19 
Yan
2023
15:08
25
303
7457
Virtual karabakh

Gənclərə, şoumen və cinsi azlıqlara nəfəslik olan “TikTok” Azərbaycanda nələri dəyişir və dəyişəcək? - FOTO

19 Yan, 2023
15:08
7457

Gənclərə, şoumen və cinsi azlıqlara nəfəslik olan “TikTok” Azərbaycanda nələri dəyişir və dəyişəcək? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“TikTok” sosial şəbəkəsinin Azərbaycan seqmentinin fəaliyyəti elə yarandığı ilk vaxtdan etibarən cəmiyyətdə birmənalı qarşılanmayıb. Səbəb isə bu platformanın mental təfəkkürümüzün formalaşdırdığı “əxlaq kodeksi”ni yerlə bir etməsidir. Məsələn, “TikTok”dan istifadə edilənədək Azərbaycanda cinsi azlıq nümayəndələrinin çox az sayda olduğu qənaətindəydik. Amma “TikTok” onların daim aramızda olduğunu göstərdi. “TikTok” həm də böyük sözü ilə oturub-durmalı olduğu düşünülən gənclərin maraqlarının təcəssümü oldu. Cəmiyyətin bəlli bir qismində bu platformaya aqressiyanın yaranmasının bir digər səbəbi isə yüngül həyat tərzi keçirən qadınların əlçatanlığının artması və ya fikrə təsir imkanının çoxalması oldu. Bunun əsas səbəbi isə “TikTok” Azərbaycanda göz açan kimi zəncirlərin qırılması idi. Burada sözdən daha çox, görüntü danışmağa başladı ki, bu da fikir adamlarının üstünlük vermədiyi bir məsələdir.

Sadaladıqca “TikTok”un tənqid hədəfinə çevrilmə səbəblərini artırmaq olar, amma danılmaz faktdır ki, onun üstünlükləri də var. Müəyyən bir qisim üçün onu cazibədar edən məqam bir tərəfdən burada seçimlərin qınağına yer verilməməsidirsə, digər tərəfdən də insanlara qazanc imkanlarının tanınmasıdır. Hətta imkan o dərəcədə genişdir ki, bir canlı yayımdan 10 min dollar pul qazanmaq olur. Belə bir hadisə elə iki gün əvvəl tanınmış aparıcı Azər Zahidin “Təkərdə” realiti-şousunda yaşandı. Onun canlı yayımına eyni vaxtda 50 min izləyici baxdı və ümumilikdə şounu 13 milyondan çox tamaşaçı bəyəndi. Reper Roşka, Bayram Nurlu kimi simaların qatıldıqları proqram ilə Azər Zahid Azərbaycanın sosial media məkanında ilkə imza atdı və media mütəxəssislərinin fikirlərinə görə, bu şounun iki bölümü hesabına 17 min manatdan çox gəlir əldə etdi.

Maraq və sual doğuran məqam isə ondan ibarətdir ki, bu qədər pulun dövr etdiyi halda “TikTok”un Azərbaycanda şirkəti mövcud deyil, daha dəqiq desək, “TikTok”la Azərbaycan arasında müqavilə yoxdur. Bu isə o deməkdir ki, “TikTok” və onun azərbaycanlı istifadəçiləri Azərbaycan hökuməti qarşısında vergi ödəyicisi deyillər. Yəni vətəndaşlar üçün qazanclı sahə olduğu düşünülsə də, dövlət buradan heç bir gəlir götürmür. Əksinə, pullar ölkədən rəsmiyyət olmadan çıxarılır. Ancaq ümid doğuran məqam var ki, “TikTok” Azərbaycanda şirkət açmaq üçün prosesə start verib və ötən il ölkəmizə nümayəndələrini göndərib, müəyyən müzakirələr aparılıb. “TikTok”un Azərbaycandakı fəaliyyəti vergiyə cəlb olunduqdan sonra dəyərlərin deqradasiyasının qarşısının alınması istiqamətində hansı işlərin görüləcəyi, texniki hansı dəyişikliklərə gediləcəyi isə böyük maraq doğurur.

Oxu.Az Azərbaycan seqmentində uzun illərdir işlək olan bir sıra sosial platformaları kölgədə qoyan “TikTok”un ölkəmizə iqtisadi, psixoloji, sosial təsirlərini müəyyənləşdirmək, eləcə də texniki imkanlarını daha ətraflı öyrənmək üçün hər sahənin öz mütəxəssisi ilə həmsöhbət olub.

İT mütəxəssisi Fərid Əmirov ilk olaraq sosial şəbəkələrin populyarlaşma yolundan söz açıb:

“İlk sosial şəbəkə tipli saytlar 1990-ların sonlarında yarandı, amma onlar özlərini bazarda çox da tuta bilmədilər. 2000-ci illərin əvvəllərində isə “Facebook”la “partlayış” yaşandı və sosial şəbəkəyə axın baş verdi. Səbəb isə “Facebook”un insanların istədiyini verməyi bacarması idi. Sahəsindən asılı olmayaraq kompüterdən anlayışı olan-olmayan hər kəs “Facebook”dan qeydiyyatdan keçib onu istifadə edə bilirdi. Bu tendensiya uzun müddət davam etdi, sonradan ona oxşar bir çox platformalar yarandı, amma liderliyini əldən vermədi. “TikTok” da prosesə eyni nöqtədən yanaşdı və əlçatanlığı qorudu. Həmçinin qısametrajlı videolar yerləşdirmə imkanı yaratdı. Nəzərə alsaq ki, indiki zamanda insanların boş vaxt problemi var, xüsusən də vizual görüntü insanlara daha rahat məlumat əldə etmə imkanı verir, deməli, “TikTok”un atdığı bu addım çox doğru və zamanında oldu. Nəticə də göz qabağındadır”.

Ekspert qeyd edib ki, “TikTok”un bu qədər populyarlaşmasının səbəbi onun istifadəsinin rahat olmasıdır:

“TikTok”dan sonra “Facebook”, “YouTube” kimi bir çox böyük portallar da “TikTok” formatlı qısa videogörüntülərə üstünlük verməyə başladılar. “TikTok” bu gün tək bizim ölkədə yox, bütün dünyada məşhurdur. Sözügedən realiti-şounun bu cür populyarlıq qazanmasına gəldikdə isə bunun dəqiq səbəbini deyə bilməyəcəyəm. Yəqin ki, həmin şouda iştirak edən şəxslərin videokontent seçimləri çox uğurlu alınıb. Güman ki, onlar gənc nəslin marağında olan bir məsələyə toxunublar”.

Sosial şəbəkələrin gətirdiyi gəlirdən də söz açan mütəxəssis bildirib ki, indi bütün portallarda gəlir var:

“Bildiyim qədərilə bunlar qanunla tənzimlənir. Amma rəsmi olaraq “TikTok”a hələ ki nəzarət yoxdur. Əslində, nəzarət imkanları texniki olaraq çətindir, amma bəlkə, gələcəkdə mümkün olar.  “TikTok”un Azərbaycanda şirkət açması isə bilmirəm nə qədər real olar. Amma o mümkündür ki, yerli biznesmenlərdən biri onun nümayəndəliyini açsın. Bilirsiniz, bu tip portallar onlayn işlədiklərinə görə onların bizdə və ya hansısa ölkədə şirkət açmalarına ehtiyac yoxdur. Şirkət açmaq əlavə maddi xərc və məsuliyyət deməkdir. Amma izləyici kütləsinə görə şirkət rəhbərliyinin gəlməsi, təbii ki, ölkədə texnoloji olaraq inkişafın göstəricisidir”.

İşin sənədləşmə tərəfini izah edən hüquqşünas Turan Abdullazadə isə öncəliklə “TikTok”da və digər sosial şəbəkələrdə edilən satışların gəlir əldə etmək niyyəti ilə ticari bir fəaliyyət olduğunu və bu səbəbdən satış edəcək şəxslərin vergi ödəyicisi olmalı olduqlarını vurğulayıb:

“Ola bilər ki, sosial şəbəkələrdə faktiki satış həyata keçirilməsin, amma qeyd etdiyiniz kimi, gəlir əldə olunsun. Vergi haqqında qanunvericilik, sadə dillə desək, “Əgər gəlir əldə edəcəksinizsə, verginizi də ödəyəcəksiniz”, - deyir. Qanuni vergiləri ödəmək üçün vergi ödəyicisi olmaq (VÖEN almaq) lazımdır. Qanunvericilikdə bildirilir ki, rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və ölkə hüdudlarından kənarda əldə etdiyi gəlir hesab olunduğundan, sosial şəbəkələr vasitəsilə əldə edilən gəlir sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir kimi gəlir vergisinin vergitutma obyektini təşkil edir və belə gəliri əldə edən fiziki şəxs vergi orqanında vergi uçotuna duraraq qanunamüvafiq qaydada gəlirlərini bəyan etməli, vergisini hesablayaraq dövlət büdcəsinə ödəməlidir”.

Müsahibimiz diqqətə çatdırıb ki, Vergi Məcəlləsində onlayn formada tədarük edilən xidmət və işlərə görə 18 faizlik ƏDV tutulur:

“Aylıq dövriyyəsi 200 min manatdan artıqdırsa, bu xidmətlərə sosial şəbəkələrdə ödənişli reklamlar və sair fəaliyyətlər də daxildir. Bundan başqa, elektron pul kisələrinə (“Google-wallet”, “Apple’s Passbook”, “Lemon Wallet”, “Square Wallet”, “Isis” və s.) pul yerləşdirildiyi zaman da 10 faizlik vergi tətbiq olunur. Ümumiyyətlə, gəlir gətirən istənilən növ fəaliyyətdən bu və ya digər formada vergi tutulmalıdır. Hazırda sosial şəbəkələr üzərindən ticarət quranlar kifayət qədərdir. Lakin təəssüf ki, sosial şəbəkələrdə qeyd etdiyiniz hallara effektiv nəzarət mexanizmi hələ də mövcud deyil və dövlət orqanları sosial şəbəkələrdən əldə olunan gəlirlə bağlı vergitutma mexanizmini tam olaraq formalaşdıra bilməyiblər.

Ancaq qeyd etdiyiniz kimi, təbii ki, sosial şəbəkələr üzərindən əldə olunan gəlirdən vergilərin tutulması mexanizmi təkmilləşdirilə bilsə, bu həm dövlətin, həm də cəmiyyətin xeyrinə olar. Yaxın gələcəkdə “Tik-Tok” kimi gəlir gətirən sosial şəbəkələrin Azərbaycanda rəsmi filialı və nümayəndəliyi olarsa, bu zaman həmin sosial şəbəkə də vergi qanunvericiliyinə müvafiq olaraq əldə etdiyi gəlirə münasibətdə vergilərin ödənilməsinə cəlb oluna bilər”.

Sosial medianın populyarlaşmasında televiziya kanallarının uğursuzluğunun pay sahibi olub-olmadığını isə media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli şərh edib. Mütəxəssis öncə sosial platformalardan birinin digərini üstələmə mexanizmindən söz açıb:

“Sosial şəbəkələr yeni formata keçdikcə əvvəlki şəbəkə formatlarını üstələyirlər. Başlanğıcda “Facebook”, ya da “YouTube”un yaratdığı imkanlarla bu gün üçün “TikTok”un verdiyi imkanları müqayisə etsək, görərik ki, “TikTok” “Facebook”un yeddi ildə qazandığı auditoriyanı üç ilə qazandı və bu, “TikTok”un, sadəcə, Azərbaycan seqmentində baş verməyib. İzləyicilərin, gənclərin orada çox olma səbəbi isə onun formatının əlçatanlığı, mobilliyi və müəyyən məhdudiyyətlərin minimum olmasıdır”.

Ələsgər Məmmədli hesab edir ki, “TikTok”a marağın artma səbəbini tək televiziyanın uğursuzluğu ilə bağlamaq olmaz:

“Doğrudur, təəssüf ki, televiziyalar sosial sifarişi qarşılamır və cəmiyyət daha çox informasiyanı mobil internet üzərindən alır. Beləliklə, televiziyanın təqdim olunduğu köhnə format maraqlı gəlmir. Siz televizora baxmaq üçün istər-istəməz evə getməli, divanda oturmalı, televizoru elektrikə qoşmalı, pultla onu çevirməlisiniz. Amma əlinizdəki mobil telefonda bu vasitələrin heç birinə ehtiyac yoxdur, cibinizdən çıxarıb istədiyiniz şeyə baxa bilərsiniz. Bu aspektdən baxanda sosial medianın televiziyanı üstələməsi normaldır.

İkinci önəmli məqam isə təbii ki, televiziya kanallarının sosial şəbəkələrlə rəqabət etməyəcək qədər kontent, plüralizm və cəmiyyətin ehtiyaclarını qarşılama baxımından zəif olmasıdır. Televiziyaların uğursuzluğu həm peşəkarlıq fəaliyyətlərini zəif qurmaları, həm də texnologiyanın köhnə olmasından qaynaqlanır”.

Həmsöhbətimiz hazırkı vəziyyəti, yəni sosial şəbəkələrin bu qədər yayğınlığını təhdid olaraq görmədiyini də söyləyib:

“Çünki peşəkar media yeni sosial şəbəkə formalaşdıqca və yeni formatlarla təqdim olunduqca orada özünə yer tapa bilir. Məsələn, bu gün üçün İTV-nin “YouTube” səhifəsi kifayət qədər izlənilir. Böyük ehtimalla televiziyanın reytinqindən səhifələr daha yüksək ola bilər. Yəni yeni formata uyğunlaşmaq önəmlidir. Ənənəvi media bütün platformalar üzərində təkrar öz peşəkarlığını göstərərsə, hər hansı bir formada bu işə yeni başlayanlardan daha önə keçər. Burada peşəkarlıq sərhədlərini qorumaq və tələbləri gözardı etməmək vacibdir”.

Ekspertin sözlərinə görə, sosial şəbəkə auditoriyası genişləndikcə onun maddi gəlir gətirmə imkanı da artır və belə olan halda platforma cazibədar hala gəlir:

“Bütün sosial media, xüsusilə də “TikTok”, “Instagram” kimi sosial şəbəkələr heç də həmişə hər kəsin gözlədiyi və ya standartlara uyğun kontentə malik olmur. Amma hesab edirəm ki, zamanla müəyyən mənada çoxluğun ehtiyacı çərçivəsində kontent formalaşacaq və o kontent faktiki olaraq ictimai sifarişi qarşılamış olacaq. Unutmayaq ki, biz yeni texnologiyanın inkişaf trendini tutmasaq, çox sürətlə formatımız, fəaliyyətimiz köhnələ bilər. “Z nəsli”nin daha çox üstünlük verdiyi platforma indiki halda “TikTok”dur. Bizim yeni nəsil onun istəklərinə adekvat olan mühitə daha çox meyil edir. Ona görə də onlar əvvəlki nəsilləri də özü ilə dartacaqlar. Bu gün üçün ola bilər ki, bir çoxumuzun “TikTok” hesabı yoxdur. Amma bir çox aktual məsələlər barədə məlumatı daha qabarıq şəkildə oradan alırıq. Ona görə də mən bunu bir təhlükə yox, inkişaf trendi kimi görürəm”.

“TikTok” platformasının mənfi psixoloji təsirlərindən çəkinmə yollarını isə tanınmış psixoloq Elnur Rüstəmov diqqətə çatdırıb:

“Bu gün biz internet əsrində yaşayırıq və internet üzərində müxtəlif platformalar var ki, orada məlumatlar paylaşılır, müxtəlif istiqamətlərdə fərqli kontentlər yer alır. Kiçik bir analiz aparsaq, görərik ki, hər bir sosial platformanın özünün izləyiciləri və o izləyicilərin həmin sosial platformadan gözləntiləri var. Məsələn, “Facebook”, “Instagram”, “Twitter” bu gün Azərbaycanda kifayət qədər yayğındır, o cümlədən də “TikTok”. Digərlərindən bir qədər gec yaradılan “TikTok”da elə kontentlərə yer verilir ki, onlar daha çox insanların emosiyalarına təsir edir. Bu gün “Facebook”da və “Twitter”də paylaşılan kontenti oxuyub düşünürsən, ancaq “TikTok”da biz yazıdan daha çox, proses və hadisələri görə bilirik. Bu proseslər də emosiyalara təsir göstərir. “TikTok” yeganə platformadır ki, insan bütün istiqamətlərdən videolar izləyə, sözlər eşidə bilər.

Təəssüf ki, orada insanların hisslərinə xitab etmə bəzən çox bayağı formada olur. Lakin mən bunu “TikTok”un problemi kimi görmürəm, daha çox kontentlərin düzgün seçilmədiyi qənaətindəyəm. Hesab edirəm ki, bu istiqamətdə Azərbaycanda işlərin aparılması daha məqsədəuyğundur. Bu gün biz “TikTok”u bağlasaq, problem həll olunacaqmı? Düşünmürəm. Orada insanları biz diqqətli olmağa səsləsək, daha yaxşı olar, çünki o videoları uşaqlar, yeniyetmələr izləyir, orada eşitdiklərini adi danışıqda dərhal istifadə edirlər. Ona görə də ən vacib məqam insanları məsuliyyətə çağırmaqdır, elə olsa, problemi qismən həll edə bilərik. Əks təqdirdə isə əlbəttə, insanlar tərəfindən bu platformaya haqlı olaraq qıcıq, aqressiya yaranacaq”.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri