İyl
2020
11:22
15
74
1401
Virtual karabakh

Sahibkarlığın İnkişafı Fondu hökumətin anti-böhran proqramının lokomotivinə çevrilib - TƏHLİL

3 İyl, 2020
11:22
1401

Sahibkarlığın İnkişafı Fondu hökumətin anti-böhran proqramının lokomotivinə çevrilib - TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda COVID-19 pandemiyasından təsirlənən iqtisadiyyatın qeyri-neft sektorunun əsas istiqamətlərini dəstəkləyən proqramların icrası genişləndirilir. Orta müddət üçün ən vacib vəzifə kiçik və orta biznesin (KOB) maliyyələşdirilməsinin genişləndirilməsi və yeni kredit mexanizmlərinin tətbiq olunmasıdır. Aydındır ki, karantindən sonrakı dövrdə KOB-ların maliyyələşdirilməsində əsas rol dövlət fondlarına və hər şeydən əvvəl Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fonduna (SİF) veriləcək. Son zamanlar SİF-in kreditləşmə fəaliyyətini optimallaşdırmaq üçün kreditlərin qaytarılması müddəti əhəmiyyətli dərəcədə artırılıb, girov prosedurları sadələşdirilib və sahibkarlara verilən kreditlər üçün zəmanət və subsidiyaların təqdim olunması mexanizmləri əlavə edilib.

Neft böhranının və koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına mənfi təsiri sahibkarlığın maliyyələşdirilməsi sahəsində də ətalət proseslərini istər-istəməz gücləndirib. Mövcud çətin şəraitdə bank kreditləşməsinin sürətlə artmasına ümid etmək olmur, üstəlik bankların portfelində aqrar və sənaye sahələri üçün verilən kreditlər nisbətən az yer tutur.

Mövcud şəraitdə İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu sahibkarları aşağı faizli və “uzun” borc vəsaiti ilə təmin edən aparıcı donor olaraq qalır.

Bu illər ərzində KOB-un 37 200 subyektinə fonddan 2 milyard 300 milyon manata yaxın güzəştli kredit verilib ki, bu da dövlətin güzəştli maliyyələşdirməsinin üçdə bir hissəsindən çoxdur. SİF vəsaitinin yönəldildiyi sahələrə gəlincə, güzəştli kreditlərin təxminən 70 faizi fermer təsərrüfatlarına, kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan subyektlərə verilib, həmçinin aqrar infrastruktur və logistikanın inkişafı üçün müxtəlif təyinatlı layihələrə ayrılıb.

Bu gün, qlobal iqtisadi resessiyanın mənfi təsirini aradan qaldırmaq ehtiyacı nəzərə alınaraq, SİF-ə COVID-19 pandemiyasının mənfi təsiri ilə üzləşən bir sıra sahələrə dəstək verən yeni vəzifələr həvalə edilib, habelə aqrar sektora güzəştli kredit vermə imkanları daha da artırılıb.

Fondun fəaliyyətində islahat məqsədilə Azərbaycan Nazirlər Kabineti Azərbaycan Prezidentinin 4 aprel 2020-ci il tarixli “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanının icrası ilə bağlı Tədbirlər Planını təsdiq edib.

Bu planın icrası zamanı İqtisadiyyat Nazirliyi “Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”na düzəlişlərlə bağlı təkliflər paketi hazırlayıb, həmçinin dövlət başçısı tərəfindən 4 iyun 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Fondun Nizamnaməsinə də dəyişikliklər edilib.

Kreditləşmə şərtlərində ən vacib dəyişikliklər arasında investisiyanın müqayisə olunacaq dərəcədə uzun geridönməsi tələb olunan sektorlara vəsaitlərin verilmə müddətini artırmağı göstərmək olar.

Belə ki, kənd təsərrüfatı sahələrində (məsələn, çayçılıq, üzümçülük, bağçılıq və s.) kreditlərin verilmə müddəti əlavə iki il uzadılıb. Xüsusilə kiçik kreditlər (5000 manatdan 50 000 manata qədər) üçün ödəmə müddəti üç ildən beş ilədək, orta kreditlər üzrə (50 000-dən yuxarı və 1 000 000 manata qədər) beş ildən yeddi ilədək artırılıb. İri kreditlərin verilməsi qaydaları əvvəlki kimi qalıb: 1 000 000 manatdan 10 000 000 manata qədər borc sahibkarlara 10 il müddətinə təqdim olunur.

Bu addım təkcə uzunmüddətli investisiya tələb edən kənd təsərrüfatı sektorları üçün çox cəlbedici deyil. Perspektivdə həmin sxem sənaye və emal sahələrində uğurla tətbiq oluna bilər, çünki əsaslı tikinti, texnoloji avadanlıqların montajı və seriya istehsalın qurulması üçün tələb olunan vaxt nəzərə alınmaqla, layihələrin özünü ödəməsi prosesi xeyli gecikir.

Maraqlıdır ki, Azərbaycan banklarının böyük əksəriyyəti risklərdən qaçmaq üçün öz vəsaitləri hesabına istehsal layihələrinin kreditləşməsi barəsində konservativ siyasət aparır və bu cür kreditlərin verilməsi müddəti nadir hallarda 3-5 ildən çox olur. Beləliklə, SİF kreditlərinin təqdim edilməsi müddətinin dəyişdirilməsi agent banklara və onların müştərilərinə “uzun” pulları idarə etmək üçün əla fürsət yaradacaq.

Fondun fəaliyyətindəki eyni dərəcədə əhəmiyyətli dəyişiklik sahibkarlara girov təminatı olmadan istehsal avadanlığı almaq üçün güzəştli kreditlər verməyə imkan yaradan yeni maliyyə alətinin qəbul edilməsi olub. Bu mexanizmə görə, girov funksiyasını kreditlə təchiz edilmiş avadanlıq özü yerinə yetirəcək. Bu sxem lizinq maliyyələşdirmə qaydalarına daha çox bənzəyir ki, bu da biznesin borc vəsaitlərinə çıxışını əhəmiyyətli dərəcədə genişləndirir. Sahibkar avadanlığın dəyərinin 20 faizini ödəyir, qalan hissəsinin ödənilməsi üçün isə SİF-in güzəştli vəsaitindən istifadə edə bilər.

Bu düzəlişin dəyərini qiymətləndirməmək çətindir, çünki kredit alarkən bankların tələblərindən biri dəyəri bəzən kreditin həcmindən çox olan likvid girov təminatıdır. Bununla yanaşı, yeni maliyyələşdirmə mexanizmi bankların özləri üçün cəlbedici olacaq, çünki belə kreditlər üzrə gəlirlər Fondun borc resursları səviyyəsindən daha yüksək (5%) olacaq.

SİF kreditləşməsinin nizamnaməsinə və qaydalarına edilən dəyişikliklər Sahibkarlığın İnkişafı Fonduna dövlət zəmanətləri və subsidiyalar vermək üçün yeni səlahiyyətlər verilməsi ilə də əlaqədardır ki, bu, sahibkarlara kredit verməkdə əlavə imkanlar yaradır.

Bu yaxınlarda Nazirlər Kabineti COVİD-19 pandemiyasından ən çox təsirlənən və bu baxımdan tətbiq olunan karantin məhdudiyyətlərinə məruz qalan iqtisadiyyat sahələrini dəstəkləmək üçün dövlət proqramı qəbul edib. Dövlət həmin məqsədlər üçün 500 milyon manat ayırıb və bu vəsaitlərin sonrakı bölgüsü də SİF-in vəzifələrinə daxil edilib.

Xüsusilə, yeni kreditlər üçün dövlət zəmanətlərinin verilməsi və bu kreditlər üzrə faiz dərəcələrinin subsidiyası, habelə cari kredit borcu olan sahibkarların kredit faizlərinin bir hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsi mexanizmləri tətbiq olunur.

Belə ki, biznes kreditləri üçün dövlət zəmanətlərinin verilməsi və faiz dərəcələrinin subsidiyası ilə yeni portfelin bir hissəsinin (60%-ə qədər) 500 milyon manat məbləğində dövlət zəmanəti verilir və bu kreditlər üzrə illik faiz dərəcəsinin 50 faizi dövlət tərəfindən maliyyələşdirilir. Bu mexanizm üç ilə qədər verilən illik faiz dərəcəsi 15 faizdən çox olmayan kreditlərə tətbiq olunur. Həmin kreditlər üçün güzəşt müddəti 12 aya qədərdir.

Digər bir mexanizm kredit təşkilatlarının Fond qarşısında borc öhdəliklərinin restrukturizasiyası, habelə fors-major vəziyyətlər (təbii fəlakətlər, epidemiyalar və s.) səbəbindən şərtlərin dəyişməsi halında kredit öhdəliyinin yerinə yetirilməsinin təxirə salınmasının təmin edilməsini əhatə edir. Sonuncu riskli əkinçilik zonasında yerləşən Azərbaycan üçün son dərəcə vacibdir: quraqlıq və suvarma suyunun çatışmazlığı, şoranlaşma və torpaq eroziyası, mütəmadi daşqınlar və sellər, demək olar ki, hər il yerli fermerlərin üzləşdikləri problemlərin hələ tam siyahısı deyil. Yəni indi bank ödənişlərində təxirəsalmalar olarsa, yerli fermerlər Fonddakı borcları etibarlı şəkildə artıra biləcəklər.

Öz növbəsində, Sahibkarlığın İnkişafı Fondunun kreditləşmə qaydalarına edilən dəyişikliklərə əsasən, pandemiyadan əziyyət çəkən sahələrdə çalışan sahibkarlara dəstək üçün daha bir mexanizm tətbiq olunacaq. Dəyişikliklərə əsasən, 10 mart 2020-ci ilə qədər manatla alınan kreditlər üzrə illik faiz dərəcəsinin 10%-i (bu kredit portfeli 1 milyard manat hesablanır) 12 ay müddətində dövlət tərəfindən maliyyələşdiriləcək. Bu mexanizm kreditin verildiyi müddətdən və ya faiz dərəcəsindən asılı olmayaraq tətbiq ediləcək. Həmin məqsədlə 100 milyon manat vəsait ayrılır, bunun yarısı SIF tərəfindən təmin ediləcək, qalan hissəsi dövlət büdcəsindən maliyyələşdiriləcək.

Ümumiyyətlə, yeni SİF kredit mexanizmlərinin tətbiqi pandemiyadan əziyyət çəkən sahibkarların yükünü əhəmiyyətli dərəcədə azaldacaq, eyni zamanda kredit təşkilatlarının likvidliyinə, riskləri azaltmağa və bütövlükdə, maliyyə sektorunun canlanmasına müsbət təsir göstərəcək. Mütəxəssislərin fikrincə, KOB subyektlərinin maliyyə mənbələrinə çıxışının asanlaşdırılması pandemiyadan əziyyət çəkən sahələrə investisiyaların artmasına və iş yerlərinin qorunmasına kömək edir.

Geniş mənada hökumətin təklif etdiyi proqramların icrası iqtisadiyyatın qeyri-neft sektorunda iqtisadi fəaliyyətin bərpası üçün effektiv alət olacaq.

Xəzər Axundov

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri