13 
İyn
2017
17:39
83
34
3677
Virtual karabakh

“Rabitə işi”ndə qalmaqal: Vidadi Zeynalovun borcunun ödənilməsinə şərait yaradılmır

13 İyn, 2017
17:39
3677

“Rabitə işi”ndə qalmaqal: Vidadi Zeynalovun borcunun ödənilməsinə şərait yaradılmır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Vidadi Zeynalov borcun bir hissəsini ödəyib, lakin yerdə qalan pulun ödənilməsinə şərait yaradılmır”.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov Oxu.Az-a açıqlamasında belə deyib.

Məhkəmənin gedişatından narazılıq edən vəkil, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı qərəzli münasibətdən şikayətləndi: “Hüquqlarını müdafiə etdiyim şəxsin qohumlarına onun dövlətə vurduğu zərəri ödəməyə imkan verilmir. Vidadi Zeynalovun dövlətə vurduğu ziyan 7 milyon 200 min manat dəyərində hesablanıb. Bu məbləğin 3 milyon 105 min manatı ödənilib. Onun hazırda ödəməli olduğu məbləğ 4 milyon 95 min manatdır. Məsələn, zərərin ödənilməsi üçün digər həbs edilənlərə şərait yaradılıb, hətta bəzilərinin əmlakına qoyulan həbs məhkəmə nəticəyə gəlmədən götürülüb. Amma Vidadi Zeynalovun əmlakı hələ də həbsdədir. Əmlakın üzərindən həbs götürülsə, qohum-əqraba həmin əmlakı satıb, yerdə qalan pulu ödəyər”.  

Vəkil deyir ki, qohumları Vidadi Zeynalovun Korrupsiya ilə Mübarizə İdarəsi tərəfindən 14 milyon dəyərləndirlilən əmlakın borc əvəzinə dövlətin hesabına keçirilməsinə razıdırlar: “Bu 14 milyonluq əmlakı ya yerdə qalan 4 milyon manat borcun əvəzinə dövlətə keçirsinlər, ya da həmin əmlakın üzərindəki həbsi götürsünlər ki, qohum-əqraba satıb borcu ödəsin. Əslində, əmlak daha qiymətlidir, ən az 20 milyona satmaq olar. Bizim istədiyimiz odur ki, Vidadi Zeynalov azadlığa buraxılsın”.

Qeyd edək ki, “Rabitə işi” üzrə təqsirləndirilən şəxslərdən Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş mühasibi olmuş Anar Mustafayev də dəymiş ziyanı ödəyib. Onun ödədiyi məbləğ 567 min manatdır. Bir müddət əvvəl Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sədri olmuş Beytulla Hüseynov dövlətə vurduğu 10 milyon manat məbləğində ziyanı ödəyib.

“Rabitə işi” üzrə məhkəmədə dövlət ittihamçısı təqsirləndirilən B. Hüseynovun 15 il, V. Zeynalovun 14 il, A. Mustafayevin 8 il, Q. Bəybalayevin 10 il, E. Məmmədovla N. Məmmədovun hər birinin 12 il, M. Məmmədov, C. Cəfərov, S. Hümbətov, B. Vəliyev və O. Rüstəmovun isə hər birinin 5 il 11 ay 11 gün müddətinə şərti olaraq azadlıqdan məhrum olunmalarını istəyib.

Zülfiyyə Qurbanova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri