Okt
2022
16:04
29
199
4570
Virtual karabakh

FED uçot dərəcəsini artırır, aparıcı valyutalar dəyərsizləşir: Dünyanı gözləyən TƏHLÜKƏ - ŞƏRH + FOTO

1 Okt, 2022
16:04
4570

FED uçot dərəcəsini artırır, aparıcı valyutalar dəyərsizləşir: Dünyanı gözləyən TƏHLÜKƏ - ŞƏRH + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda avro manat qarşısında rekord həddə ucuzlaşıb. Belə ki, bu gün bir avronun dəyəri 1,66 manat təşkil edir. Yəni manata nisbətdə dollardan aşağı yerdə qərarlaşır. Buna səbəb isə pandemiya zamanı yaranmış və hələ də həllini tapmayan iqtisadi problemlər və ABŞ-da Federal Ehtiyatlar Sisteminin (FED) faiz artımına getməsi göstərilir.

Məlumdur ki, FED sentyabrın 21-də bu il ərzində beşinci dəfə uçot dərəcəsini artırdı və artım 3,25 faizə çatdı. Lakin bunun cari ildə sonuncu artım olacağı düşünülmür. Belə ki, qurumun 2 noyabr və 13-14 dekabr tarixlərində da toplantısı keçiriləcək və həmin toplantılarda da FED-in uçot dərəcəsini artırıb 4,4 faizə çatdıracağı ehtimal olunur. FED ABŞ-dakı səkkiz faizdən yuxarı olan inflyasiyanı azaltmaq üçün belə bir addım atsa da, bu, bütövlükdə iqtisadiyyata ziyan vurur və digər valyutaların dəyər itirməsinə yol açır. 

Məsələ ilə bağlı Oxu.Az-a danışan iqtisad üzrə fəlsəfə doktoru Elçin Süleymanov bildirib ki, həm pandemiyanın, həm də Rusiya-Ukrayna müharibəsinin dünya iqtisadiyyatına təsiri kifayət qədər ciddidir:

“Pandemiya zamanı dünyadakı təchizat zəncirinin pozulması, dünya üzrə tələbin istehsal və digər istiqamətlərdə azalması iqtisadiyyatda bir durğunluq yaratmışdı. Daha sonra Rusiya-Ukrayna müharibəsinin yaşanması bu mənfi təsiri daha da artırdı. Çünki Rusiya və Ukrayna dünya iqtisadiyyatının aparıcı oyunçularıdır. Ərzaq, kənd təsərrüfatı məhsullarını və enerji daşıyıcılarının qiyməti müharibədən çox təsirləndi. Təbii qazın qiymətinin bir neçə dəfə qalxması Avropa iqtisadiyyatına ciddi mənfi təsir göstərdi.

FED isə dünyadakı durğunluğu müəyyən qədər aradan qalxdırmaq üçün faiz dərəcəsini artıraraq ABŞ valyutasının müəyyən qədər güclənməsinə nail oldu, amma bu, digər valyutaların dəyər itirməsinə gətirib çıxardı. Dünyanın aparıcı valyutaları son 20 ilin ən ciddi dəyərsizləşməsini yaşadı. Bu artım ölkələrə ciddi inflyasiya təsiri də göstərdi. Avropa ölkələrində, bəlkə də, son 100 ildə ilk dəfə idi ki, inflyasiya 10-12 faizdən yuxarı olmağa başladı. Burada təbii ki, ABŞ dollarının bahalaşması da rol oynadı”. 

Ekspert qeyd edib ki, dolların bahalaşması ABŞ-ın özünə də mənfi təsir göstərir:

“Çünki ABŞ-ın ixrac etdiyi mallar artıq digər ölkələr üçün daha bahalı olur, bu baxımdan müəyyən dərəcədə uduzur. Digər aparıcı valyutaların ucuzlaşması isə onların sahibi olan ölkələrin məhsullarını daha avantajlı hala gətirə bilir. Ticarət müharibələrində Çinin, Rusiyanın və digər aparıcı ölkələrin atdığı addımlar bütün dünyada iqtisadi böhran ab-havası yaradır. Bunun aradan qaldırılması üçün ölkələrin üzərinə düşən qənaət rejiminə keçməkdir. Yəni artıq xərclərdən qurtulmaq, böyük layihələrdən, xüsusilə infrastruktur layihələrdən uzaq durmaqdır. Çünki artıq elə bir vəziyyətdir ki, bir sonrakı həftə qiymətlərin necə dəyişəcəyi və onun xarici ticarətə necə təsir göstərəcəyini proqnozlaşdırmaq çətindir. FED-in növbəti toplantısında yenə uçot faizinin artırılması nəzərdə tutulur. Bu isə 2023-cü ildə böhranın davam edəcəyinin işartısıdır”.

Baş verənlərin Azərbaycana göstərəcəyi təsirlərə gəldikdə isə iqtisadçı diqqətə çatdırıb ki, proqnozlaşdırılmayan məsələlər səbəbilə müəyyən xərclər ortaya çıxa bilər:

“Azərbaycan bu il ixrac-idxal tarazlığını kifayət qədər yaxşı tutdu. 2023-cü il dövlət büdcəsində də nəzərdə tutulan artımlar və bunların mənbələrinin artıq bəlli olması, neft qiymətlərinin arzu olunan həddə olması Azərbaycan iqtisadiyyatı üçün müsbət tendensiyadır. Hazırda Azərbaycan iqtisadiyyatı üçün əsas təhdid inflyasiyayla əlaqəlidir, çünki idxala bağlı olan məhsulların dünya bazarında qiymət artımı, şübhəsiz ki, daxili bazara təsir göstərir. Xüsusilə buğda və ya bitki yağı kimi məhsulların qiymətini Azərbaycan müəyyənləşdirmir, dünya birjalarındakı artım bizdə də qiymətlərin artmasına səbəb olur. Burada atılacaq addım inflyasiyanın azaldılması, haqsız qiymət artımının dayandırılması istiqamətində olmalıdır. Ümumilikdə isə 2023-cü il Azərbaycan iqtisadiyyatı üçün normal, hətta inkişafmeyilli olacaq”.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri