Dek
2022
13:34
27
65
1674
Virtual karabakh

Avropanın afrikalı Peleləri...

8 Dek, 2022
13:34
1674

Avropanın afrikalı Peleləri...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qan Turalı yazır...

Umberto Ekonun sözüdür, deyir ki, biz faşizmi SS (nasist Almaniyasının yarımhərbi orqanı) uniformasında gözləyirik, ən böyük səhvimiz də budur. Amma faşizm istər Avropada, istərsə də bizdə başqa qiyafələrdə gəzir. Futbol üzrə dünya çempionatındakı “yerli, yoxsa xarici” mübahisələri də faşizmin modern təzahürüdür.

Bəli, Almaniya, Fransa, İngiltərə milli komandalarının heyətində kifayət qədər bu ölkələr üçün ənənəvi soyadları daşımayan futbolçular var. 

Əvvəllər bu barədə almanlar fransızlara qibtə ilə baxırdılar. Çünki Fransanın 1998-ci ildəki heyətində miqrant əsilli Zidan, Türam, Desayi kimi futbolçular vardı. “Qibtə” sözünü məşhur alman jurnalist Höniqştayna istinadla deyirəm. Almaniya isə bu sahəyə lazımi diqqət göstərməmiş, nəticədə isə Almaniya vətəndaşlığına sahib türk futbolçular Türkiyə yığmasını seçmişdilər. Hətta Türkiyə Futbol Federasiyasının Almaniyadakı türkləri izləyən xüsusi bir ofisi belə, vardı. Almanlar bu boşluğu tezliklə doldurdular. 

Polyak əsilli Kloze, Podolski, Tunis əsilli Xedira, türk əsilli Mesut Özil, Braziliya əsilli Mario Qomes, Qana əsilli Boatenq... Say, say, bitməz... 

HAŞİYƏ: Mesut Özilin Almaniya milli komandasından ayrılmasının isə özünün iddia etdiyi kimi, türk olması ilə heç bir əlaqəsi yox idi. O, sadəcə olaraq Türkiyə daxilindəki siyasi bir kampaniyada iştirak etdiyi üçün hədəfə gəlmişdi. Almaniyanın əsas yığmasında 92, aşağı yaş qruplarında isə 27 dəfə forma geyinən futbolçunun milli mənşəyi heç bir zaman mübahisə predmeti olmamışdı. Mesut Özilin 2010-cu ildə Türkiyə-Almaniya oyununda fitə basıldıqdan sonra verdiyi “Özümü alman kimi hiss edirəm” açıqlaması nədənsə unudulur.  

Ancaq xüsusi bir məqamı qabartmaq gərəkdir. Belə ki, bu futbolçuların hamısı Almaniyada doğulub və hamısı Almaniya vətəndaşıdır. Bəziləri öz ana dilini belə, bilmir, gündəlik həyatda da almanca danışırlar.

Almanlar öz milli komandalarının bu keyfiyyəti ilə fəxr edir və milli komandalarını Almaniyanın uğurlu inteqrasiya siyasətinin nəticəsi sayırlar. 

Almaniya Federativ Respublikasında əhalinin 27,2 faizi miqrant mənşəlidir. Bəs Almaniya əhalinin hər dörd nəfərindən birini təşkil edən bu 22 milyondan bir neçəsini öz milli komandasına daxil etməsin?

Üstəlik, bu futbolçular alman futbol sənayesinin məhsullarıdır, alman futbol məktəblərini, futbol akademiyalarını bitiriblər. Əsl irqçilik bu futbolçulardan milli formanı əsirgəmək olmazmı?

Hərçənd almanların bu barədə də bədnam tarixçələri var. 1936-ci il Münhen Olimpiadası nasizmin təntənəsinə çevrilmiş, ari irqə mənsub olmadıqları iddiası ilə yəhudi idmançılar olimpiadaya buraxılmamışdılar, Hitler də kameralar qarşısında dörd qızıl medal alan amerikalı qaradərili atlet Cessi Ouensin əlini sıxmaqdan imtina etmişdi. 

Ancaq indi bəziləri Qərbi Avropa komandalarının miqrantlar hesabına uğur qazandığını iddia etməklə bir növ irqçi bir yanaşmaya meydan verirlər. Halbuki, qeyd etdiyimiz kimi, bu futbolçular o ölkələrin vətəndaşları, o ölkənin futbol sisteminin yetirmələridir. 

Milli komandalar klub komandaları kimi deyil, istənilən futbolçunun transfer qiymətini verərək ona öz formanızı geyindirə bilməzsiniz. Son illərdə klub futbolunun daha önə keçdiyi bir zamanda bu məqam xüsusilə qiymətlidir.

Bəli, bir çox milli federasiyalar o ölkə ilə heç bir mənəvi bağı olmayan futbolçulara pasport verərək öz milli komandalarına daxil edirlər. Ancaq alman, fransız, ya da ingilis yığmalarının belə təcrübələri yoxdur. 

Milli komandalar hər bir ölkənin mənəvi sərvəti sayılır, çünki komandada boşalan hər hansı bir mövqe, divara asılan hər hansı bir buts yenə də o ölkənin futbolçuları tərəfindən doldurulmalı və geyinilməlidir. 

Pele, Maradona, Bekkenbauer, Kroyf, Buffon, Zidan, Messi, Ronaldu kimi oyunçuları milli komandaya transfer edə bilməzsiniz. Bu futbolçular o ölkədə yetişməli və o ölkənin yığma komandasını tərlətməlidirlər. 

Futbolçu isə ağacda yetişmir, ya da göydən düşmür. Onu tapmaq, inkişaf etdirmək və milli komandaya hazırlamaq da federasiyaların vəzifələridir. Milli federasiyaların əsas vəzifəsi klub komandalarını yox, milli komandanı yeni və parlaq oyunçularla təmin etməkdir. 

Problematik vəziyyət isə, misal üçün, Türkiyədə yetişən türk futbolçularla Almaniyada yetişən türk əsilli futbolçular arasındakı disbalansdır. Belə ki, cəmi üç milyonluq Almaniya türkləri az qala 83 milyonluq Türkiyədən daha çox futbolçu yetişdirirlər.

Bütün bunlar futbolçu yetişdirmə proqramlarının, işə konseptual yanaşmanın, təhsil sisteminin və futbol sənayesinin nəticəsidir. Ona görə də göyə qaldırılan bir kubokun arxasında minlərlə insanın əməyi dayanır. 

Ancaq bu titanik əməyi gözardı edib uğuru bir futbolçunun, bir məşqçinin ayağına yazan milli federasiyaların o kuboka uzaqdan baxacaqları da bir gerçəkdir. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri