31 
Yan
2023
16:36
61
116
1087
Virtual karabakh

Sadiq Qurbanov: “Azərbaycan dünyanın diqqətinə ənənəvi, tükənən yox, bərpa olunan enerjinin önəmini çatdırdı”

31 Yan, 2023
16:36
1087

Sadiq Qurbanov: “Azərbaycan dünyanın diqqətinə ənənəvi, tükənən yox, bərpa olunan enerjinin önəmini çatdırdı”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstana rəsmi səfər edib. Səfər çərçivəsində dövlət rəsmiləri ilə mühüm görüşlər keçirən ölkə başçısı əsas gündəliyin enerji məsələləri ilə əlaqədar strateji müttəfiqliyin artırılması olduğunu bəyan edib. Macarıstanın Prezidenti Katalin Novak və Baş naziri Viktor Orban Azərbaycanın Avropanın enerji təminatı məsələsində önəmli rol oynadığını vurğulayıblar.

Maraqlıdır, Azərbaycanın Avropaya enerji ixracını artırması iqtisadi, eləcə də siyasi baxımdan hansı perspektivlər vəd edir?

Mövzunu Oxu.Az-a şərh edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov düşünür ki, Azərbaycanın Avropanın enerji təminatı ilə əlaqədar irəli sürdüyü yeni layihələr təkcə iqtisadi inkişafa xidmət etmir, həmçinin siyasi müstəvidə ölkəmizin nüfuzunun daha da artmasına səbəb olacaq:

“Azərbaycan bu gün Avropa üçün ən əhəmiyyətli ölkələrdən, strateji tərəfdaşlardan biridir. Bölgənin xüsusi çətinliyinə çevrilmiş enerji təminatı probleminin azaldılması həm Azərbaycanın, həm də Avropanın xeyrinə olacaq məqamdır.

Prezident İlham Əliyevin və Macarıstanın baş naziri Viktor Orbanın bəyanatlarında illər öncə başlanan  NABUKKO layihəsinin vəsait çatışmazlığı ucbatından yarımçıq qaldığı qeyd edildi. Buna baxmayaraq, Azərbaycan dünyada ən etibarlı tərəfdaş sayıldığından sonrakı illərdə irəli sürdüyümüz layihələr də Avropa tərəfindən xüsusi maraqla qarşılandı.

Bu yaxınlarda Rumıniya, Macarıstan, Gürcüstan və Azərbaycan prezidentlərinin görüşü baş tutdu. Orada Azərbaycan dünyanın diqqətinə ənənəvi, tükənən enerji resurslarının deyil, bərpa olunan enerjinin önəmini çatdırdı. Artıq bu məsələdə razılaşmalar, müvafiq sənədlər mövcuddur. “Yaşıl enerji” kifayət qədər vəsait tələb edir. Rumıniya, Macarıstan, Slovakiya və digər ölkələr artıq maliyyə məsələlərinin həlli ilə əlaqədar danışıqlara başlayıb. Bu, layihələrin tezliklə reallaşacağına ümid verir”.

Bəzi Avropa ölkələrinin, o cümlədən beynəlxalq təşkilatların zaman-zaman Azərbaycanla əlaqədar qərəzli bəyanatlar səsləndirdiyini vurğulayan komitə sədrinin sözlərinə görə, tərəfdaşlığın genişlənməsi bu sahədə vəziyyətin dəyişməsinə də səbəb olacaq:

“Azərbaycanın Avropaya enerji ixracını artırması, əməkdaşlığın genişlənməsi, həyata keçirilən önəmli layihələr ölkəmizin mədəniyyətinin də dünyada tanınmasına təkan verəcək. Hər bir dövlət çalışır ki, mədəniyyətini dünyaya ixrac etsin. Bizim addımlarımız uğurlu olacaq.

Avropa təşkilatları və bir sıra ölkələr zaman-zaman Azərbaycana qarşı müəyyən məsələlərdə qərəzli mövqe nümayiş etdirir. Xüsusilə, Vətən müharibəsi zamanı bunun şahidi olsaq da, Azərbaycanın yürütdüyü siyasət, Avropada rolunun artması, nüfuz və söz sahibinə çevrilməsi qaldırılan haqsız ittihamların yerindəcə dəf olunmasına şərait yaratdı. Yenə də bunu anlamayan, öz maraqları üçün Azərbaycana qarşı çıxış edən, bununla özünə dividend qazanmağa çalışan dövlətlər istəklərinə nail ola bilmirlər. Azərbaycanın uğurlu addımları həmin qüvvələrin də həqiqətə təslim olmasına gətirib çıxarır”.

Aytac Qasımova

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri