11 
Sen
2018
16:30
33
197
3260
Virtual karabakh

Narkoloji Mərkəzdə yanğın işi: Xəstələri pulsuz qəbul etmirdilər

11 Sen, 2018
16:30
3260

Narkoloji Mərkəzdə yanğın işi: Xəstələri pulsuz qəbul etmirdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə prosesi davam etdirilib. 

Oxu.Az-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin hüquqi varisi Hacımurad Sadəddinov ifadə verib.

O deyib ki, qardaşı Azər Sadəddinov hadisə nəticəsində yanaraq dünyasını dəyişib:

“Qardaşım ailəsi tərəfindən oraya yerləşdirilmişdi. Alkoqol alüdəçiliyindən əziyyət çəkirdi”.

Sübhan Quliyev də bildirib ki, qardaşı mütəmadi spirtli içki qəbul etdiyi üçün Narkoloji Mərkəzə yerləşdirilib:

“Xəstəni oraya yatırmaq üçün Azad həkimə 450 manat pul verdik. Pulsuz xəstələri qəbul etmirdilər. Bu pulu müalicə xərcləri adı ilə alırdılar”. 

Zərərçəkmiş şəxsin hüquqi varisi Rübabə İsmayılova qeyd edib ki, qardaşı mərkəzdə yanğın zamanı həlak olub:

“Orada qapını bağlayıblar və xəstələri qəsdən içəridə saxlayıblar. Çünki qardaşım ola bilməzdi ki, oradan çıxa bilməsin. Bu işdə günahkarlar kimlərdirsə, cəzasını almalıdırlar. Anlaqsız vəziyyətdə olan xəstələrə niyə nəzarət olunmayıb?!” 

Abdulla Əkbərov isə Tərlan adlı oğlunun mərkəzdə yandığını deyib. A. Əkbərov orda xəstələrin saxlanma şəraitindən şikayət edib:

“Türmə oradan yaxşı idi. Ora xəstəxana yox, heyvan tövləsi idi. Şərait çox bərbad idi. Ona görə də belə hadisə baş verdi”. 

Proses sentyabrın 14-də davam etdiriləcək. 

Qeyd edək ki, bu ilin martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Görülən tədbirlərlə Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub.

İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib.

Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini göstərib.

M.Məmmədov Cinayət Məcəlləsinin (CM) 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub.

Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev saxlanılıb və barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Etibar Məmmədov

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri