23 
Apr
2019
13:31
250
22
5932
Virtual karabakh

Saakaşvili: Eybi yox, bir az dözərəm

Mixeil Saakaşvilinin Ukraynaya gəlişi üçün heç bir qanuni əsası yoxdur.

TSN-in məlumatına görə, bu barədə Ukrayna dövlət sərhəd xidmətinin mətbuat xidməti bəyanat yayıb.

“Həmin şəxs 2017-ci ilin sentyabr ayında qanunsuz şəkildə Polşadan Ukrayna sərhədinə keçib. Yerli və apellyasiya məhkəmələrinin çıxardığı qərarlar da bu faktı təsdiq edir”, - deyə bəyanatda qeyd olunur.

Xidmətdən bildiriblər ki, yuxarıda qeyd olunan qanun pozuntusu ilə əlaqədar Saakaşvilinin Ukraynaya girişinə 2021-ci ilə kimi məhdudiyyət qoyulub.

M.Saakaşvili buna öz “Facebook” səhifəsində reaksiya verib. O, gözləməyə hazır olduğunu bildirir.

“Poroşenkonun prezident vəzifəsində olduğu müddətdə Dövlət Sərhəd Xidmətindən başqa cavab gözləmirdim. Eybi yox, aylardır gözləyirəm, bir az da səbr edərəm”, - deyə yazır.

Xatırladaq ki, keçmiş Gürcüstan prezidenti və sabiq Odessa qubernatoru M.Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib. Ölkəsində ona qarşı bır sıra cinayət işləri açılıb. Bəzi işlər üzrə qiyabi olaraq həbs cəzalarına məhkum edilib.

2015-ci ildə Ukrayna siyasi arenasına qoşulub. Həmin vaxt prezident Poroşenko onu Odessa vilayətinin qubernatoru vəzifəsinə gətirərək, Ukrayna vətəndaşlığı verib.

Ancaq 2016-cı ildə onun bölgəni inkişaf etdirməklə bağlı vədini yerinə yetirmək əvəzinə, əksinə, Odessanın iqtisadi göstəricilərini aşağı saldığını əsas gətirərək, Saakaşvilini tutduğu vəzifədən azad edib. 2017-ci ilin iyul ayında isə Saakaşvili Ukrayna vətəndaşlığından məhrum edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri