Fev
2023
16:48
44
105
3529
Virtual karabakh

Zelenskinin Avropa turnesi: “X” anı üçün qorxu - TƏHLİL + FOTO

9 Fev, 2023
16:48
3529

Zelenskinin Avropa turnesi: “X” anı üçün qorxu - TƏHLİL + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna Prezidenti Volodimir Zelenskinin Avropa turnesinə çıxması ölkənin hərbi aktivlərinin alternativ axtarışlarla canlandırılmasına xidmət edir.

Ukraynanın oktyabr ayında qazandığı ərazi nailiyyətinin davamının gəlməməsi, Rusiyanın Donetskdə hücumlarını davam etdirməsi Kiyevin taleyini sual altında saxlayır. Bu azmış kimi, Rusiyanın yeni irimiqyaslı hücuma hazırlaşdığı iddiaları informasiya məkanlarının “bəzəyi”nə çevrilir.

Zelenski isə inadkar qamətini göstərməkdə israrlıdır – Ukrayna qalib gəlməlidir.

Zelenski müharibənin elə yekunlaşmasını istəyir ki, Ukraynanın ərazi bütövlüyü bərpa edilsin, yəni o, 2022-ci ilin 24 fevralına qədərki vəziyyətlə barışmayan xəttə sadiqliyini göstərir.

Bu sadiqlik döyüş meydanında praktiki nəticələrlə yekunlaşmalıdır, təbii ki, hər şeyin tempi normal və axarında olsa.

Zelenskinin Böyük Britaniyaya, ardınca Fransaya səfəri Ukrayna üçün çətinliklərin artdığı vaxta təsadüf edir.

Ukraynanın cəbhədə taktiki irəliləyiş əldə edə bilməməsini ölkənin hərbi-siyasi kuluarlarındakı böhran müşayiət edir.

İstefalar, güc strukturlarındakı yerdəyişmələr buna bariz nümunədir, hərçənd ki, Ukrayna daxildəki siyasi qalmaqalların döyüş meydanına təsir etməməsinə çalışır.

Ukrayna lideri nail olunacaq məqsədlərin konturlarını dəqiqləşdirmək üçün Londona və Parisə getdi.

Zelenski Britaniyanın Baş naziri Rişi Şunak, Fransada Prezident Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsla görüşməklə Ukraynaya cəbhədə real qələbə qazandıra biləcək silahların idxalına cəhdlər edir.

Zelenskinin Qərblə bağlı narahatlıqları da artır, o düşünür ki, NATO ölkələri silah tədarükündən yorulub qırılma nöqtəsində Ukraynanı Rusiya ilə baş-başa buraxa bilərlər.

Hərçənd ki, Britaniya Ukraynadakı müharibənin Rusiyanın çöküşü ilə nəticələnməsini istəyən əsas oyunçudur. Onun çoxməqsədli hədəfləri var, niyyəti “Böyük Britaniya-2030” strateji doktrinasının tələblərindən irəli gələn öhdəliklərə sadiqlik göstərməkdir.

Böyük Britaniya Avropa İttifaqından çıxsa da, qoca qitənin təhlükəsizliyində əsas zəmanətçidir və bufer zona kimi baxdığı regionun Rusiyanın çubuğu altında idarə olunmasına qarşıdır.

Britaniya Avropanın təhlükəsizlik arxitekturası ilə Ukraynadakı müharibənin nəticələri arasında əlaqə qurur, buna görə də o, Kiyevə yardım etmək məcburiyyətindədir.

Britaniya Ukrayna hərbçilərinin hazırlanması üçün kömək öhdəliklərini icra edir, lakin o, Kiyevə döyüş təyyarələrini verməkdən yayınır.

Zelenski eyni ricanı ABŞ və Fransaya da edir, lakin onlar Rusiyanın hərbi eskalasiyanın sərhədlərini Ukraynanın hüdudlarından kənarda genişləndirmək potensialından ehtiyatlanaraq Ukraynaya lazımi “qida”ları vermirlər.

Zelenski Fransa və Almaniyaya da gözünü dikib, məqsəd onları Rusiyanın maraqlarına xidmət edən addımlardan çəkindirməkdir.

Zelenski Makron və Şoltsla görüşündə Fransa və Almaniyanın oyunu dəyişdirmək potensialına malik olduğunu deməklə bir növ liderlərə söz atıb.

Almaniyanın Rusiyadan qorxuları haradasa başadüşüləndir, amma Zelenski ən çox Fransanın oyunlarından təngə gəlib.

Ona görə ki, Fransa Avropa İttifaqında yeganə nüvə dövləti olsa da, o, Moskva ilə isti münasibətləri bərk-bərk mühafizə edir.

Ümumilikdə Almaniya ilə Fransanın Ukraynanı dəstəkləməkdə çox ləng davranmaları fərqli meyarlarla tənqidlərə layiqdir.

Zelenski Londonda və Parisdə isti qarşılansa da, bu, hələ Ukraynadakı Rusiya hərarətini soyutmaq qabiliyyətində deyil.

Çünki Ukraynaya Rusiyanı döyüş meydanında geri oturda biləcək silahlar və NATO-nun Moskvanın nüvə şantajlarına boyun əyməməsi lazımdır.

Düzü, NATO-nun Rusiyadan, Rusiyanın da Alyansdan qorxduğu məqamlar çoxdur, amma bu qorxuları basdırmaq lazımdır ki, tərəflərdən birinin əlində fürsət yaranmasın.

Bir-birilə rəqabətin əks uclarında dayanan Moskva və NATO-nu, əsasən, nüvə məsələsi qorxudur. Qorxunun təsvirini belə cıza bilərik: Görəsən, “X” anında, yəni nüvə silahı atılsa, bunun qarşılığı necə verilməlidir?

İkinci qorxu da NATO-nun sinirlərini qıcıqlandırır. Görəsən, Rusiya Ukraynada məğlubiyyətə uğrasa, Avropanın hansı nöqtələrini qaynadacaq?

Suallar saysız, cavablar isə çoxmənalıdır...

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri