22 
May
2020
11:20
38
155
2156
Virtual karabakh

Moldova Azərbaycandan tibbi yardım istəyib - MÜSAHİBƏ

22 May, 2020
11:20
2156

Moldova Azərbaycandan tibbi yardım istəyib - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümumdünya Səhiyyə Təşkilatı koronavirus pandemiyasının hələ davam edəcəyini açıqlayıb. Hətta COVID-19-dan çox təsirlənməyən ölkələrdə də yoluxanların sayı artır. Məsələn, Moldovada 2 600-dən çox insan koronavirusa yoluxub və onların sayı artmaqda davam edir. Hazırda Moldovada neçə Azərbaycan vətəndaşı var, onlar problem yaşayırlarmı?

Media.Az bu barədə Azərbaycan Respublikasının Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovla söhbətləşib:

- Moldovada vəziyyət necədir, orada qalan azərbaycanlıların sayı çoxdur?

- Moldovada beş minə yaxın azərbaycanlı var. Bura Dnestryanıda olanlar da daxildir. Lakin onlardan bəziləri Moldova vətəndaşıdır və ya daimi yaşamaq icazəsi var. Yeri gəlmişkən, Avropa İttifaqı ilə imzalanan assosiasiya sazişi ilə əlaqədar Moldova vətəndaşlığını almaq olduqca çətindir.

Eyni zamanda, 400-ə yaxın azərbaycanlı ailəsinin köməyə ehtiyacı var. Azərbaycan təcrübəsinə əsaslanaraq, burada operativ qərargah yaratdıq. Həmyerlilərimizə maksimum kömək etdik, sərhədlər bağlandığı üçün bu, daim nəzərə alınmalıdır.

Diasporamızı, biznes nümayəndələrini cəlb etdik, pul yığdıq. Azərbaycanlı biznesmen Feyruz İsayev kömək etdi. Həmin vəsaitlə 400 ailə üçün ərzaq alırıq. Onlara diqqət göstəririk, bizim himayəmizdədirlər. İndi Moldova ilə Dnestryanı arasında sərhədlər bağlanıb. Ancaq ərzaqların həmvətənlərimizə verilməsini təşkil etdik.

Koronavirus məsələsinə gəlincə, təəssüflə qeyd etməliyəm ki, soydaşlarımızdan biri vəfat edib. O, əslən Naxçıvanın Şərur bölgəsindən olan 63 yaşlı həkim idi. Onu şəxsən tanıyırdım, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bütün soydaşlarımız üçün Azərbaycan məsuliyyət daşıyır. Bir daha təkrarlayıram, bütün vətəndaşlarımız və ölkə sakinlərimiz diqqət mərkəzindədir.

- Moldovadan Azərbaycana təxliyyə olunmaq istəyən var?

- Gəlin, uzaqdan başlayım. Moldova çox da zəngin ölkə deyil. Burada, Kişinyovun mərkəzində Azərbaycan vətəndaşlarının işlədiyi bazarlar var. Lap əvvəl Azərbaycana qayıtmaq istəyən 400-500 nəfər var idi. Qərargah yaratdığımız zaman həmyerlilərimizə izah etdik ki, ölkəyə qayıdandan sonra onlar 14-21 gün ərzində karantində qalmalıdırlar. Bundan sonra evə getmək istəyənlərin sayı kəskin azaldı. Hazırda onların sayı 20 nəfərdir.

- Bir neçə gün əvvəl Moldova tərəfinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Moldova Prezidenti İqor Dodon arasında videokonfrans formatında söhbət oldu...

- Bəli, bundan əvvəl Moldova rəhbərliyi COVID-19 pandemiyası ilə əlaqədar tibbi yardım istəyib. Azərbaycan həmin yardımı göstərib. Bunu Moldova xalqı daim xatırlayacaq. Azərbaycan üçün də çətindir, ancaq kömək etməyə bilməzdik.

Moldova-Azərbaycan münasibətləri ideal vəziyyətdədir. Moldova bütün beynəlxalq məkanlarda, o cümlədən, erməni təcavüzü məsələsində bizi dəstəkləyir. İqor Dodon göstərilən köməyə görə Azərbaycanın dövlət başçısı İlham Əliyevə təşəkkür etmək istəyirdi.

Karantin bitdikdən və sərhədlər açılandan sonra ikitərəfli hökumətlərarası komissiyanın iclası gözlənilir. Moldovanın dövlət başçısı İqor Dodon, nazirlər, biznes elitasının nümayəndələri də Azərbaycana gedəcəklər.

Azərbaycan Moldovada yaxşı təmsil olunur. Lakin qonşularımız (ermənilər - red.) burada siyasi səhnədə və hüquq-mühafizə orqanlarında geniş təmsil olunurlar. Bizimkilər isə çox da fəal deyillər - diasporu nəzərdə tuturam. Bir millət olaraq daha güclüyük, ancaq özünütəşkillə bağlı problemlər var...

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri