi doğulub, kimsəsiz ölən “Asiyalı Venera”nın həyatı - FOTO

O, tarixə təkcə Avropa görünüşlü Şərq gözəli olduğuna görə yox, həm də könüllü olaraq taxt-tac, İran şah saray həyatı, titul və dəbdəbəli həyatdan imtina etdiyi üçün düşüb. Mədəniyyət, azadlıq və şəxsi rahatlıq məsələləri arasında qalan şahzadə sonda öz istədiyi kimi hərəkət etməyi bacarır, hətta bu Şərq mentaliteti, xüsusən də kral ailələrinə zidd olsa da...

Oxu.Az Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı, dövrünün ən gözəl qadınlarından hesab olunan Fövziyə Fuadın həyat hekayəsini təqdim edir. 

O, Misir və Sudan sultanı olan I Fuadla onun ikinci xanımı Nazlı Səbrinin qızıdır.

Ulu babalarından biri Napoleona xidmət edən, sonradan İslamı qəbul edib Misirdə yaşayan fransız zabiti olub. Alban, çərkəz və fransız genlərinin qarışığı olan bu qız genləri sayəsində Avropasayağı üz cizgilərinə sahib idi. Xarici görünüşünə görə aktrisa Vivyen Li və Hedi Lamarr ilə çox vaxt səhv salınırdı.

Təhsilini İsveçrədə aldığı dövrdə ərəb, ingilis, fransız dillərində sərbəst danışmağı öyrənir.

Oxuyub bitirdikdən sonra Misirə qayıdanda həm şahzadə olduğu üçün, həm də düşüncə və yaşayış fərqləri cəhətdən çox qayda-qanun və qadağalarla rastlaşır. Azadlığının sərhədləndiyini hiss edir.

Ona təklif olunan evliliyi vəziyyətdən qaçış, xilas yolu kimi görür. Evlilik isə siyasi maraqlar güdürdü və Məhəmməd Rza Pəhləvinin atası Rza şahın sayəsində baş tutur. Həmin dövrdə Məhəmməd Rza Pəhləvinin 20, Fövziyənin 17 yaşı vardı.

Toya qədər cəmi bircə dəfə - Qahirənin Abdin sarayında görüşürlər.

Evləndikdən sonra şahzadənin üzərində sərt nəzarət olur və hətta qohumları ilə əlaqə saxlamaq ona qadağan edilir. Misirdən gətirdiyi əşyalar və nökərləri geri qaytarılır. Geridə qalmış ölkə sayılan İranda həyat gənc şahzadəni razı salmır.

1940-cı ildə yeganə övladları – şahzadə Şahnaz anadan olur.

1941-ci ildə Məhəmməd Rza Pəhləvi şah elan olunandan sonra Fövziyə İran kraliçası olur. Bir qədər sonra “Life” jurnalı üçün edilən fotosessiyada “Life” jurnalının fotoqrafı Sessiliya Betton onu qeyri-adi gözəlliyinə görə “Asiyalı mavi gözlü Venera” adlandırır. Jurnalın üz qabığındakı şəklindən sonra hamının diqqətini cəlb edir və dünya onun gözəlliyindən danışmağa başlayır, hər kəs onu dövrün ən gözəl qadınlarından biri kimi qəbul edir. 

Misirli yazıçı Ədil Sabit onun haqqında belə deyirdi:

“Fövziyə gözəl görünmək üçün heç bir üsuldan istifadə etmirdi. O, gözəl doğulmuşdu”.

Amma gözəlliyinin gətirdiyi uğur və sevgi onun şəxsi evlilik həyatı ilə müqayisə oluna bilməz. Evlilikləri müddətində Məhəmməd Rza Pəhləvi başqa qadınlarla görüşür, ona xəyanət edir. Bundan xəbər tutan Fövziyə 1945-ci ilin sonunda Şərq ölkələri, xüsusən şah ailələri üçün gözlənilməz addım atır. Boşanmaq üçün ərizə verib Qahirəyə qayıdır. 

İranda vəliəhd dünyaya gətirmədiyi üçün boşandıqları fikri yayılır. Buna görə Misirə qayıdarkən səkkiz yaşlı qızını orada qoyur.

Boşanma sənədi 1948-ci ilə qədər İranda tanınmır. İranda boşanma bərqərar olandan sonra şah rəsmi səbəb kimi İran iqliminin ona düşmədiyini göstərir. 

Könüllü olaraq şah sarayı, yüksək titul və imtiyazlardan imtina edir, peşman olmur, sonrakı həyatı da bunu təsdiqləyir.

1949-cu ildə Misir ordusunun polkovniki İsmayıl Şirinlə evlənir, bu evlilikdən iki övladı olur.  Bu nikahı uğurlu olur, birlikdə 45 xoşbəxt il keçirirlər. 

1952-ci il Misir inqilabından sonra bütün imtiyazlardan məhrum edilsə də, Misirdə qalıb İsgəndəriyyədə yaşayır. Şahzadə titulundan məhrum edilməsi çox şeyi dəyişmir. Xalq onu çox sevir və hamı onu “mənim şahzadəm” deyə çağırır.

Fövziyə Fuad deyirdi:

“Ömrümdə iki dəfə tacımı itirmək məcburiyyətində qaldım, İran kraliçası olanda, bir də Vətənimdə şahzadə titulunu itirəndə. Amma vacib deyil. İndi hər şey keçmişdə qalıb”.

Şahın sonrakı taleyinin necə olması da, yəqin ki, maraqlıdır. Şah Fövziyəyə xəyanət etdiyi digər mavi gözlü Sürayə Bəxtiyari ilə evlənir. Bu evlilik də yarımçıq qalır. Çünki şah digər qadınlara meyil etməkdən əl çəkmir. Sonda Fərəh Diba adlı əslən azərbaycanlı olan qadınla evlənir.

1979-cu il İran inqilabından sonra ölkədən qaçır. Avropa dövlətləri və ABŞ onu qəbul etmir. Təsadüfən, tale onu Misirə gətirir. Xərçəng xəstəliyindən əziyyət çəkir və 60 yaşında Qahirədə vəfat edir.

Fərəh Pəhləvi xatirələrində yazır ki, şah müalicə üçün ABŞ-a gedəndə hakimiyyət zamanı müttəfiqi olan ABŞ onu qəbul etmir. Şah deyir ki, “Bu, Allahın mənə verdiyi cəzadır və mən bu cəzanı ləyaqətlə çəkəcəyəm”. 

2013-cü ildə “Kimsəsiz ölən şahzadə” başlıqlı xəbər yayılır. Fövziyə Fuad 2013-cü ildə 91 yaşında vəfat edir. O, ikinci və sevimli həyat yoldaşı İsmayıl Şirinin yanında dəfn olunur. 

Nəzrin Həsənova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri