Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Məhəmməd Məmmədovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) və 186.2.2-ci (özgə əmlakını qəsdən məhv etmə), Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, əməyin təhlükəsizliyi üzrə mühəndis Mahir Abdullayevin CM-nin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) və həkim Afət Məmmədovanın CM-nin 311-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Oxu.Az-ın məlumatına görə, prosesdə təqsirləndirilən M.Abdullayev istintaqın və məhkəmənin düzgün, ədalətli aparılmamasına etiraz olaraq ötən gündən aclıq aksiyasına başladığını bildirərək, məhkəmə zalından çıxarılmasını istəyib.
Lakin o, zaldan çıxarılmayıb. Təqsirləndirilən Afət Məmmədova ittiham üzrə özünü təqsirli bilməyərək, qeyd edib ki heç kimdən rüşvət almayıb:
“Sadəcə, Məhəmmədin oğlunun xahişi ilə dükandan siqaret, çay alıb verirdim. Bilsəydim ki, buna görə məhkəmə qarşısına çıxarılacağam, heç vaxt etməzdim. Məhəmməd dayıya demişdim ki, səni evə yazacağam. Amma Mərkəzə gələndə qəbul otağında həkim mənə dedi ki, o, vəziyyəti ilə əlaqədar hələ burada qalmalıdır. Özünə bu barədə deyəndə sakit reaksiya verdi”.
Təqsirləndirilən T.Məmmədhəsənov və M.Abdullayev hazırkı mərhələdə ifadə verməkdən imtina ediblər.
Zərərçəkmiş Arifə Abbasova yanğında qardaşı Akifin, Məhbubə Dəmirova isə əri ilə onun əmisi oğlunun öldüyünü deyib:
“Ərim yanğından üç gün əvvəl orada müalicəyə başlamışdı. Deyirdi, qocalmışam, nəvəm olacaq, qoy, bu işlərin daşını atım. Gedəndə müalicə üçün 400 manat aparmışdı, yanğından sonra həkimlər onu özümüzə qaytardı”.
Zərərçəkmiş Hüseyn Səfərəliyev yanğından sağ çıxdığını bildirib. Onun sözlərinə görə, səhər ayaqyolundan qayıdanda dəhlizi tüstü bürümüşdü:
“Kimsə qışqırdı ki, “Mamed otağı yandırdı, su gətir”. Mən isə adamları oyatmağa qaçdım. Bizim korpusun bir qapısı mismarlanıb bağlanmışdı, ikincisi isə açıq idi. Xəstələr pəncərələri sındırıb çıxmaq istəyirdi. Bir nəfər var idi, elə qapının ağzında külə dönmüşdü. Mənim müalicəm üçün valideynlərim 600 manat vermişdi”.
Növbəti proses sentyabrın 7-nə təyin edilib
Rəylər