21 
May
2019
18:16
104
51
7086
Virtual karabakh

ABŞ İrandan nə istəyir?

21 May, 2019
18:16
7086

ABŞ İrandan nə istəyir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran ətrafında gərginlik az qala qaynama nöqtəsinə çatıb. ABŞ və İran arasında buna qədər iki dəfə gərginlik yaşanıb. Ancaq bu dəfə vəziyyət daha mürəkkəb və daha ciddi səciyyə daşıyır.

İran artıq 2015-ci ildə Vyanada “5+1” qrupu ilə bağlanmış nüvə sazişinin iki müddəası üzrə öhdəliklərini dayandırıb. Bu isə o anlama gəlir ki, Tehran Vaşinqtonun təxribatlarına səssiz qalmaq fikrində deyil.

İran ətrafında və ümumiyyətlə, İran körfəzində hansı proseslərin cərəyan etməsi barədə Oxu.Az-a verdiyi müsahibədə rusiyalı iranşünas Nikolay Kozakov ətraflı danışıb:

- İran Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə (JCPAO, nüvə sazişi – red.) öhdəliklərini qismən dayandırdı. Tehranın bu qərarını necə qiymətləndirirsiniz? Brüsselin buna reaksiyası necə olacaq?

- Hazırda Rusiyada və Avropada belə bir yanaşma var: yaranmış vəziyyətdən hər hansı nəticə çıxarmaq  tezdir. Sadəcə, İran tərəfdən gələn siqnal var: Avropanın sanskiyalara qarşı atdığı addımlar onu qane etmir. Ancaq Tehran tamamilə Birgə Hərtərəfli Fəaliyyət Planından çıxmaq fikrində deyil. Hələlik İranın bu qərarı (öhdəliklərini qismən dayandırması - red.) ultimativ xarakteri daşıyır.

Avropalıların İran istiqamətində siyasətini aktivləşdirməyə vaxtı var. Digər yandan, Avropa İttifaqının Tehranın prezident Ruhaninin bəyan etdiyi müddəalardan imtina etməsindən daşındırmaq üçün hər hansı aktiv addımlar atacağına əmin deyiləm.

- İran XİN rəhbəri Cavab Zərif bu yaxınlarda Moskvada oldu. Onun məqsədi Kremlin nüvə sazişinə sadiq qalmaları üçün Avropaya təzyiqlər göstərməsinə nail olmaq idi. Sizcə, Moskva Avropa ilə dialoq yolu ilə bu məsələni həll edə biləcək?

- Moskvanın reaksiyası kifayət qədər təmkinli oldu. Zərif Rusiya rəhbərliyinə İranın mövqeyini çatdırdı. Hazırda Moskva bu mövzuda Avropa İttifaqı və bütövlükdə beynəlxalq ictimaiyyətlə dialoqu aktivləşdirib. Moskva anti-İran sanksiyaları ilə mübarizədə onları daha aktiv olmağa inandırmağa çalışır.  

Digər yandan, düşünürəm ki, elə Rusiya rəhbərliyi də gözləmə mövqeyi tutub və İranın bundan sonra hansı addımları atacağına baxacaq. Onu da qeyd etmək lazımdır ki, İranla danışıqlar prosesini məhz Rusiya işə salmışdı və indi onlar, ümumiyyətlə, bu prosesin devalvasiyasında maraqlı deyil.

Əgər İran bu sövdələşmələrə münasibətində “çox uzağa getsə”, ola bilər, Moskva da Tehranla bağlı mövqeyini və siyasətini dəyişsin. Ancaq bu, çox uzaqdır. Hələlik iranlıların təyin etdiyi 60 günlük son müddəti gözləmək lazımdır. Tehran səs-küylü bəyanatları ilə tanınır, ancaq hələlik onlar bu ultimatumları praktiki müstəviyə keçirmirlər.

- ABŞ-ın Tehrana yönəlmiş təzyiqlərinin dayanması üçün nə baş verməlidir? Axı məlum məsələdir ki, nüvə proqramı, sadəcə, bəhanədir?

- Yaxşı sualdır. Mənə elə gəlir, bu sualı ABŞ tərəfinə ünvanlamaq lazımdır. “Amerikalılar İranı necə görmək istəyir?” – bununla bağlı çoxsaylı versiyalar və fərziyyələr var. Onu da qeyd etmək lazımdır ki, bu məsələyə olan yanaşmalar da ABŞ siyasi elitasından qruplaşmadan qruplaşmaya dəyişir. Aydın məsələdir ki, ABŞ “isteblişmenti”nin bir qismi üçün rejimin devrilməsi prioritet variantdır.

Tramp nə istəyir? Burada söhbət İranı Yaxın Şərq regionundakı xarici siyasət doktrinasını yenidən nəzərdən keçirməyə və ya “komanda oyunu oynamağa” məcbur etməkdən gedir. Digər yandan, avropalılardan fərqli olaraq, sazişin bağlanmasından sonra ABŞ şirkətləri elə ABŞ sanksiyalarına görə onlara çatası paylarını ala bilmədilər.

ABŞ İrandan ikitərəfli iqtisadi münasibətləri də nəzərdən keçirməyi tələb edir. Sözümün canı odur ki, burada artıq siyasi və iqtisadi məsələlər bir-birinə dolaşıb. İran dünyaya açılmalıdır. İranlılar üçün isə müstəqil siyasəti qorumaq və qlobal maliyyə sistemi və texnologiyalardan yararlanmaq imkan əldə etməkdir.

- Hansı ölkələr sanskiya rejimini dəstəkləməyərək, İranla “alver”i davam etdirir, onun enerji resurslarını və digər məhsullarını alır?

- İrana qarşı yeni-yeni sanksiyalar qəbul olunur. Məsələn, bu yaxınlarda İranın metallurgiya şirkətlərinə qarşı sanksiya tətbiq olunub. Situasiyanın bundan sonra hansı şəkildə inkişaf edəcəyini izləmək lazımdır.

Hal-hazırda İran qeyri-Avropa oyunçularına üz tutmalı olub. Aydın məsələdir ki, İranın əsas ticarət partnyoru əvvəl necə Çin idisə, bundan sonra da qalacaq. Həmçinin, Türkiyə və Ərəb körfəzinin bri sıra ərəb ölkələri vacib rol oynayacaq.

Qaçaqmalın daşınmasında Oman mühüm rol oynayacaq, müəyyən dərəcədə Qətər kömək göstərəcək. Hindistan da sanksiyalardan gileylidir, hesab edirəm ki, Cənubi Koreya və Yaponiya da qismən ticarət münasibətlərini qoruyub-saxlayacaq. Avropalılara isə artıq yer qalmayıb. Digər yandan, sadaladığım bütün ölkələri ABŞ-a sıx əlaqələr birləşdirir. Dövlətlər Vaşinqtonun ölkələrinə qarşı sanskiyalar tətbiq etməməsi üçün dəridən-qabıqdan çıxmalı olacaq.

R.Q.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri