Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə R.Səfərov “Facebook” sosial şəbəkəsində status paylaşıb.
R.Səfərov barəsində yenidən həbs-qətimkan tədbirinin seçiləcəyini gözlədiyini bildirib.
Qeyd edək ki, yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R.Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəzlənməsi istənilib.
Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Məhkəmənin qərarına əsasən, R.Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.
Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.