29 
İyn
2022
12:48
168
18
2240
Virtual karabakh

İki ölkə NATO ailəsinin “övladı” olacaq: Türkiyə qazansa da, ehtiyatı əldən verməyəcək – TƏHLİL

29 İyn, 2022
12:48
2240

İki ölkə NATO ailəsinin “övladı” olacaq: Türkiyə qazansa da, ehtiyatı əldən verməyəcək – TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə, İsveç və Finlandiya liderləri NATO-nun Baş katibi Yens Stoltenberqin vasitəçiliyi ilə Madriddə bir araya gələrək davam edən soyuqluğu aradan qaldıran mühüm razılaşma əldə etdilər.

Memorandumu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Finlandiyanın XİN başçısı Pekka Haavisto və İsveçin baş diplomatı Ann Linde imzalayıblar.

Qeyd edək ki, bundan əvvəl Türkiyə Rusiya-Ukrayna müharibəsi fonunda İsveç və Finlandiyanın NATO-ya üzv olması üçün tələb ortaya qoymuşdu.

Ankara İsveç və Finlandiyanın NATO ailəsinin üzvü olması üçün şərt irəli sürürdü ki, həmin ölkələr PKK və FETÖ terror təşkilatlarının fiqurlarına sığınacaq verməməlidirlər və Türkiyənin müdafiə sənayesinə tətbiq edilən embarqolar aradan qaldırılmalıdır.

Memorandumu qısa tezislərlə təqdim edək:

1. NATO-nun perspektiv üzvləri kimi Finlandiya və İsveç Türkiyənin milli təhlükəsizliyi əleyhinə yönələn təhdidlərə qarşı tam dəstək göstərəcəklər;  

2. Bu iki Skandinaviya ölkəsi PKK və FETÖ terror təşkilatlarına dəstək verməyəcək. Bildirək ki, sənəddə FETÖ-nün terror təşkilatı olduğu göstərilmir, yalnız qeyd olunur ki, həmin təşkilat Türkiyədə terror təşkilatı kimi xarakterizə edilir;

3. Hər iki ölkə PKK-nın terrorçu təşkilat olduğunu qəbul edir və ölkələrində terrorçu fəaliyyətin qarşısını almaq öhdəliklərini üzərinə götürür;

4. Türkiyə, Finlandiya və İsveç təsdiq edirlər ki, indi onlar arasında silah embarqosu yoxdur. İsveç NATO müttəfiqlərinə silah ixracı ilə bağlı milli tənzimləmə çərçivəsini dəyişir. Gələcəkdə Finlandiya və İsveçdən müdafiə sənayesi məhsullarının ixracı isə NATO-nun həmrəyliyinə, Vaşinqton müqaviləsinin 3-cü maddəsinə uyğun olaraq həyata keçiriləcək;

5. Hər üç ölkə dezinformasiyalara qarşı mübarizə aparmaq üçün öhdəlik götürür;

6. Finlandiya və İsveç Türkiyənin terrorda şübhəli bildiyi şəxslərin deportasiyası və ya ekstradisiyası ilə bağlı gözlənilən sorğularına baxacaqlar. Bu zaman Ankara tərəfindən təqdim edilən dəlil və kəşfiyyat məlumatları nəzərə alınmaqla problem operativ və hərtərəfli həll ediləcək. Bundan sonra ekstradisiya Ekstradisiya haqqında Avropa Konvensiyasına uyğun həyata keçiriləcək;

7. Bu addımların icrasına nəzarət etmək üçün ədliyyə, kəşfiyyat və təhlükəsizlik qurumlarının iştirakı ilə Daimi Birgə Mexanizm yaradılacaq.

Əldə edilən razılaşma ilə “Türkiyə daha çox qazandı” deyə bilərik və bunu heç bir halda geriçəkilmə taktikası kimi dəyərləndirmək olmaz. Ən azından, sənəddən etdiyimiz çıxarışlar belə deməyə güclü əsaslar verir ki, Ankara şərtlərini diktə etdirməklə prosesdən qazanclı çıxdı.

Çünki Türkiyə İsveç və Finlandiyanın bütün hallarda üzvlüyünə veto qoyacağını deməyib, sadəcə şərtlərinin qəbulu çərçivəsində NATO-ya üzvlüyün mümkünlüyünü bildirib ki, bu da reallaşmaq üzrədir.

Razılaşma ilə Finlandiya və İsveç də NATO “övladı” olmaq şansını qazandılar, hərçənd ki, Ankara bundan sonrakı gedişatlara nəzarət edəcək.

Yəni Skandinaviya ölkələrinin Avropanın təhlükəsizlik mexanizmlərində iştirakının dəstəklənməsi onların imzalanan sənədin müddəalarına nə dərəcədə riayət etmələrindən asılı olacaq.

Türkiyə blef hesab olunan addımlarla real davranışların sərhədini müəyyən edəcək və bundan sonrakı proseslərdə də gəldiyi nəticələr əsasında qərar verəcək.

İmzalanan sənədlər Türkiyənin terror narahatlıqlarını NATO-nun gündəminə sənəd şəklində gətirə bildi. Bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son iki aydakı təkidinin nəticəsidir.

Ərdoğan Türkiyənin təhlükəsizlik maraqlarının qorunması və daxili siyasətdəki reytinqinin saxlanılması üçün mümkün olan ən yüksək rıçaqları məharətlə qazandı.

İndi beyinlərdə bu sual dolaşır ki, Türkiyənin Rusiya ilə münasibətləri soyuyacaqmı? Bir balaca geniş yanaşsaq, “xeyr” cavabını verə bilərik, çünki Türkiyə NATO üzvü olsa da, Qərblə Rusiya arasındakı sərhədinin təməllərini əhəmiyyətli şəkildə dəyişməyəcək.

Ancaq ümumi narazılıqlar meydana çıxacaq ki, bunu da Ankara ilə Moskva yoluna qoyacaqlar.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri