26 
Dek
2021
11:17
24
157
3187
Virtual karabakh

Puç olan ümidlər - TƏHLİL

Avropa İttifaqı növbəti dəfə Ukrayna, Gürcüstan və Moldovanın qurumun tamhüquqlu üzv olmaq ümidlərinin üstündən xətt çəkib. İllər uzunu ən müxtəlif ideya və təşəbbüslərlə bu ölkələrin başlarının altına yastıq qoyan Aİ üzvlük məsələsində növbəti dəfə geriyə addım atıb. Qərbin “TVP info” nəşri yazır ki, Avropanın xarici siyasətinin əsas alətlərindən biri - qonşu ölkələrin quruma üzvlük kimi perspektivi artıq tükənib. Brüssel onlara əlavə heç nə verə bilmir. Bu da o anlama gəlir ki, Avropa İttifaqı genişlənmək istəmir. Çıxış yolunu Polşa göstərib və Avropa İttifaqının “Şərq tərəfdaşlığı” ideyasını hansısa yolla xilas etmək üçün bu ölkələrə xüsusi güzəşt və üstünlüklərin verilməsi təklifi ilə çıxış edib.

Məsələ ilə bağlı “Kaspi” qəzetində təhlil yazısı yayımlanıb.

Bəlli olduğu kimi, ötən həftə Brüsseldə Aİ-nin Şərqə doğru genişlənməsinin əsas aləti rolunda çıxış edən "Şərq tərəfdaşlığı"nın altıncı sammiti keçirildi. Rusiyanın Gürcüstana müdaxiləsindən sonra Polşa və İsveçin təşəbbüsü ilə yaradılan və bu planda gürcü xalqı ilə Avropanın formal həmrəyliyini nəzərdə tutan proqram Kremlin hədələdiyi Ukraynaya siyasi dəstək verilməsini nəzərdə tutur. Son toplantıda vəziyyətin gərginliyini nəzərə alan Litva, Moldova, Ukrayna, Gürcüstan və Polşa parlamentlərinin beynəlxalq əlaqələr üzrə komitələri tələm-tələsik telekonfrans keçirərək tək simvolik deyil, həm də praktik əhəmiyyət kəsb edən (Moldova heyəti daxili texniki prosedurlar səbəbindən sənədə imza atmayıb) sənədə imza atıblar. Onun əhəmiyyətini anlamağa, "Şərq tərəfdaşlığı”nın necə inkişaf etdiyini, hansı çətinliklərdən keçdiyini araşdırmağa çalışaq.

Əsas faktor ondan ibarətdir ki, daha çox Polşa şərq sərhədləri ətrafında vəziyyətin inkişafında maraqlıdır və Moskvanın nüfuzunun artmasına qarşı çıxır. Ehtiyat edir ki, bu, gələcəkdə onun torpaqlarına müdaxiləyə gətirib çıxara bilər. Polşa gözəl anlayır ki, Rusiya ilə qarşıdurmaya getmək ona baha başa gələ bilər, imkanları çox məhduddur. Polşa, SSRİ dağıldıqdan sonra özünə hami kimi NATO-nu gördü və sürətlə ona doğru hərəkət götürdü. Tez bir zamanda da ona üzv də oldu. Polşa aktiv şəkildə yeni-yeni layihələrlə çıxış etdi ki, bunların da sırasında "Şərq tərəfdaşlığı" proqramı ilk sırada yer alıb. İlk illərdə Polşa-İsveç layihəsi maraqların postsovet məkanında yayılmasını hədəf götürmüşdü. Bunun ardınca Avropa Qonşuluq siyasəti ideyası ortaya atıldı. Lakin Polşanın bu siyasətinə qarşı Almaniya çıxış edirdi. Rəsmi Berlin 2015-ci il miqrasiya böhranına qədər istəmirdi ki, Aİ cənubda aktivlik göstərsin.

Polşanın təşəbbüsü ilə "Şərq tərəfdaşlığı" sürətli şəkildə gündəmə girdi və altı ölkəni ora dəvət etdilər - Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna. Birinci sammit 2009-cu ildə Praqada baş tutdu. Lakin heç bir Avropa ölkəsinin lideri ora qatılmadı. 2011-ci ildə ikinci sammit də eyni tale yaşadı. Əhalisi 42 milyon olan "Şərq tərəfdaşlığı” ölkələri üçün ilk illərdə büdcə 3,6 mlrd. avro idi ki, bu da optimistlik üçün əsas vermirdi. Köklü dəyişiklik isə Ukraynada yaşanan  2014-cü il inqilabından sonra baş verdi. Sonrakı illərdə isə üç ölkə - Moldova, Gürcüstan və Ukrayna Assosiativ üzvlük haqqında sazişə qoşulmaqla "Şərq tərəfdaşlığı”nın əsas hədəflərini müəyyən etmiş oldular. Lakin indi bəlli olur ki, Avropa İttifaqı bundan başqa onlara nə isə ciddi bir təklif etmək niyyətində deyil. İndi Polşa diplomatiyasının əsas hədəfi köklü dəyişikliyə nail olmaq və yuxarıda adları çəkilən dövlətləri Qərb istiqamətinə çəkməkdir.

"Şərq tərəfdaşlığı”nın iki üzvü - Azərbaycan və Ermənistan bir il əvvəl hərbi münaqişə yaşadı. Münaqişə də göstərdi ki, Avropa İttifaqı Qafqazda beynəlxalq oyunçu qismində götürülmür. Daha bir üzv dövlət - Belarus isə siyasi böhran yaşayır və Polşa, Litva və Latviya, yəni NATO və Aİ ilə düşmənçilik edir. "Şərq tərəfdaşlığı”nın iki əsas üzvü Ukrayna və Gürcüstana təhlükəsizlik məsələsində nəsə təklif etmək isə mümkün deyil. Aparıcı Avropa dövlətləri, məsələn, Almaniya isə Ukraynaya nəinki kömək edir, əksinə, bu ölkənin silah alınması prosesini bloklayır. Aİ son illər digər sahələrdə Kiyev, Kişinyov və Tbilisiyə sadəcə vizasız gediş-gəlişdən başqa nəsə təklif edə bilməyib. Artıq nəsə də verə bilmir, çünki Aİ-nin iri ölkələrində elektorat Avropa qapılarını yeni üzvlərə aça biləcək hər hansı bir addıma qarşı çıxır. Bununla da, Aİ əhəmiyyətli xarici siyasət alətindən məhrum olub – ona qoşulmaq istəyən qonşu ölkələrin arzusunu ürəyində qoyub.

Gəlinən qənaət budur ki, "köhnə” Aİ genişlənmək istəmir. Gürcülər, moldovanlar və ukraynalılar qərbyönümlü orientasiyasını qoruyub saxlamaq istəyir, amma o halda ki, Avropa ilə yaxınlaşmada irəliləyiş görəcəklərsə. Nəşr yazır ki, Assosiativ üzvlük haqqında razılaşma, geniş və azad ticarət zonası, vizasız gediş-gəliş artıq öz potensialını tükəndirib. Nəyi hədəf götürüblərsə, ona da çatılıb. Avropa İttifaqı bundan miqyaslı nə isə təklif etmir. Bu səbəbdən də cəmiyyətdə qəbul ediləcək və reallaşa biləcək yeni konkret hədəflər axtarıb tapmaq gərəkdir. "Aİ-Üçlük” rouminq ümumi zonasının yaradılması bu kontekstdə tərəfdaşlıq ölkələrindən aktiv iqtisadi miqrasiya üçün yaxşı nümunə ola bilər. Belə inteqrasiya vasitələri çoxdur- onları axtarıb tapmaq və doldurmaq gərəkdir. Polşadan çıxan parlament impulsu Avropa İttifaqına "Şərq tərəfdaşlığı” ilə münasibətlərdə yeni ideya tapmağa kömək edə bilər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri