İyl
2020
13:10
31
151
3393
Virtual karabakh

Dünyanın ən “sülhsevər” ölkələri həm də ən çox silah satan ölkələrdir – TƏHLİL

9 İyl, 2020
13:10
3393

Dünyanın ən “sülhsevər” ölkələri həm də ən çox silah satan ölkələrdir – TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Səudiyyə Ərəbistanına silah satışını davam etdirəcək. Bundan əvvəl London Yəməndə mülki əhalini öldürdüyü üçün Səudiyyə Ərəbistanına silah satışını ictimai qınaqdan sonra dayandırmışdı.

Ancaq beynəlxalq ticarət naziri Liz Trass bildirib ki, hökumət silah satışını dayandıran məhkəmə qərarı çərçivəsində silah ixracı lisenziyalarını araşdırıb. Məlum olub ki, Səudiyyə Ərəbistanı qüvvələri bəzi “narahatedici hadisələr” törədib və bunların beynəlxalq hüququ pozması sübut edilib, ancaq bu hadisələr məhdud sayda olub. Buna əsasən və Səudiyyə Ərəbistanı hakimiyyətinin insan haqlarına əməl etmə mövzusunda səmimiyyətini nəzərə alaraq, London silah satışını bərpa etmək qərarı alıb.

BMT-nin məlumatına əsasən, bu günə qədər Yəməndə müharibə və onun səbəb olduğu aclıq, dərman çatışmazlığı və vəba xəstəlikləri nəticəsində 230 min nəfər ölüb. Bunların 85 mini uşaq olub. Eyni zamanda, Yəməndə hərbi müdaxilə nəticəsində 8700 insan ölüb, 10 min nəfər yaralanıb.

Ancaq bu qərara görə yalnız Londonu qınamaq doğru addım olmaz. Çünki dünyada münaqişə ölkələrinə silah satan əsas ölkələr BMT Təhlükəsizlik Şurasının beş daimi üzvüdür. Hansı ki, planetin təhlükəsizliyi məhz bu ölkələrə əmanət edilib. 

Məsələn, dünyada silah və hərbi mövzular üzrə ixtisaslaşmış Stokholm Silah Araşdırmaları İnstitutunun məlumatına görə, əvvəlki beş illikdə olduğu kimi, 2014-2019-cu illər arasında da silah ixracatında lider ölkələri ABŞ, Rusiya, Fransa, Almaniya və Çin olub. ABŞ silah ixracında 36 faiz paya sahib olmaqla dünya lideridir. İkinci yerdə 21 faizlə Rusiya, üçüncü yerdə isə 7,9 faizlə Fransa gəlir. Yeri gəlmişkən, bir neçə ay əvvəl məlum olub ki, Çin əslində silah istehsalında Rusiyadan öndədir. Sadəcə Çin şirkətləri beynəlxalq təşkilatlara istehsal və ixrac hesabatları vermədikləri üçün siyahıda payı az görünüb. 
 
Son beş ildə silah ixracatını ABŞ və Fransa kəskin şəkildə artırıb. Rusiyanın silah satışını əhatə edən ixracatında isə 18 faiz azalma qeydə alınıb. Buna səbəb isə Rusiyanın Hindistana silah satışı müqaviləsindəki azalma olub. Məlum olduğu kimi, Rusiyanın əsas alıcılarından olan Hindistan son illərdə üzünü ABŞ-a çevirib. İraq və Misir Rusiyadan silah almağa başlasa da, bunlar hələlik Hindistanın yerini doldura bilmir.

Maraqlıdır ki, son beş ildə İsrail rekord həcmdə - 77 faiz silah ixracatını artırıb. Cənubi Koreya isə ilk dəfə silah ixracında “onluğa” daxil olub.

Dünyada il ərzində satılan silah və hərbi texnikanın 35 faizini son beş ildə müharibələrin davam etdiyi Yaxın Şərq ölkələri alır. 2015-2019-cu illərdə Yaxın Şərq ölkələri silah alışını 61 faiz artırıb. Yeri gəlmişkən, ABŞ-ın ixrac etdiyi silahın 50 faizinin alıcısı Yaxın Şərq ölkələridir.

İllik bir milyard dollardan çox silah ixracatı həyata keçirən Böyük Britaniyanın əsas məhsulları təyyarələr, gəmilər və raketlərdir. Birləşmiş Krallığın ən böyük alıcıları Səudiyyə Ərəbistanı, Hindistan və İndoneziyadır. Maraqlıdır ki, dünyada silah istehsalındakı doqquz faizlik payı ilə Rusiyadan sonra üçüncü yerdə olan Britaniyanın xaricə satış rəqəmləri aşağıdır.
 
Göründüyü kimi, dünyada ən çox silah satanlar BMT TŞ-nin daimi üzləri, eləcə də Almaniya, Cənubi Koreya kimi sülhsevər ölkələrdir. Lakin məşhur misalda deyildiyi kimi, pulun qoxusu olmur. İş çox pul qazanmağa gələndə dövlətlər o qədər də sülhsevər olmurlar.

Məsələn, bu ilin yanvarında Berlində toplanan dünyanın lider ölkələri Liviyada savaşan tərəflərə silah satışını dayandırmaqla bağlı razılaşma əldə etsələr də, indi məlum olur ki, bu sənədə imza atan ölkələrin əksəriyyəti məhz Liviyaya gizli yolla silah satır. Eyni vəziyyət hazırda müharibənin davam etdiyi Yəməndə, eləcə də doqquz ildir qanlı savaşların getdiyi Suriyada da mövcuddur. Müharibə edən tərəflərə silah verən ölkələr həm də sülh danışıqlarını aparan vasitəçilərdir. Buna görə də planetdə müharibələr bitmir.

Rəşad Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri