10 
Yan
2022
14:44
32
135
1827
Virtual karabakh

İslam Kurayev: “KTMT qoşunları gedəcək. Hər kəs onların mövcudluğunun risklərini anlayır” - MÜSAHİBƏ

10 Yan, 2022
14:44
1827

İslam Kurayev: “KTMT qoşunları gedəcək. Hər kəs onların mövcudluğunun risklərini anlayır” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 10-da KTMT ölkələri liderlərinin fövqəladə onlayn sammitində Qazaxıstandakı vəziyyət müzakirə edilib. Bu ölkənin başçısı Kasım-Jomart Tokayevin sözlərinə görə, hazırda orada genişmiqyaslı antiterror əməliyyatı keçirilir. O, eyni zamanda, vurğulayıb ki, əməliyyat yaxın vaxtlarda başa çatacaq və KTMT missiyası da bununla tamamlanacaq.

Rusiya prezidenti Vladimir Putin də öz növbəsində Qazaxıstanda vəziyyət sabitləşdikdən sonra KTMT-nin kontingentini çıxaracağını bildirib. Bundan əvvəl Qazaxıstan prezidentinin mətbuat katibi Berik Uali KTMT sülhməramlılarının bir həftədən sonra ölkəni tərk edəcəyini istisna etməyib.

Oxu.Az-ın suallarını cavablandıran qazaxıstanlı politoloq İslam Kurayev bildirib ki, KTMT qoşunları çox yaxın vaxtlarda ölkəni tərk edəcək, çünki onların mövcudluğunun risklərini hamı anlayır.

- Gəlin lap əvvəldən başlayaq. Qazaxıstanda nə baş verdi, nəyə görə dinc etiraz talana və zorakılığa çevrildi?

- Əslində, ilkin olaraq heç nə bəladan xəbər vermirdi. Baş verənləri şəxsən izləyirdim. Dinc aksiya həmişəki kimi davam edib; Təhlükəsizlik qüvvələri nümayişçilərin yanında olsalar da, onlarla qarşıdurma olmayıb. Vəziyyət yanvarın 4-dən 5-nə keçən gecə dəyişdi. Əvvəlcə bir neçə min etirazçı var idi, ancaq gecə yarısı saat 1-ə yaxın onların sayı nəzərəçarpacaq dərəcədə artmağa başladı. Amma hələ Respublika meydanında hər hansı iğtişaş baş verməmişdi, təhlükəsizlik qüvvələri sakitcə akimat binasını (şəhər administrasiyasını - red.) qoruyurdular.

Sonra bəzi təxribatlar başladı, çaşqınlıq yarandı və bu, əsl xaosa çevrildi. Problem onda idi ki, kütlənin dəqiq hədəfi yox idi. Onların nə üçün çıxdığını heç kim həqiqətən də başa düşə bilmədi, bundan mahir təxribatçılar sui-istifadə etdilər, etirazçıları təxribata çəkdilər və sonra vəziyyət nəzarətdən çıxdı. Qeyd edək ki, ertəsi gün mitinq edənlər yox idi. Küçələrdə yalnız təhlükəsizlik qüvvələri ilə peşəkarcasına döyüşən təlim keçmiş döyüşçülər qalmışdı. Eyni zamanda, talançılar açıq-aşkar hərəkət edərək qruplara bölünür və eyni zamanda iri obyektləri qarət edirdilər. Aydındır ki, atıcılıq bacarığı, strateji obyektləri bir-birinin ardınca məharətlə tutmaq təlim keçmiş mütəxəssislərin əməyinin göstəricisidir.

Almatı çox əziyyət çəkdi, amma indi əsas məsələ vətəndaşların təhlükəsizliyidir. Düşünürəm ki, yaxın vaxtlarda asayiş bərpa olunacaq; şəhər yenidən qurulacaq, binalar abadlaşdırılacaq və Almatı əvvəlkindən də gözəl olacaq. Amma hazırda təhlükə hələ də davam edir, şəhərin müxtəlif yerlərində atışma səsləri eşidilir. Ümidvaram ki, bu tezliklə bitər.

- Mən Qazaxıstandakı həmsöhbətlərimə tez-tez bu sualı verirəm: Nə üçün Türk Şurası (Türk Dövlətləri Təşkilatı) deyil, KTMT dəvət olunub?

- Burada hər şey sadədir və seçim göz qabağında idi. Türk Dövlətləri Təşkilatı hazırda hərbi blok deyil, siyasi birlikdir. Akordanın (Qazaxıstan Respublikası Prezidentinin iqamətgahı - red.) hərəkətləri bununla izah olunur. Bundan əlavə, TDT-nin tərkibində olan Türkiyə NATO üzvüdür və bu, qonşularımızı narahat edə bilər.

KTMT-dən olan hərbçilər hərbi əməliyyatlarda iştirak etmirlər, onlar yalnız strateji obyektləri, tikililəri qoruyurlar, hansının ki, əksəriyyəti fəaliyyət göstərmir. Deməli, KTMT qüvvələri əzələ nümayiş etdirmək, terrorçulara və onların havadarlarına Qazaxıstanın bu dövrdə tək olmadığını göstərmək üçün lazım idi.

- Bundan sonra nə olacaq? Erməni kontingenti (onlar erməni sosial şəbəkələrində öz hərbçilərini qazaxlarla “məşğul olmağa” çağırırlar) də daxil olmaqla, KTMT qüvvələri nə vaxt gedəcək?

- Əminəm ki, KTMT qoşunları yaxın vaxtlarda Qazaxıstanı tərk edəcək. Hər kəs onların mövcudluğunun risklərini anlayır.

Erməni hərbçilərinə gəlincə, burada onların sayı çox deyil, səhv etmirəmsə, heç 100 nəfər də yoxdur. Onların Qazaxıstanda olması simvolik xarakter daşıyır, sadəcə formal hesabat üçündür. Ermənistanda hər şeyə çağırış ola bilər, Qazaxıstan isə öz problemlərini həll etməklə məşğuldur.

- Ümumiyyətlə, KTMT kontingentinin olması Qazaxıstanda necə qarşılanır? Razıdırlarmı? Bəs niyə Qazaxıstan təhlükəsizlik qüvvələrinin özləri bunun öhdəsindən gələ bilmədi?

- Razı olub-olmadığını qiymətləndirmək çətindir. Rəylər bölünüb. Amma insanların çoxu başa düşür ki, prezident Kasım-Jomart Tokayevin KTMT-ni təcili olaraq dəvət etmək üçün əsası var idi.

Bizim təhlükəsizlik əməkdaşlarının imkanlarına gəlincə, indi onlar öhdəsindən gəlirlər, KTMT qüvvələrinin iştirakı olmadan hər şeyi özləri edirlər və daha yaxşı alınır.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri