Okt
2022
16:58
397
42
3093
Virtual karabakh

Davam edən etirazlar - dəyişikliyə hamilə İran - ŞƏRH + FOTO

4 Okt, 2022
16:58
3093

Davam edən etirazlar - dəyişikliyə hamilə İran - ŞƏRH + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranda etiraz aksiyaları davam edir. Bu, hakimiyyətdaxili münasibətlərin, yaxud dini-siyasi ideoloji liderlərin baş verənlərə yanaşmasının da üzə çıxmasına şərait yaradır.

Ötən gün İranın ali dini lideri ayətullah Əli Xamenei ölümü ilə bağlı barəsində yayılan çoxsaylı söz-söhbətlərdən sonra ictimaiyyət arasında görünüb. O, ölkəsində baş verənlərə də münasibət bildirib. İran lideri ənənəvi olaraq ABŞ-ı ittiham edərək hadisələrin arxasında Ağ Evin və ölkənin vergi ödəyicilərinin durduğunu vurğulayıb. Xamenei Məhsa Əmininin ölümündən kədərləndiklərini vurğulasa da, bu qətli törədənlərin cəzalandırılacağından, yaxud hadisənin araşdırılacağından bəhs etməyib. Onun sözlərinə görə, məsələ hicablı və ya hicabsız gənc qızın ölümündə deyil: “Bir çoxları hicaba tam əməl etmədən müxtəlif tədbirlərə qatılırlar”.

Belə ehtimal etmək olar ki, Xamenei bu bəyanatı ilə ABŞ-a və onun regional müttəfiqlərinə qarşı sərt mövqelərindən çəkilməyəcəklərini bəyan etsə də, hicaba dair müəyyən yumşalmanın olacağının anonsunu verib. Ola bilər ki, bu çıxışı ilə cəmiyyətdə hicaba görə etirazın mahiyyətini azaltmağa da cəhd göstərib. Bütün hallarda Xamenei görünməklə həm də hakimiyyətdaxili qüvvələrə “sağam, hakimiyyət başındayam, hadisələrdən xəbərdaram” ismarışını verməklə özünəməxsus barmaq silkələdi. Çünki İranda əvvəllər hakimiyyətdə olan dövlət məmurları etiraz aksiyalarını dəstəkləyən bəyanatla çıxış ediblər.

İran inqilabının lideri Xomeyninin nəvəsi Həsən Xomeyni İran ali rəhbərinin oktyabrın 3-də etdiyi çıxışa münasibət bildirərkən ölkədəki aksiyaları “acı olaylar” adlandırıb. O, etiraz aksiyasını İran vətəndaşının qanuni haqqı sayaraq bunu iğtişaşdan fərqləndirməyi qeyd edib. Onun sözlərinə görə, etiraz aksiyaları cəmiyyətin dirilişinin göstəricisidir. Nəvə Xomeyni cəmiyyətdə dialoqun vacib olduğunu vurğulayıb. O, ölkədə iqtisadi problemlərin olduğunu, bunları həll etmək üçün islahat keçirilməsinin zəruriliyini açıqlayıb. Həsən Xomeyni təhlilində ölkənin vəziyyətinin ağır olduğunu bildirməyə çalışıb. Dinc aksiya keçirən tələbələrin gülləbaran edilməsini təəssüflə söyləyib. O, etiraz aksiyalarında ölənlərə rəhmət, yaralılara şəfa diləməklə onları dəstəklədiyini gizlətməyib.

Sosial şəbəkədə yayılan xəbər İran hakimiyyətinin əsas dayağı sayılan İslam İnqilabı Keşikçiləri Korpusunda ciddi hadisələrin, silkələnmənin davam etdiyindən xəbər verir. Yeri gəlmişkən, bu il qvardiyanın bir sıra yüksək vəzifəli şəxslərinin müəmmalı ölümü barədə xəbərlər yayılıb. Ehtimal etmək olar ki, bu hərbi qurum daxilində mövcud idarəetmə sisteminə etirazlar var. Belə düşüncəli vəzifəlilər isə naməlum şəkildə ölürlər. Yayılan məlumata əsasən, ordunun baş komandanı, general-mayor Əmir Əbdülrəhim Musəvi və İnqilab Keşikçiləri Qvardiyası, Hərbi-Dəniz Qüvvələrinin baş komandanı Əmir Siyari həbs edilib. Məlumata görə, onların fotoları qvardiyaya aid səhifələrdən çıxarılıb. Onlar təmsil olunduqları qurumun aksiyalara müdaxiləsinə etiraz etdikləri üçün həbs olunublar. Bildirilib ki, İran ordusunda bu sayaq yüksək vəzifəli şəxslər çoxdur. Yeri gəlmişkən, İranın ali rəhbəri ayətullah Əli Xamenei 2019-cu ilin mayında Əmir Əbdülrəhim Musəvini bu vəzifəyə təyin etmişdi. Qeyd edək ki, Əbdülrəhim Musəvi 1960-cı ildə İranın Qum şəhərində anadan olub. 2005-ci ilin sentyabr ayından 2008-ci ilin avqust ayınadək İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi, 2008-ci ilin avqustundan İran Silahlı Qüvvələri Quru Qoşunları komandanının müavini işləyib. O, yeni təyinatadək İran ordusunda mətbuatla əlaqələr üzrə koordinator vəzifəsində işləyib.

İranda hakimiyyətdaxili islahatçı xəttin liderlərindən sayılan, 1997-2005-ci illərdə prezident olmuş, 77 yaşlı siyasətçi Məhəmməd Xatəmi “Twitter” səhifəsində hadisələrə belə münasibət bildirib: “Ağrıları sümük iliyinə qədər işləyən daha bir bədbəxt faciə!” Yeri gəlmişkən, onun hökumətə başçılıq etdiyi dönəmdə İranda “zəncirvari qətllər” baş vermişdi. Onda ölkədə yaşayıb İslam Respublikası sistemini tənqid edən bəzi iranlı ziyalı dissidentlərin 98-i ya qətlə yetirilmiş, ya da itkin düşmüşdü. Bu cinayətləri hakimiyyətin güc strukturları həyata keçirdiyinə dair xəbərlər yayılmışdı. Bu qətllər və itkinlər bir-biri ilə əlaqəli olduğu üçün “zəncirvari qətllər” adlandırılıb. Qurbanlar arasında 80-dən çox yazıçı, tərcüməçi, şair, siyasi fəal və sadə vətəndaşlar da var. Sui-qəsd nümunəsi 1998-ci ilin sonunda Dariyuş Forouhar (Furuhər), onun həyat yoldaşı Pərvaneh Eskandari Forouhar (Pərvanə İsgəndəri Füruhər), habelə ETTELAAT-ın yüksək vəzifəli məsul şəxsi Səid İslaminin (İmami) qətllərinin nümunə olaraq göstərmək olar. Həmin illərdə Azərbaycanın böyük alimi doktor Məhəmmədtağı Zehtabi Təbrizdə evində müəmmalı şəkildə vəfat etmişdi. Həmin illərdə Xatəminin bu tip proseslərin qarşısını almaqda gücsüz olduğu iddia edilirdi. Bu fikirdə həqiqət az deyil. Çünki İranda prezident daha çox icraçı orqandır. Onun islahat aparmaq və ya rifah üçün başqa işlər görmək imkanı məhduddur. Bu vəzifə daha çox formal xarakter daşıyır. Bütün hakimiyyət ali rəhbərin və rəhbərliyin əlində cəmlənib. Bu baxımdan Xatəminin islahat istəyi hökumətə başçılıq etdiyi müddətdə elə istək olaraq qaldı.

2009-cu il “Yaşıllar hərəkatı"nın liderlərindən biri, parlamentin keçmiş sədri (hakimiyyət o hərəkatı “Fitnə-88” adlandırır - red.), hazırda ev dustağı Mehdi Kərrubi Məhsa Əmininin qətli ilə bağlı keçirilən etiraz aksiyalarını dəstəkləyərək bildirib ki, qadın və qızların alçaldılmaması, təqib edilməməsi üçün qanunsuz üsullar başa çatanadək bu fəaliyyət davam etməlidir: “Dəyişiklik yolunda Mehdi Kərrubi hər zaman yanınızdadır”.

İranda hakimiyyətdaxili tanınmış islahatçı, 1990-1998-ci illərdə Tehranın meri olmuş, 69 yaşlı siyasətçi Qulamhüseyn Kərbaşi hicabla bağlı teledebatda deyib: “Qəbul edilən qanuna çoxluğun əməl etmədiyini görəndə ona yenidən baxmaq lazımdır. Qadının telinin görünməsi onu günahkar edirsə, dəyişməlidir. Mən hicab haqqında qanunu qəbul etmirəm, çünki o, insanlara ziyan vurur, İslama kölgə salır”.

İranın keçmiş birinci vitse-prezidenti İshak Cahangiri də baş vermiş qətli “antiislam hadisəsi” adlandırıb. İranın keçmiş prezidenti Əliəkbər Haşimi-Rəfsəncaninin qızı Faizə Haşimi hicablı olsa da, məcburi hicaba qarşı çıxış etdiyini vurğulayıb. Azərbaycanın Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi, deputat, keçmiş səhiyyə naziri Məsud Pezeşkian son hadisələrlə bağlı bildirib: “Ölkəmizdə xalqın qızını saçının bir neçə teli göründüyünə görə tuturlar, sonra da meyitini ailəsinə təhvil verirlər”. O, parlamentdəki çıxışında bir neçə belə nümunələr göstərərək deyib ki, indiki ilə müqayisədə şah dövrü daha çox ədalətli idi: “Hazırkı hökumətin dövründə bir qrup oğurlayır, bir qrup yeyir-dağıdır, digər qrupu isə qanunu pozur”. İranın keçmiş baş naziri, 2009-cu ildə prezidentliyə namizəd, “Yaşıllar hərəkatı”nın lideri, 81 yaşlı siyasətçi, hazırda ev dustağı olan Mirhüseyn Musəvi silahlı qüvvələri həqiqətin və xalqın tərəfində durmağa çağırıb.

İranda tanınmış din xadimləri, müctəhidlər də hicabın adından istifadə edib xalqın əzilməsinə etirazlarını bildiriblər. Məşhəd, Qum və Tehranda din təhsili alan bir qrup tələbə isə İranın ali rəhbərinin legitimliyinin olmadığını açıqlayıblar. Tələbələr iddia ediblər ki, Xamenei müctəhid deyil, onun İslam hüququ ilə bağlı risaləsi yoxdur və bu səbəbdən ali rəhbər ola bilməz.

Baş verən hadisələrə mütərəqqi yanaşmalar, etiraz aksiyaları, dəstəyin miqyasının genişlənməsi, proseslərdə əsasən gənclərin iştirak etməsi İranda yeni təlatümlərin baş verə biləcəyini ehtimal etməyə əsas verir. Çünki İran cəmiyyəti yenilik istəyir. Ola bilsin, hakimiyyət daxilində bəzi qüvvələr bu istiqamətdə islahat aparılmasını istəyir. Ancaq müqavimət göstərənlər güclü olduğundan bu ideyanı gerçəkləşdirə bilmirlər. Bu baxımdan etirazlar onların da əlinə oynayır. Hakimiyyət aksiyalar vasitəsilə həm iqtidardaxili vəziyyəti, həm də cəmiyyətdəki prosesləri də “dişinə vurdu”. Xarici və daxili qüvvələrə İranda dəyişikliyin vacibliyi bir daha aydın oldu. 2006, 2009, 2011, 2019, 2022-ci ildə baş verənlər İranın çoxsaylı problemlərini dünyaya çatdıran aksiyalardır. Ehtimal etmək olar ki, hakimiyyət hələ ki etirazları yatırmaq üçün güclüdür. Odur ki, bu rəqəmlərin ardının olacağı da istisna edilmir...

“Report” İnformasiya Agentliyi

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri