İyl
2020
10:35
13
124
3476
Virtual karabakh

Neft regionunun iki əsrlik problemi: Yaxın Şərqdə şirin su münaqişələri - TƏHLİL

7 İyl, 2020
10:35
3476

Neft regionunun iki əsrlik problemi: Yaxın Şərqdə şirin su münaqişələri - TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda yer kürəsində 884 milyon insan su çatışmazlığı yaşayır. 2050-ci ildə isə içməli su tapmaqda çətinlik çəkən planet əhalisinin sayı 5,7 milyarda çatacaq. Bu gün dünyada hər gün 1000 nəfər yetərli qədər içməli su əldə edə bilmədiyi üçün dünyasını dəyişir. Təhlükə ildən-ilə böyüyür.

2010-cu il iyulun 28-də BMT bütün dünyada su əldə etməni əsas insan hüququ olaraq tanıyan qətnamə qəbul edib. Bu, həm də gələcək əsrdə şirin su qıtlığının planetin əsas problemləri sırasında olacağına işarədir. Mütəxəssislər isə yaxın illərdə Yaxın Şərqdə su müharibələrinin olacağı ilə bağlı xəbərdarlıq edir. 

Doğrudur, hazırda dünya statistikasına əsasən, Azərbaycanın yerləşdiyi Qafqaz regionu su çatışmazlığı yaşamayan regionlara aid edilir. Amma son bir neçə ildə davam edən quraqlıq Azərbaycanda da içməli su problemi yaradıb. Kür və Araz çaylarında suyun səviyyəsi azalıb, yerli çayların quraqlıq səbəbindən suyu azalıb. İşğal səbəbindən Qarabağ ərazisindəki çayların suyunun səmti dəyişdirilib və ən əsası şirin sudan istifadədə həddən artıq israfa yol verilməsi səbəbindən su qıtlığı yaşanır. Bu da özünü əsasən Aran bölgələrində, Kürün mənsəbinə doğru daha çox göstərir. 

Ancaq Azərbaycanın yeni rastlaşdığı bu problem on illərdir Yaxın Şərq və Afrikada dövlətlər arasında münaqişə mövzusudur. Bilindiyi kimi, Yaxın Şərq regionu tarixən şirin su qıtlığı yaşayan bölgə hesab olunub. Hazırkı dünya ölçülərinə əsasən, Türkiyə və İran da daxil olmaqla bir sıra region ölkələri şirin su qıtlığı yaşayan ölkə kateqoriyasına aid edilir. Yaxın Şərqin mərkəzi ölkələri, o cümlədən körfəz və Şimali Afrika isə şirin su çatışmazlığı yaşayan regionlar sırasındadır. 

Ümumiyyətlə, Yaxın Şərq regionunda su problemini üç əsas regiona bölürlər. Birinci region Şam vilayəti bölgəsi, ikinci Dəclə-Fərat, yəni Türkiyə-Suriya-İraq, üçüncü isə Nil hövzəsidir.  

Yaxın Şərqdə ən böyük su problemi Şam vilayəti ərazisindədir. İordan çayı və bölgədəki bir neçə kiçik çay Suriya, İsrail, Fələstin və İordaniyanın istifadə etdiyi əsas su hövzəsidir. İordan çayı o qədər də böyük çay olmasa da, bu çayın suyunun bölünməsi ilə bağlı mübahisələr üç müharibəyə səbəb olub. 

Məsələ ondadır ki, beynəlxalq standartlara görə, il ərzində adambaşına 1000 kubmetrdən az suya sahib ölkələr “su yoxsulu” kateqoriyasına aiddir. İllik adambaşına 10 min kubmetrdən çox suya sahib olan ölkələr isə “su zəngini” kateqoriyasına aid edilir. Ümumilikdə isə illik adambaşına 1200 kubmetr su ölkələr üçün normal qəbul olunur.

Bu mənada Yaxın Şərq ölkələrində vəziyyət faciəlidir. İordan çayının qərb sahili ərazisində Fələstində illik 90 kubmetr, Qəzza zolağında 130, İordaniyada 140, İsraildə isə 380 (başqa mənbəyə görə 460) kubmetrdir.

Son 50 ildir bu çay ətrafında münaqişə davam edir. Bu regionda suyun bölüşdürülməsi ilə bağlı hüququ baza yaradılması cəhdi 1953-cü ildə başlansa da, sonradan İsrailin 1967-ci ildə Qolan təpələri və İordan çayının qərb sahili ərazilərini, İordan vadisini işğal etməsi nəticəsində bu cəhd alınmayıb. Ancaq fərqli vaxtlarda İordaniya-Suriya, İsrail-İordaniya və İsrail-Fələstin arasında su razılaşmaları əldə olunub. Bu regionda ən sonuncu su razılaşması isə 2014-cü ildə İsrail-Fələstin-İordaniya arasında imzalanıb, daha çox su mübadiləsini nəzərdə tutur. İordan çayının illik 1,9 milyard kubmetrlik su həcmi region ölkələri üçün çox azdır. 

Məsələ ondadır ki, İordan çayı mənbəyini Qolan yüksəkliklərindən alır. Daha sonra İordan çayı Tebariya gölünə və oradan da Ölü dənizə tökülür. İordan çayı bu ölkələrin əsas şirin su mənbəyidir. Qolan təpələri 1967-ci ildə İsrail tərəfindən işğal olunub və 2019-cu ildə bu işğal rəsmiləşib. 

Regionun ikinci əsas münaqişəli su hövzəsi Dəclə və Fərat çaylarıdır. Bu çaylar Türkiyədən başlayır və Suriyadan keçərək İraq ərazisindən Bəsrə körfəzinə tökülür. Amma bu su İraq ərazisində demək olar ki, istifadə olunub bitir. Hələ ötən əsrin 60-70-ci illərində Türkiyə İraq və Suriya ilə içməli su məsələsində ciddi siyasi gərginlik yaşayıb. Məsələ ondadır ki, Yaxın Şərqin əsas su mənbələrindən biri olan Dəclə və Fərat çaylarının mənbəyi Türkiyə ərazisidir. Hər iki çay Türkiyənin dağlıq regionlarından mənbəyini götürür, Suriya ərazisindən keçir və İraqa daxil olur. İraqda bu iki çay birləşərək “Şatt əl-Ərəb” adını alır. Dəclə və Fərat çayları isə bilindiyi kimi yer üzündə ən qədim mədəniyyətin beşiyi, ilk süni suvarmanın vətəni hesab olunur. İraqdakı həyat min illərdir ki, bu çaylardan asılıdır. Ancaq indi insanların sayının artması, buna paralel olaraq su istehlakının çoxalması çayların suyuna təsir edir.

Ancaq BMT-nin hesabatına görə, Türkiyədə 2025-ci ildə su ehtiyatları kəskin şəkildə azalacaq. Regionda su üstündə ilk dövlətlərarası gərginlik 1950-ci illərdə Türkiyə və Suriya, eləcə də Türkiyə və İraq arasında baş verib. Türkiyənin Dəclə və Fərat çayları üzərində su bəndləri inşa etməsi bu ölkələrin ciddi etirazlarına səbəb olub. 1970-ci illərdə Türkiyənin başlatdığı Cənub-Şərqi Anadolu Layihəsi (GAP) çərçivəsində 22 su bəndi və 19 SES layihəsi hazırlayıb. Onların bir qismi icra olunub. Lakin həmin vaxt İraq və Suriya Türkiyədən İslam Konfransı Təşkilatı və Ərəb Liqasına şikayət edib.

Nəhayət su böhranını həll etmək üçün 1978-ci ildə birgə fəaliyyət komitəsi qurulsa da, 1992-ci ilə qədər bir nəticə əldə olunmayıb. 1992-ci ildə Türkiyənin su, torpaq mənbələri inventarlaşdırılıb və buna əsasən sudan istifadə planının hazırlanması təklifi digər iki dövlət tərəfindən qəbul olunmayıb. Yalnız 1987-ci ildə Türkiyə və Suriya arasında əldə olunan razılaşmaya əsasən, Türkiyə Suriyaya illik saniyədə 500 kubmetr su buraxmağı, Suriya isə buna qarşılıq öz ərazisindən terrorçuların Türkiyəyə qarşı fəaliyyətini dayandırmalı idi. 
Türkiyədə hazırda adambaşına düşən illik su miqdarı 1519 kubmetrdir. 2030-cu ildə bu rəqəm 1100 kubmetrə enəcək ki, bu da Ankaranı narahat edir. Bu səbəbdən də Türkiyə hökuməti su bəndlərinin sayını artırmağa çalışır və bu məsələ hələ də Suriya və İraqla mübahisəli olaraq alır. 

Nəhayət üçüncü riskli su böhranı bölgəsi Nil hövzəsidir. Altı min kilometrdən çox uzunluğu olan Nil çayı sahillərində 40 milyon insan yaşayır. Nilin əsas su mənbəyi Efiopiya, Eritreya, Konqo Demokratik Respublikası, Uqanda, Tanzaniya, Keniya, Ruanda və Burundidir. Sudan, Cənubi Sudan və Misir isə mənsəb ölkələr hesab olunur.  

Nil üzərindəki bütün siyasi razılaşmalarda bir qayda olaraq Misirin üstünlüyü tanınıb. Baxmayaraq ki, Misir Nil çayının istifadəçisi olub, bu ölkədə Nilə hər hansı su əlavə olunmur. Lakin 2010-cu ildə əldə olunan razılaşma Misirin maraqlarına cavab verməyib.

Hazırda Nil üzərində ən böyük mübahisə isə Efiopiya ərazisində inşa olunan “Nahda” (İntibah) adı verilmiş su bəndidir. Sudan sərhədinə 20-40 kilometr məsafədə yerləşən “Nahda” su bəndi Afrikanın ən böyük SES-i olacaq. İyun-sentyabr aylarında Efiopiyada başlayan yağışlar nəticəsində bəndin 4,9 milyard kubmetrlik həcminin dolması gözlənilir. Bəndin tikintisi zamanı ərazidən 30 min insan köçürülüb.

Məlum olduğu kimi, Nil çayı iki əsas qoldan ibarətdir. Mərkəzi Afrikada Viktoriya gölündən başlayan Ağ Nil və Efiopiyanın Tana gölü, eləcə də Burundidəki göllərdən qidalanan Mavi Nil. “Nahda” su bəndi məhz Efiopiya ərazisində, Mavi Nil üzərində tikilir. Efiopiya ərazisində 12 çay və 22 göl Mavi Nili bəsləyir. Bu səbəbdən də Efiopiya bəndin öz ərazisindəki sular hesabına tikildiyini iddia edir. Misir isə Nilin beynəlxalq bir hövzə olduğunu irəli sürərək bəndin Misir iqtisadiyyatına zərbə vuracağını bildirir. Ehtimal olunur ki, “Nahda” bəndinin dolması illər tələb edəcək, bu zaman Sudan və Misirin su ehtiyatları kəskin azalacaq. Eləcə də Misirin elektrik enerjisi 20-40 faiz azalacaq.

1929-cu il Misir, Sudan, Uqanda, Tanzaniya və Keniya arasında əldə olunan razılaşmaya əsasən, Misirin razılığı olmadan çay üzərində heç bir iş aparılmayacaq. Efiopiya isə bu razılaşmanı müstəmləkə dövrünün sənədi adlandıraraq imtina edir. 

Efiopiya “Nahda” bəndini Misirdə hərbi çevrilişin baş verdiyi, ölkədə diqqətin daxili siyasi proseslərə cəlb olunduğu 2013-cü ildə tikməyə başlayıb. Hətta iki ölkə ötən il müharibənin kandarına gəlsələr də, sonradan Misir geri çəkilib. Hazırda rəsmi Qahirənin illik 40 milyard kubmetr su tələb etdiyi və su bəndinin tədricən doldurulmasını istədiyi bilinir.

Maraqlıdır ki, Misirdən fərqli olaraq Sudan “Nahda” bəndinə etiraz etmir. Əksinə, Sudan hökuməti bu bəndin çaydakı selin qarşısını alacağını düşünür və dəstəkləyir. Üstəlik Sudan illik ehtiyacı olan 18,5 milyard kubmetr suyu ala biləcəyinə inanır.
Misir isə təkləndiyi üçün və hazırkı regional siyasi proseslərdə təsirini itirdiyi üçün Efiopiyaya təzyiq edə bilmir. Efiopiyanın baş naziri isə Nobel sülh mükafatı almış və dünyada ciddi siyasi dəstəyə malik, xüsusən də Nil bəndi məsələsində İsraildən dəstək aldığı üçün daha rahat hərəkət edir. 

Göründüyü kimi, Yaxın Şərqdə şirin su çoxdan regional siyasətin əsas mövzuları sırasına daxil olub. Görünən odur ki, qarşıdakı illərdə şirin su problemi bu regionda daha ciddi mövzu olacaq. 

Rəşad Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri