İyl
2020
10:43
26
93
3825
Virtual karabakh

Kiçik ölkənin böyük problemləri: Livanda nələr baş verir? – TƏHLİL

2 İyl, 2020
10:43
3825

Kiçik ölkənin böyük problemləri: Livanda nələr baş verir? – TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaxın Şərqin kiçik ölkəsi olan Livanda bir neçə aydır etirazlar davam edir. Livan hökuməti hazırda faktiki olaraq defolt ərəfəsindədir, baxmayaraq ki, baş nazir Həsən Diab ölkəni qoruya biləcəyini deyir. Lakin fakt odur ki, Livanda iqtisadi-sosial vəziyyət günü-gündən daha da pisləşir. 

Ən son olaraq ölkədə çörəyin qiyməti 33 faiz bahalaşıb. Belə ki, daha əvvəl 1500 Livan lirəsinə (1,70 AZN – red.) olan 900 qramlıq çörək artıq 2000 lirəyə (2,25 AZN – red.) satılacaq. Ölkədə isə bahalaşma və iqtisadi vəziyyətə etirazlar davam edir. 

Hökumət çörəyin bahalaşmasını ölkədəki 1 milyona yaxın qaçqınla əlaqələndirir. Lakin ortada başqa amillər də var. Məsələ ondadır ki, ötən ilin payızında hökumətin vergiləri artırması qərarı Livanda güclü etirazlara səbəb olub. Üstəlik seçkilərdən sonra yaranmış hökumət böhranı vəziyyəti daha da pisləşdirib. 

İyunun əvvəlində isə gözlənilmədən Livanda ABŞ dolları birdən-birə 50 faiz bahalaşıb. Belə ki, iyunun əvvəlinə qədər 1 ABŞ dolları 4000 Livan lirəsinə bərabər olduğu halda, qəflətən 6000 lirəyə yüksəlib. Bu qəfil bahalaşma hökumət və Mərkəzi Bank əleyhinə etirazlarla müşayiət olunub. Daha sonra lirə bir qədər sabitləşib və 1 dollar 1500 Livan lirəsinə bərabər olub, ancaq bu qiymət formaldır. Çünki dollar əsasən “qara bazar”da 4500 Livan lirəsinə satılır.

Livanın dövlət borcu isə 90 milyard dolları ötüb. Hətta bir ara hökumətin defolt olacağı iddiaları müzakirə olunsa da, baş nazir Diyab hökumətin fəaliyyətini davam etdirəcəyini deyib. Təbii ki, indi Livanı ancaq borc xilas edə bilər. Hazırda Livan hökuməti BVF-dən ildə iki milyard dollar olmaqla 10 milyard dollar kredit almaq üçün danışıqlar aparır. Güman ki, bu borc alınsa, Livanı müəyyən müddətlik xilas etmək mümkün olacaq. 

Beş milyondan bir az çox əhalisi olan bu kiçik Yaxın Şərq ölkəsini 10 milyard dollara xilas etmək mümkün olsa da, əslində ölkənin daha dərin siyasi problemləri var. Hazırda davam edən iqtisadi böhranın kökündə isə məhz siyasi səbəblər dayanır. 

20-ci əsrin əvvəlində Suriyanın beşinci əyaləti olan Livan daha sonra Fransa tərəfindən Suriyadan qoparılıb və 1943-cü ildə müstəqil dövlət kimi dünya xəritəsinə daxil olub. Aralıq dənizi sahilində yerləşən bu ölkənin qurudan yalnız cənubda İsraillə sərhədi var. Qalan quru əraziləri isə Suriya ilə həmsərhəddir. 

Ancaq kiçik ölkə olan Livan dünyada tayı-bərabəri olmayan etnik və dini rəngarəngliyə sahibdir. Bu ölkədə 16 fərqli etnik, dini-məzhəbi qruplar mövcuddur. Bu müxtəliflik ölkənin siyasi sisteminə də sirayət edib. Ölkə konstitusiyasına əsasən, dövlət başçısı – prezident ölkənin əsas çoxluğu olan mauruni xristian, baş nazir sünni, parlamentin sədri isə şiə müsəlmanlardan seçilir. Bundan başqa, 128 mandatlıq parlamentdə deputat yerlərinin tən yarısı xristianlara, qalan yarısı, yəni 64 mandat isə müsəlmanlara verilir. Müsəlmanlara düşən 64 mandatın 28-i şiələrə, 28- sünnilərə, yeddisi druzlara, biri isə ələvilərə verilir.

Məhz bu müxtəliflik və üstəlik İsraillə həmsərhəd olması Livanı dünyanın böyük güclərinin maraqlarının toqquşduğu mürəkkəb ölkələrdən birinə çevirib. 1975-90-cı illərdə ölkədə amansız vətəndaş müharibəsi baş verib. 2005-ci ilə qədər Livanda Suriya ordusu yerləşdirilib. İsrail isə bir neçə dəfə Livana hücum edərək, paytaxt Beyruta qədər irəliləyib. Livanda bu gün baş verənlər də əslində daxili siyasi-iqtisadi vəziyyətdən daha çox xarici güclərin rəqabətinin nəticəsidir. 

Məsələ ondadır ki, Livan Yaxın Şərqdə İranın ən çox möhkəmləndiyi ölkələrdən biridir. Bu ölkədə İrana ideoloji və siyasi olaraq bağlı olan Hizbullah təşkilatı fəaliyyət göstərir. Hizbullah isə İsrail üçün başağrısı olmaqla yanaşı, Fələstindəki qrupların silahlandırılmasında, həmçinin, Suriyada vətəndaş müharibəsində iştirak edir. Suriyada Bəşər Əsəd hakimiyyətinin qorunub saxlanılmasında Hizbullahın ciddi rolu olub və olmaqda davam edir. 

Digər tərəfdən hazırda Livanda bir milyona yaxın suriyalı qaçqın var. Üstəlik Suriyada doqquz ildir davam edən vətəndaş müharibəsi zamanı ölkənin ərzaqla təminatında məhz Livan və Hizbullah əhəmiyyətli yer tutub. Bu səbəbdən də hazırda Livanda Hizbullah əleyhdarı media ölkədəki ərzaq qıtlığını Hizbullahın Suriyaya ərzaq göndərməsi ilə əlaqələndirir. 

İyunun əvvəlində ABŞ hökumətinin Livana iqtisadi təzyiqi artırmasının arxasında dayanan əsas amillərdən biri də məhz bu olub. Müşahidəçilərə görə, Livanda baş verənlər ABŞ və Səudiyyə Ərəbistanının İranla regional qarşıdurmasının bir hissəsidir. ABŞ Livanda İranın dayaqlarını - Hizbullahı zəiflətməyə çalışır. İyunun 6-da da Livanda Hizbullah əleyhinə aksiyalar keçirilib və daha sonra şiələrin Peyğəmbərin həyat yoldaşı Aişəni təhqir etməsi şayiəsi ölkədə məzhəb gərginliyini yenidən yüksəldib. ABŞ Livan, İraq və Suriyada Tehranı zəiflətməyə çalışır.

İyunun sonunda ABŞ-ın Livandakı səfiri Doroti Şea ərəb telekanallarından birinə telefonla verdiyi müsahibədə Livanda baş verən iqtisadi vəziyyətə görə Hizbullahı günahlandırıb. Hizbullahı dövlət içində dövlət adlandıran səfir Livanda dövlətə ayrılan pulların Hizbullaha getdiyini bildirib.

Bundan sonra Hizbullah tərəfdarları ABŞ səfirliyi və Livan XİN qarşısında aksiyalar keçirərək səfirə etiraz edib. Ancaq belə görünür ki, Livanda gərginlik hələ davam edəcək. Vaşinqton Livan siyasətində aparıcı təsirə malik olan Hizbullahın neytrallaşdırılması üçün təsir rıçaqlarını işə salıb. Güman ki, Livana yeni kredit tranşı da Hizbullah amili nəzərə alınmaqla veriləcək. 

Yeri gəlmişkən, oxşar vəziyyət Suriyada da yaranıb. Burada da yerli valyuta olan Suriya lirəsi dollar qarşısında sürətlə dəyər itirir. Görünən odur ki, Vaşinqton daha əvvəl Tehrana qarşı işlətdiyi iqtisadi təzyiq rıçaqlarını indi Suriya və Livan kimi İranın təsiri olan ölkələrə tətbiq edir. İran hazırda ciddi iqtisadi çətinliklər yaşadığı bir şəraitdə bu ölkələrə yardım etmək gücündə deyil. Tramp hakimiyyəti isə bu vəziyyətdən istifadə edərək, Tehranın əl-qolunu bağlamağa çalışır. 

Livan hər nə qədər kiçik ölkə olsa da, Yaxın Şərq üçün ciddi əhəmiyyətə malikdir. Burada başlayan rəqabətin nəticəsi bütün regiona təsir edəcək. 

Rəşad Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri