Mar
2023
13:00
72
5
1766
Virtual karabakh

MBA çempionunun oğlu: “Azərbaycan millisindən təklif gəlsə, qürur duyaram” - MÜSAHİBƏ + FOTO

1 Mar, 2023
13:00
1766

MBA çempionunun oğlu: “Azərbaycan millisindən təklif gəlsə, qürur duyaram” - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Olimpik Şəki” klubunun qış transfer pəncərəsində heyətinə qatdığı Larri Robinson özü ilə eyni ad-soyadı daşıyan tanınmış basketbolçunun oğludur. Atası 1993/1994 mövsümündə “Hyuston Rokets”in heyətində Milli Basketbol Assosiyasının (NBA) qalibi olub.

Azərbaycana gələnədək Gürcüstanın “Zestafoni” klubunda çıxış edən 24 yaşlı müdafiəçi ötən il NBA draftında iştirak etsə də, seçimlərdən keçə bilməyib.

İdman xoşbəxtliyini Avropada axtaran gənc basketbolçu “Report”a müsahibəsində bir sıra maraqlı məqamlara toxunub.

- Öncə Azərbaycana gəlişiniz barədə məlumat verərdiniz. Maraqlıdır, “Olimpik Şəki” klubuna keçidiniz necə baş tutdu?

- Gürcüstanda iki seçmə oyun keçirdikdən sonra keçmiş NBA oyunçusu Nikoloz Tskitişvili ilə dostluq etmək imkanım oldu. Onun köməyi ilə Fərrux Mahmudovla (Azərbaycan Basketbol Federasiyasının icraçı direktoru - E.S) tanış oldum. Sonuncu Şəkidə mənə komanda tapdı və beləliklə, Azərbaycanda oynamaq şansı yarandı.

- Özünüzü Azərbaycanda necə hiss edirsiniz?

- Bu, mənim üçün yaxşı təcrübədir. Buradakı azarkeşləri bəyənirəm. Şəkidə və Bakıda heyrətamiz fanatlarımız var. Hər iki şəhəri çox sevirəm. Açığı, basketboldan başqa məşğuliyyətim yoxdur. Amma şəhərləri gəzmək imkanım olanda müxtəlif yeməkləri dadmaqdan və təmiz havada dincəlməkdən həzz alıram.

- NBA çempionunun oğlu olmaq necə hissdir və sizə hər hansı üstünlük verirmi?

- Məncə, NBA çempionunun oğlu olmaq çox gözəldir. Atamın ən yaxşı basketbolçu olmaq üçün hər gün çox çalışdığını görmək mənim üçün ruhlandırıcı və həvəsləndirici idi. Bütün bunların fonunda mən yalnız özüm olmağa və atam kimi təkcə ölkə xaricində deyil, həm də NBA-da özüm üçün miras yaratmağa çalışıram. Bu, mənə motivasiya verir. Çünki atam mənim çatmağa çalışdığım yerdədir. Atam bunun üçün nə lazım olduğunu yaxşı bilir. Bu səbəbdən ondan mümkün qədər çox şey öyrənməyə çalışıram. Bu, eyni zamanda sizi məqsədli olmağa vadar edir. Hər oyunda rəqabətə hazır olmalısan və mən də buna çalışıram.

- Atanızla tez-tez danışırsınız? Yəqin ki, oyunlarınızı izləyir. NBA çempionunun gözündə Azərbaycan Basketbol Liqası necə görünür?

- Demək olar ki, hər gün danışırıq. Mənə kömək etmək üçün çoxlu məsləhət verir. Harada olmasından asılı olmayaraq, istənilən çempionluq şərəfdir. Atamın bir neçə liqada oynamaq şansı olub. Eləcə də mənim. Hesab edirəm ki, çempionluq uğrunda mübarizə aparan hər kəs buna böyük iş kimi baxır.

- Siz öz nəslinizin üçüncü Larri Robinsonsunuz. Atanızla yanaşı, babanız da bu ad-soyadı daşıyıb. Adınızın tarixçəsi maraqlıdır...

- Həqiqətən belədir və bu, mənim üçün çox vacibdir. Bu adı qəbul etməklə əvvəlki nəsillər kimi standarta sadiq qaldım.

- Ötən il NBA draftında iştirak etsəniz də, seçilməmisiniz. Səbəb nə oldu və bu, sizin karyeranıza necə təsir etdi?

- Hələ mənim vaxtım deyil. İnanıram ki, Tanrı hər şeyi zamanında yoluna qoyacaq. Odur ki, hazırda əlimdən gələn yeganə şey hər gün işləmək və səbirli olmaqdır. Bunun mənə təsir etdiyinə inanmıram. Hələ də basketbol oynaya bildiyim və hədəfə doğru irəlilədiyim üçün Tanrıya minnətdaram.

- Daha əvvəl Gürcüstanda oynamısınız. Orada basketbolun səviyyəsi bura ilə müqayisədə nisbətən daha yaxşıdır. Bu mənada Azərbaycana gəlməklə karyeranızda geriyə addım atdığınızı düşünmürsünüz?

- Gürcüstan mənim üçün böyük təcrübə oldu. Şübhəsiz ki, orada rəqabətli liqa var. Amma Azərbaycanda oynamağın geriyə addım olduğunu deməzdim. Çempionatınız düzgün istiqamətdə irəliləyir. Burada oynamaq hekayəmin yalnız bir hissəsidir. Ümid edirəm ki, bu mövsümdən sonra daha çox basketbolçu bu ölkədə oynamaq istəyəcək.

- Ceysi Keroll və Çarli Deyvis kimi ABŞ əsilli draftı keçə bilməyən basketbolçular karyeralarını Avropada davam etdirdilər. Onlardan biri Türkiyə çempionatında, digəri isə İspaniyada çıxış edib və hər ikisi Azərbaycan millisini seçib. Sizə belə bir təklif gəlsə, düşünərdinizmi?

- Bu baş versə, sadəcə, qürur duyaram. Lakin qərar verməzdən əvvəl ailəm və agentimlə müzakirə edərəm.

- Azərbaycanda da perspektivli basketbolçular var. Məsələn, bu yaxınlarda Hüseyn Qaflanov Litvanın paytaxtı Vilnüsdə fəaliyyət göstərən NBA məktəbinə qəbul olunub. Gələcəkdə bu cür idmançıların NBA-da çıxış etmələri nə dərəcədə realdır?

- Hər şey mümkündür. NBA-da indi dünyanın hər yerindən basketbolçular oynayır. Luka Donçiç, Yannis Adetokunbo, Nikola Yokic və bir çox başqalarının NBA-dakı çıxışlarını izləyir, onların liqaya təsirini görürsünüz. Gələcəkdə azərbaycanlı basketbolçuların da ABŞ-da oynaması tam realdır.

- Hazırda Şəkidə, yoxsa Bakıda yaşayırsınız?

- Tez-tez paytaxta gedib-gəlirik. Ona görə də bu məsələ oyunun harada keçirilməsindən asılıdır. Amma ən çox Şəkidə oluram.

- Şəkinin təbiəti xoşunuza gəlir?

- Təbiəti gözəl, mənzərəli yerləri çoxdur. Şəkidə məşğuliyyət üçün çox şey olmasa da, fikrinizi tənzimləmək və bütün diqqətinizi basketbola ayırmaq üçün yaxşı yerdir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri