Okt
2020
15:22
1562
62
12555
Virtual karabakh

Müharibə Ermənistan iqtisadiyyatını sıfırlayıb - FOTO

1 Okt, 2020
15:22
12555

Müharibə Ermənistan iqtisadiyyatını sıfırlayıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda iqtisadiyyat böhran içərisindədir. Bunu ölkənin mütəxəssisləri və ekspertləri də təsdiq edir. Belə ki, ölkənin həm COVID-19-la bağlı yaranmış vəziyyətə nəzarəti əldən verməsi, həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış situasiya ölkə iqtisadiyyatında və biznesdə çətinliklər yaradıb. Bu iki proses fonunda Ermənistan iqtisadiyyatına ağır zərbə dəyib. Belə davam etdiyi təqdirdə ölkənin iqtisadi qaynaqlarında dərin problemlərin yaranması qaçılmazdır. 

Pandemiya ilə əlaqədar 2020-ci ildə Ermənistanda minlərlə şəxs iş yerlərini itiriblər. Eyni zamanda, ölkə rəhbərliyi pandemiya ilə mübarizəyə adaptasiya ola bilmədi və bununla əlaqədar ölkə son 10 ilin ən ağır iqtisadi böhranını yaşayır. Bu statistik rəqəmlərdə də öz əksini tapıb.
Ölkədə 2020-ci ilin II rübündə ÜDM 13,7 faiz azalıb. İl ərzində ölkədə ən dərin böhran aprel ayı ərzində yaşanıb. 

Ümumiyyətlə, 2019-cu ilin əvvəlindən bəri ölkədə kənd təsərrüfatının aylıq statistikasının verilişi dayandırılıb. Hətta, daha sonra müvafiq nazirlik də fəaliyyətini dayandırıb.

Sənayedən digər sektorlara qədər bir çox sahədə dərin tənəzzül müşahidə olunur. Xarici ticarət dövriyyəsində də azalmalar mövcuddur. Bir çox mütəxəssislərin rəyinə görə, ilin sonuna qədər canlanma sual altında idi. Digər tərəfdən, Ermənistanın işğalçılıq siyasəti yürütməsi və işğal etdiyi Azərbaycan ərazilərinə hərbi qüvvə cəlb etməsi də istehsal bazarını başsız qoyub. Ermənistan mütəxəssislərinin fikrincə, onsuz da ticarətin böhran içərisində olduğu heç kimə sirr deyildi, buna əlavə olaraq, pandemiyanın təsiri ilə və ölkənin işğalçılıq siyasəti ilə əlaqədar yaranmış Dağlıq Qarabağ münaqişə ilə bağlı Ermənistanın ticarət dövriyyəsi kəskin formada aşağı düşüb. Bu da ticarətlə məşğul olan biznesmenlər arasında panika yaradıb. Bir çox şirkət bağlanıb, daha çoxu isə ixtisara gedib. 

Ermənistanın təxribatı nəticəsində 27 sentyabr tarixindən Dağlıq Qarabağda döyüşlərin alovlanmasından sonra vəziyyət daha da ağırlaşıb. Ölkənin Sahibkarlar Birliyinin rəhbəri Vaqram Mirakyan bildirib ki, hətta, pandemiyanın ən ağır dövründə belə iqtisadiyyat belə çətin vəziyyətlə qarşılaşmayıb. Onun fikrincə, gərgin keçən son 3 gün bütün ticari obyektlərdə işin sıfırlanması üçün kifayət edib. 

Hazırda Ermənistanda istehlak prosesində ən populyar məhsullar isə düyü, çörək və qarabaşaq yarmasıdır. İstehsal prosesi Ermənistanda sırf bu tələbə əsasən tənzimlənir və bu da istehsal sferalarının daralması deməkdir. 

Ermənistan mətbuatında bildirilir ki, bir çox şirkətin əsas işçi qüvvələri çağırış vərəqəsi alaraq münaqişə zonalarına cəlb edilir. Kadrları isə tezliklə əvəz etmək mümkün görünmür. Bu da müəssisələri fəaliyyətsiz qoyaraq fasiləsiz iş fəaliyyətinə və dövriyyəyə təsir edir. Belə olduğu halda Ermənistanda tələb və təklif arasında ciddi uçurum yaranır. 

Bu proses vergidən büdcəyə daxilolmalara da təsir edir, çünki, yüksək məbləğdə dövlətə vergi ödəyən şirkətlərin kadrları səfərbərliyə cəlb edilir, bu da şirkətlərin bağlanmasına belə səbəb ola bilir. 

Ermənistanın İstehlakçılar Birliyinin üzvü Babken Pipoyan bildirir ki, müharibə şəraitində hər şey ölkədə arxa plana keçir. Onun sözlərinə görə, mövcud vəziyyətdə cəbhədə əlində silah tutan əsgər hər şeydən əvvəl istehlakçıdır, daha öncə isə o, biznesmen, iş sahibi və təsərrüfatçı və s. idi. Mövcud vəziyyətdə iqtisadi böhran qaçınılmazdır və ümumi səfərbərlik onsuz da tənəzzül yaşayan istehsalı tam məhv edəcək.  

Digər tərəfdən hərbi şəraitdə Ermənistanda bir çox sahibkarlar bu günlərdə Türkiyənin bölgədəki mövqeyi ilə bağlı ölkənin məhsullarından imtina etdiklərini bildiriblər. Lakin, vəziyyət o qədər də sadə deyil, ölkəyə daxil olan məhsullardan imtina edilməsi, bazardan yığışdırılması sahibkarların, həm də yerli biznesin tamamilə zərərinədir. Hətta, bəzi supermarketlər zənciri Türkiyədən gələn məhsulları rəflərdən yığışdırıb. 

“Vətənpərvərlik yaxşıdır, lakin, yemək hər kəsə lazımdır” – deyir, ermənistanlı sahibkar Vardan Babayan. O bildirib ki, bütün bu məhsullardan imtina edilməsinə Ermənistan iqtisadiyyatı tab gətirə bilməyəcək. Çünki, Ermənistan nəinki ərzağı, demək olar ki, hər şeyi, geyim, mebel və məişət məhsullarını, avadanlıqlarını Türkiyədən idxal edir. Ölkəyə Çin məhsullarının ixracı isə baha başa gələcək və keyfiyyət məsələsinin də sual altında olduğu vurğulanır. 

Qeyd edək ki, Ermənistanda 80 min iş adamı fəaliyyət göstərir və onlardan 60 min sahibkar öz işini bazarlarda qurub. Bu bazarlarda istehlakçılara təqdim edilən məhsulların böyük bir hissəsi isə Türkiyə məhsullarının payına düşür. Bu da 60 min sahibkara külli miqdarda ziyanın dəyməsi deməkdir.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri