22 
Dek
2018
11:44
216
20
12117
Virtual karabakh

ABŞ qoşunları Suriyanı Türkiyəyə görə tərk edir? - RƏY

22 Dek, 2018
11:44
12117

ABŞ qoşunları Suriyanı Türkiyəyə görə tərk edir? - RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerika Birləşmiş Ştatları lideri Donald Tramp ABŞ hərbi kontingentini tam olaraq Suriyadan çıxarmaq niyyətində olduğunu bəyan edib. Bu həftə verilən bəyanat bütün dünyada böyük əks-səda doğurub. Görəsən nə baş verib? Terrorçular üzərində tam qələbə qazanılıb? Yoxsa bu bir özünəməxsus manevrdir? ABŞ qoşunlarının çıxarılması Suriyada vəziyyətin sabitləşməsinə kömək edəcək?

Ağ Evin rəhbəri Donald Tramp, ABŞ-ın İŞİD-i məğlub etdiyini bildirsə də, amerikalı analitiklər buna çox da inanmır. Amma bu çox vacibdir. Tramp Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla apardığı danışıqlardan sonra həmin gözlənilməz bəyanatı səsləndirib. Türkiyə lideri isə, öz növbəsində Fərat çayının şərq sahillərində “kürd separatçılara” qarşı ən yaxın zamanda əməliyyatın başlanacağını elan etdi. “News.ru” nəşrinin məlumatına görə, amerikalı hərbçilər məhz həmin bölgəyə səfərbər olunmuşdu.

“Kommersant”ın verdiyi xatırlatmaya əsasən, Amerika qoşunlarının Suriyadan çıxarılması Donald Trampın seçki qabağı kampaniyasında verdiyi vədlərdən biri olub. Onun müşavirləri hər vəchlə bunun qarşısını almağa çalışırdılar.

“The New York Times” qəzetinin məlumatına görə, ABŞ müdafiə naziri Ceyms Mettis və digər vəzifəli şəxslər son günlər Trampı bu fikrindən daşındırmağa çalışıb, onlar əmin ediblər ki, hərbi kontingent qısa müddət ərzində bu ərəb ölkəsindən çıxarılsa, bu addım Suriyada İranın nüfuzunun artmasına şərait yaradacaq. Buna baxmayaraq onlar Ağ Ev rəhbərini bu fikirləri təlqin edə bilmədilər.

ABŞ-ın bu qərarında kürdlər narazı qaldı. Məsələn, başlıca olaraq kürd yaraqlılardan ibarət “Suriya Demokratik Qüvvələri” (SDQ) hərbi koalisiyası ABŞ administrasiyasının bu addımını “arxadan vurulan bıçaq zərbəsi” kimi qiymətləndirib. Bu haqda Sky News Arabia SDQ komandanlığından olan nümayəndənin bəyanatına istinadən məlumat yayıb.

Suriyalı siyasi-ictimai xadim, “Sülhlə dəyişikliklər yolu” hərəkatının nümayəndəsi Əli Səlim Əsəd Oxu.Az-la söhbətində, ABŞ-ın müxtəlif hərbi kampaniyalarda iştirakı zamanı digər hərbi birləşmələrdən öz məqsədləri üçün istifadə etməsi ilə bağlı təcrübəsinin olduğu faktına diqqət çəkib:

“Buna İŞİD-i, “ƏL-Qaidə”ni, “Müsəlman Qardaşlığı”nı və digərlərini misal göstərmək olar. “Əl-Qaidə”nin Suriya və Livan ərazisindəki bölməsi sayılan “Cəbhət ən-Nüsrə”nin də ABŞ-dan yardım aldığı vaxt olub.”

“ABŞ-ın bütün qoşunlarını tamamilə Suriyadan çıxaracağını düşünmürəm. Əfqanıstan misalı var. 17 ildir ki, bu ölkəni tərk etməyi vəd edirlər. Ancaq vədlər sadəcə “sözdə qalır” , əməldə yerinə yetirilmir.

Dünən ABŞ hökumətinin Əfqanıstandakı hərbi kontingenti ixtisar etmək niyyəti ilə bağlı bəyanat yayıldı... Bununla belə bu gün ABŞ prezidenti Donald Trampın “tvitter diplomatiyasının” şahidi oluruq. Ola bilər hansısa hazırlıqlar gedir. Düşünürəm ki, Türkiyə ilə ABŞ arasında razılaşma əldə olunub. Yəni Amerika qoşunları çıxır, yerinə türk qoşunları daxil olur”, - deyə Əli Səlim Əsəd bildirib.

“Böyük ehtimalla Türkiyə ABŞ-ı seçim qarşısında qoyub: “ya NATO üzvü olan biz ya da kürdlər”. Amerikalılar xoşagəlməz vəziyyətə düşüb pərt olmamaq üçün qoşunların Suriyadan çıxarılmasından dəm vururlar. Türkiyə qoşunları ilə qarşıdurma Birləşmiş Ştatlara lazım deyil. Bununla belə, həm də aydın olur ki, ABŞ Suriyada sakitliyin tərəfdarıdır. Bu amerikalılar üçünRusiya və İranla rəqabət aparmağa imkan verən “düşmən ərazisidir”. Ona görə bir çox ziddiyyətlər var”, - deyə suriyalı ekspert bildirib.

Bununla belə Əli Səlim Əsəd bir daha vurğulayıb ki, onun fikrinə görə ABŞ qoşunlarının Suriyadan çıxarılması ideyası böyük ehtimalla Türk-ABŞ razılaşmalarından qaynaqlanır.

“Ümumi götürdükdə Suriyada böyük dövlətlərin razılığı olmadan heç nə baş vermir. Deyək ki, şərti olaraq böyük dövlətlər Azərbaycan qoşunlarının Suriyada əməliyyat keçirməsinə etiraz etməsə, Bakının belə bir istəyinin olacağı təqdirdə, bu asanlıqla gerçəkləşə bilər. Bəs suriyalılar buna necə münasibət bəsləyir? Bizə sülhməramlılar lazım deyil. Bizə məhz terrorçulara qarşı hərbi dəstək lazımdır. Azərbaycanın belə bir dəstəyi göstərməsinə etiraz etmərik”, - deyə müsahib bildirib.

Nair Əliyev
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri