19 
İyl
2022
16:48
26
158
3750
Virtual karabakh

Əfqan tələbə “Taliban” dəhşətlərini Oxu.Az-a DANIŞIR: “İnsanlar elə səssiz öldürülürlər ki…” - MÜSAHİBƏ

19 İyl, 2022
16:48
3750

Əfqan tələbə “Taliban” dəhşətlərini Oxu.Az-a DANIŞIR: “İnsanlar elə səssiz öldürülürlər ki…” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əfqanıstanda insanlar elə səssiz şəkildə öldürülürlər ki, heç kimin ruhu duymur. Paytaxt və digər böyük şəhərlər “Taliban” üzvləri ilə doludur. Ona görə də yaşamaq çətindir”.

Bunu Ege Universitetinin jurnalistika fakültəsində təhsil alan əfqanıstanlı, əslən həzara olan tələbə Zahira S. deyib. O, “Taliban”ın hakimiyyəti ələ keçirdikdən sonra Əfqanıstanda baş verən dəyişikliklər haqqında Oxu.Az-ın əməkdaşının suallarını cavablandırıb:  

- Əfqanıstanda bugünkü vəziyyət haqqında ümumi məlumat verməyinizi istərdik.

- Hazırda Əfqanıstanda vəziyyət heç də yaxşı deyil. Ölkə iqtisadiyyatı bərbad vəziyyətdədir. İnsanlar iş tapa bilmirlər, tapanların da işi aşağı səviyyəlidir. Bir çox müəssisə, müstəqillik zamanı fəaliyyət göstərən fabriklər fəaliyyətini dayandırıb. Ölkədə müharibə şəraiti hökm sürür. Bir çox yerdə “Taliban”a qarşı dirəniş nümayiş etdirilir.

Məsələn, Əfqanıstanda üçüncü ən böyük etnik qrup olan həzaralar Bəlxabda, bizim taciklər Pəncşirdə “Taliban”a qarşı mübarizə aparırlar, təbii ki, savaş təkcə Pəncşir və Bəlxabda deyil. Bizim əvvəlki əsgərlərimiz Fəryabda da “Taliban”a qarşı vuruşurlar. Nə qədər çətin olsa da, biz mübarizəmizi davam etdiririk. Sadaladığım ərazilərdə bu günlərdə çox şəhid vermişik, həmçinin yüzlərlə insan köçəri həyat yaşamağa başlayıb. Qadınlar, uşaqlar dağlarda köçəri həyat sürürlər. 

- Yerli əhali mövcud vəziyyəti qəbullanıb? Xalq arasında rejimə qarşı çıxma yönündə hansısa addımlar atılır? 

- İqtisadiyyat tənəzzülə uğradığı üçün yerli əhali nəsə edə bilmir. Təsəvvür edin, bir insan acdır, o necə başqa mübarizə haqqında düşünə bilər?!  Aclıqdan əziyyət çəkən vətəndaşlarımız “Taliban”a qarşı heç nə edə bilmirlər. İnsanlar müharibədən beziblər. Bizim müəllimlərimiz, professorlarımız bu gün öz işləri ilə məşğul ola bilmirlər, onlar küçədə nələrsə satıb dolanmağa çalışırlar. 

- Ailənizin vəziyyəti necədir? Onlarla tez-tez əlaqə qura bilirsiniz?

- Ailəmlə əlaqə qura bilirəm, çünki onlar paytaxtda yaşayırlar, biz internet vasitəsilə bir-birimizdən məlumat ala bilirik. Amma belə bir problem də var ki, “Taliban” bəzi insanların telefonlarını, sosial şəbəkə hesablarını gizli şəkildə yoxlayır. Bir çox insan onların bu nəzarəti səbəbilə iki-üç həftə əvvəl öldürülüb. Bir göldə təxminən yüz nəfərin meyiti tapıldı. Həmçinin bizim keçmiş dövlət işçilərimiz, təxminən min nəfər səssiz şəkildə qətlə yetirilib.

Bəzi insanların ölümü heç mediada yayımlanmır. Bizim mediamız artıq fəaliyyət göstərə bilmir. Dostlarım deyirlər ki, əvvəllər bir hadisəni rahatlıqla çəkə bildikləri halda indi ona icazə yoxdur. Əgər hansısa hadisə gizli şəkildə işıqlandırılırsa, onu edən şəxsi tapıb zindana atırlar, sonra da işgəncə verərək öldürürlər.  

- Pəncşirdə Əhməd Məsuda bağlı qüvvələr “Taliban”a qarşı mübarizəni hələ də davam etdirirlər. Xalq kimi dəstəkləyir? 

- Yerli əhalinin əksəriyyəti Əhməd Məsudu dəstəkləyir. Amma hər etnik qrup yox. Bildiyiniz kimi, bizim ölkəmizdə bir çox etnik qrup var. Bəziləri, təəssüf ki, “Taliban”a dəstək durur, bəziləri isə ciddi müqavimət göstərirlər. Məsələn, Mevlevi Mehdi var. Onun tərəfdarları da “Taliban”a qarşıdırlar.

Amma xalq iqtisadi vəziyyətlə əlaqədar bəzən heç nə edə bilmir. Məsələn, Kabildə etiraz aksiyası keçirənləri zindana saldılar. Bunu görən digər insanlar da niyyətlərindən daşındılar. Məsələn, bir qadın həmcinslərinin işi, təhsili, azadlığı üçün etiraz edirdi, o, zindana atıldıqdan bir neçə gün sonra çıxıb üzr istədi. Çünki onu ailəsi ilə təhdid etmişdilər. 

- “Taliban” hakimiyyətə gəldikdən sonra mediada açıqlanmayan nə kimi qadağalar tətbiq etdi?  

- Bunlar olduqca çoxdur. Artıq açıq danışa bilmirik. “Taliban”a qarşı heç kim fikir səsləndirə bilmir. Üç gün davam edən bir iclas keçirildi. Orada bildirildi ki, əgər bir nəfər “Taliban”a qarşı nəsə desə, öldürüləcək. Ona görə də bunu bilən xalq heç nə deməməyi seçir. Onsuz da, hakimiyyətə gəldikləri gündən kimi istəyirlər, öldürürlər. Lakin bunu yerli xalqdan başqa heç kim bilmir, çünki mediada ciddi məhdudiyyətlər var.

Medianın əvvəlki siyasəti, tərəfsizliyi artıq yoxdur. “Taliban” nə deyirsə, jurnalistlər ona bənzər bir şey deməlidirlər. Məsələn, bir dostumun tanışı mediada “Taliban”a qarşı fikir səsləndirmişdi. “Taliban” həmin şəxsi zindana atdı. Hər yerdə onların adamı var. 

- Mövcud rejimdə qadın olmaq nə deməkdir?

- “Taliban” rejimi altında qadın olmaq məhbus həyatı yaşamaq deməkdir. Hansı aspektdən baxmaqdan asılı olmayaraq bu belədir. Təhsil icazələri yoxdur. Qızlarımız bir ildir ki, məktəbə gedə bilmirlər, çünki məktəblər açılmır. Bizdə qadınlar universitetə gedirdilər, təəssüf ki, indi gedə bilmirlər. Hicab, baş örtüyü ilə bağlı xüsusi qaydalar var. Qadınlar başdan-ayağa örtünməlidirlər və bu örtük qara rəngdə olmalıdır. Hicab taxmayanlar bayıra çıxa bilməzlər.

Heç bir qadının işləməsinə icazə yoxdur. Hətta az əvvəl bir xəbər gördüm. “Taliban” deyib ki, hər işçi qadın öz yerini bir kişiyə həvalə etməlidir. Əvvəl onlardan işə gələrkən burka geyinmələri istənilirdi, indi ümumiyyətlə, gəlməmələri tələb olunur. Hər şey üçün qadağa tapırlar. Bəzən düşünürəm ki, “Taliban” sadəcə qadınların həyatını qaraltmaq üçün gəlib. Çünki onların qanunlarının böyük bir qismi qadınlara aiddir.

Aqil Vəlili

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri